“Artım” layihə məkanında açılan rəssamların qrup sərgisi davam edir

Rate this item
(0 votes)

YARAT Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə “Artım” layihə məkanında açılan Azərbaycanın gənc rəssamlarının “Guilty pleasure” (“Müqəssir zövq”) adlı qrup sərgisi davam edir.

 

Bildirək ki, sərginin diqqət mərkəzində bütün cəsarəti və qabarıqlığı ilə bayağılıq dayanıb. “Guilty pleasure” sosial termindir və bir qayda olaraq, bizdə cüzi günahkarlıq hissi doğuran həzzverici duyğuya verilən addır. Sərgi “kitç” (yəni, bayağılıq, zövqsüzlük), orijinallığın təqlidi və konsümerizm mədəniyyəti vasitəsilə daim inkişaf edən populyar estetikanı böyük maraqla araşdırır, “ənənəvi zövq” və “orijinallıq” anlayışlarını şübhə altına qoyur.

Ekspozisiya bu bayağılığın inkaredilməz qlamurluğunu qeyd edərək, onun çoxşaxəli xarakterini araşdırır. İfrat dərəcədə istehlak və kütləvi istehsal dövründə, yüksək dəyərlər və kitç arasındakı ənənəvi sərhədlər silinir. Sərgi səthi amilləri qabardaraq, “şişirdilmiş sentimentallıq”, “ani emosional məmnunluq” və “səysiz istehlak” anlayışlarını ironik tərzdə önə çıxarır.

“Guilty pleasure” təsbit edilmiş dəyər və estetik normalara qarşı incə bir istehza olmaqla, seyrçiləri “o qədər pisdir ki, yaxşıdır” paradoksunu götür-qoy etməyə dəvət edir. Bu fikri davam edən ekspozisiya zövqlə bağlı ənənəvi təəssürata meydan oxuyur və şəxsi qərəzləri araşdırmağa, özünü “məqbul və ya arzuolunan” kimi qələmə verən mədəni gözləntilərlə üz-üzə dayanmağa sövq edir. Məqsəd estetika vasitəsilə sosial kontekstdə fərdi identiklik, həyat tərzi, adət-ənənələr, “pop” mədəniyyəti və dəyər sistemləri arasındakı mürəkkəb əlaqələri qarşı-qarşıya qoymaq, həmçinin seyrçiləri eyni anda güldürmək, eləcə də qıcıqlandırmaqla, şıltaq, ekssentrik, şən, oynaq olmağa sövq etməkdir.

Qeyd edək ki, sərgi sentyabrın 3-dək ziyarətçilər üçün açıqdır.

 

“Ədəbiyyat və incəsənət”

(31.08.2023)