Növbəti “Art Zone Week” simpoziumu keçiriləcək Featured

Rate this item
(1 Vote)

İncəsənət aləmində qısa müddətdə xeyli nüfuz qazanmış “Art Zone Week” simpoziumunun növbəti - dördüncü dəfə keçiriləcəyi bəlli oldu. Bu dəfə rəngkarlar füsunkar dağlar qoynunda - Qusarda toplaşacaqlar. Simpozium dekabrın 20-dən 27-dək öz işini davam etdirəcək.
“Ədəbiyyat və incəsənət” portalı simpoziumun təşkilatçısı, tanınmış prodüsser Şakir Eminbəylidən tədbir barədə fikir almışdır. Şakir Eminbəyli əməkdaşımıza söyləmişdir:

-Postpandemiya dövrünə xoş gəlmisiniz” – son illərin ən böyük arzusu bəlkə də bu sözləri tələffüz etmək olardı. Təəssüf ki, hələ də dünya 21-ci əsrin bəlasından tam qurtula bilməyib və biz də qeyri-müəyyənliyin acısını-ağrısını çəkməkdə davam edirik. Amma, şər deməsən, xeyir gəlməz - sevindirici hal odur ki, geriyə dönüş də olmayacaq və addım-addım əvvəlki, gündəlik adi həyatımıza dönürük.
Ənənəvi olaraq, artıq 4-cü dəfə keçirilən “Art Zone Week” rəngkarlıq Simpoziumu söylənilən fikrin bariz nümunəsidir – biz şeytanın qıçını qırdıq və ölkəmizin tanınmış rəssamlarını növbəti dəfə bir məkana toplaya bildik. Köhnə dostlarımız - əsrarəngiz Şahdağın qoynunda yerləşən “Şahdağ” qış-yay Turizm mərkəzi Azərbaycanın adlı-sanlı rəssamlarını sevərək qarşılayır, yenidən onlara qucaq açır.
2021-ci ilin son həftəsi, dekabrın 20-dən 27-nə qədər müddətdə rəssamlarımız öz rəng dünyasını kətana köçürməklə ağappağ qara bürünmüş möhtəşəm Şahdağa rəng qatacaqlar. Burda yaranan əsərlər qışın sonuna qədər elə buradaca sərgilənəcək, uzaqdan yaxından gələn qonaqların zövqünü oxşayacaq. Turizm ölkəmizin qədim tarixinin, unikal coğrafiyasının, zəngin mətbəxinin nümayişi ilə bərabər, həm də mədəniyyətinin, incəsənətinin nümayişi üçün gözəl imkanlar yaradır. İnsan həm də mənəvi qidaya möhtacdır. “Art Zone Week”də mədəniyyətimizin tərkib hissəsi olan rəngkarlıq sənəti vasitəsi ilə fırça ustalarımızın həm özləri, həm də onların əl işləri ilə birbaşa təmas yaradırırq.
Bu dəfəki Simpoziumun qonağ olan rəssamların özlərinin də maraqlı qonaqları gözlənilir. Bunlar, ilk növbədə, Qusarın orta məktəblərində təhsil alan şagirdlər və rəssamlığa həvəs göstərən gəncləridir. Ənənə üzrə böyük sənətkarlar onlara “Ustad dərsləri” keçirəcəklər. Adlı sanlı rəssamlarla görüşün gənclərin həyatında yaşatdığı hissləri və buraxacağı izləri indidən söyləmək elə də çətin deyil – uğura aparan yolda motivasiya böyük önəm daşıyır.
Azərbaycanın dünya şöhrətli yazıçısı, məşhur detektiv ustası Çingiz Abdullayevi “Şahdağ”da xizəkçi geyimində görsəniz, təəccüblənməyin. O da “Art Zone”a öz ampluasınada – sevdiyimiz, hörmət bəslədiyimiz yazıçı olaraq rəngarəng edəcək, öz bənzərsiz çalarlarını qatacaq. Kitabdan söhbət açacaq Çingiz müəllim. Oxumaqdan, bilikdən, sağlam və normal insanın həyatında kitabın rolundan danışacaq Ustad. Təkcə o yox, həm də son illər ölkənin ən çox kitabları  satılan yazıçılarından sayılan Əlibala Məhərrəmzadə və Varis, eləcə də həyatını bu kitabların nəşrinə və təbliğinə həsr edən Şahbaz Xuduoğlu da Simpoziumun qonağı olacaq. Tarixi minilliklərlə ölçülən, mədəniyyətimizin ayrılmaz simvolu, qan yaddaşımız, milli kodumuz, milli kimliyimizin vacib elementi olan xalçalarımızdan bal kimi şirin nağıllar aləminə düşmək istəyənlər Şirin xanım Məlikovanın görüşünə tələssinlər. Azərbaycan Xalça Muzeyinin rəhbəri, ölkəmizi dünyanın hər bir yerində keçirilən beynəlxalq tədbirlərdə təmsil edən Şirin xanım xalça sənəti ilə rəssamlığın vəhdətindən danışacaq. Xalçalarımızı bizə bir daha, anlaşılan dildə tanıdacaq, sevdirəcək.
Qusarda, Şahdağın ətəklərində belə bir möhtəşəm Mədəniyyət və İncəsənət bayramının Azərbaycan Turizm Agentliyinin dəstəyi ilə burada yerləşən və mübağiləsiz olaraq ölkənin bir nömrəli Xizək Mərkəzi saylan “Şahdağ” yay-qış Turizm Mərkəzində baş tutacaq. “Şahdağ” “Art Zone Week” rəngkarlıq Simpoziumuna artıq ikinci dəfədir ki, ev sahibliyi edir. İnanırıq ki, bu xoş və gözəl ənənə uzun müddət davam edəcək, hamımız bir birimizin görüşünə sevərək, sevinərək gələcəyik.  

4-cü “Art Zone Week” Simpoziumunda iştirak edəcək rəssamları təqdim edirik: Azərbaycanın Xalq rəssamı Elyar Əlmirzoyev, Əməkdar rəssamlar  Vüqar Muradov, Eldar Qurbanov, Yelena Haqverdiyeva, İrina Eldarova, Məmmədhüseyn Hüseynov, tanınmış rəssamlar İlqar Tahiri, Anar Hüseynzadə, Emin Əskərov, Azər Əliyev, Rafail Əliyev, Diana Əliyeva, Ramina Saadatxan, Elşən Qaraca, Elçin Vəliyev, Bəhruz Kəngərli, Raul Hüseynov, Bayram Salamov, Röya Həsənova və Adil Yusif.