Kennet Blanşar: “İçimizdə heç kəs təklikdə bizim cəmimizdən ağıllı ola bilməz” Featured

Professor Əlibala Məhərrəmzadə “Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsini təqdim edir. Uğur şərtləri barədə danışmaqda davam edirik. Burada, əsas yerlərdən birini də kitablar tutur.

 

Zaman-zaman ən yaxşıların seçimini etməyə ən müxtəlif mənbələr cəhd göstəriblər. Onların ən nüfuzlularını qruplaşdıranda (bu qruplaşmada tiraj, satış həcmi, yayıldığı areal, buraxdığı iz və s. əsas götürülür) kitab mağazalarındakı yüzlərlə rəngbərəng cildlərin içində azmayaraq «nəyi və niyə oxumaq» sualına mütləq cavab tapmaq mümkün olur.

Biz biznesdə, peşə fəaliyyətində uğur qazanmağın yolunu göstərən ən çox tələb olunan kitablardan 10-na nəzər yetirdik. İndi də gəlin, ümumiyyətlə adi insanı uğurlu insana çevirən, insanın düşüncə tərzini, adət və xasiyyətini, xarakterik cəhətlərini dəyişən ən populyar kitablardan 10-na nəzər yetirək.

Bu kitablar, əziz oxucularım, insanlara düzgün istiqamət verir, sürətli və keyfiyyətli dəyişikliklərə bir təkan olur.

Beləliklə, seçdiyim növbəti 10-luğu sizlərə təqdim edirəm.

1-9-cu yerləri ötən günlərdə sizlərə təqdim etmişdik. Bu dəfə 10-cu yerlə tanış olun.

 

1.Entoni Robbins. «Özündə nəhəngi oyat»

2.Robin Şarma. «Titulsuz lider»

3.Bodo Şefer. «Qaliblərin qanunları»

4.Tom Piters. «Özünü brendə çevir»

5.Con Maksvell. «Uğurlu insanlar necə düşünür”

6.Marşal Qoldsmit. «Başından uca tullan»

7.Brayan Treysi. «Maksimuma çatmaq»

8.Devid C.Şvarts. «Masştablı düşünmək sənəti»

9.Norman Vinsent Pil. «Pozitiv düşüncənin gücü»

----------------------------

10. Kennet Blanşar. «Bir dəqiqəyə menecer olmaq”

 

Bu kitabı oxuyan milyonlarla insan qarşılarına çıxan ən mürəkkəb sualları və məsələləri həll etməyi öyrənir. Onlar həyatlarındakı streslərdən qaçmağı bacarır, daha az vaxt sərf etməklə daha çox iş görürlər.

Amerikalı motivasiya spikerinin bu əsəri 13 milyon nüsxədə satılıb, 3 dilə tərcümə edilib. Ümumilikdə 30 (!) motivasiya bestselleri müəllifi olan Kennet Blanşar həyat yoldaşı ilə birgə «Ken Blanchard Companies»i təsis edib, O, burada həm konsaltinq xidmətləri göstərir, həm də beynəlxalq səviyyəli idarəetmə kadrları hazırlayır.

Qeyd dəftərimə Kennet Blanşardan da olduqca gözəl kəlamlar seçib yazmışam:

 - Rəqibin sizdən ala bilməyəcəyi yeganə şey sizin işçilərlə sizin müştərilərin münasibətidir.

 - Problem yalnız o zaman mövcud olur ki, faktiki olaraq baş verənlərlə sizin baş verməsini arzuladığınız şey fərqli olur.

 - Məqsədlərdən davranış doğur. Nəticələr davranışı dəstəkləyirlər.

 - Hər bir insan potensial qalibdir.

 - Səhv buraxarkən özünə gülə bilmək bacarığı çox qiymətli xüsusiyyətdir. O, sənə heç nə olmayıbmış kimi işinə davam etməyə kömək edir.

 - Özlərini yaxşı hiss edən insanlar yüksək nəticələr əldə edirlər.

 - İçimizdə heç kəs təklikdə bizim cəmimizdən ağıllı ola bilməz.

***

Əziz oxucum. Mən sizə uğur qazanmaq sirlərini açan yüzlərlə, minlərlə kitablar arasında seçdiyim 20 kitabı təqdim etdim. Əsər boyu başqa motivasiya kitablarından da söz açacağam. Onları mütləq oxumağınız məsləhətdir. Ümumiyyətlə, kitab oxumaq vacib bir məşğuliyyətdir. Kitablar insanı kamilliyə aparır. Uğura yol isə, şübhəsiz, kamillikdən başlayır.

Bu yerdə az sonra dəyərli fikirlərindən seçmələr təqdim edəcəyim Robin Şarmadan bir gözəl sitat gətirmək istəyirəm: «Sənin beş ildən sonra necə biri olacağını iki əsas faktor müəyyənləşdirir: sənin ünsiyyətdə olduğun insanlar, bir də sənin oxuduğun kitablar!»

Haydı, kitabxanalara, kitab mağazalarına, əziz oxucularım!

 

“Ədəbiyyat və incəsənət”

(19.05.2023)