Xalq rəssamı Akif Əsgərov vəfat edib

Rate this item
(0 votes)

Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Görkəmli heykəltaraş, pedaqoq, Xalq rəssamı Akif İzzətulla oğlu Əsgərov 83 yaşında vəfat edib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin ünvanladığı başsağlığında deyilir. 

Mədəniyyət Nazirliyinin kollektivi Akif Əsgərovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

 

Qeyd edək ki, Akif Əsgərov 1940-cı ildə Naxçıvan şəhərində anadan olub. 1958-63-cü illərdə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirdikdən sonra 1963-69-cu illərdə İ. Repin adına Sankt-Peterburq adına Boyakarlıq, Heykəltaraşlıq, Memarlıq Akademiyasında M. K. Anikuşinin emalatxanasında təhsil alıb. Dəzgah və monumental heykəltaraşlıqla məşğul olub. 

1970-72-ci illərdə SSR Rəssamlar İttifaqının üzvü olub. 1986-cı ildə Zaqafqaziya Respublikaları Biennalisində qızıl medala layiq görülüb.

Heykəltaraşın işləri nəinki Azərbaycan muzeylərində, həmçinin müxtəlif ölkələrin muzeylərinin daimi ekspozisiyalarını bəzəyir. Əsərləri Fransa, Almaniya, ABŞ, Türkiyə və İngiltərədə şəxsi kolleksiyalarda saxlanılır. Bunlardan Volqoqrad İncəsənət muzeyində saxlanılan “Mənim qızım” və Moskvada Tretyakov qalereyasında saxlanılan “Hüseyn Cavid” heykəllərinin adını çəkmək olar.

Bundan əlavə Akif Əsgərov “İblis”, “Topal Teymur”, “Şeyx Sənan” heykəllərinin müəllifidir. O, 2018-ci ildə Azərbaycanın Xalq rəssamı fəxri adına layiq görülüb.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(20.11.2023)