80 ilin məktubları Featured

 

Ötən gün Qələbə gününü qeyd etdik. Bu münasibətlə “Ədəbiyyat və incəsənət” portalı əməkdaşı Aida Eyvazlının cəbhə məktublarından biri barədə yazısını diqqətinizə çatdırır.

 

Bu məktub cəbhədən gəlib. İndi 80 yaşı var. Onu yazan, atamın dayısı Ağaşahın bəlkə də bu səlist və səliqəli məktubu yazanda 20 yaşı olub. Şamaxının  Zarat-Xeybəri kəndində müəllim işləyən gənc Ağaşah, o cümlədən kəndimizin nə qədər cavanları  Sovet İttifaqının Vətən müharibəsinə getdilər... qayıtmadılar.  Ağaşah müəllimin əlimizdə heç şəkli də yoxdur ki, baxanda deyək ki, bu kişi bizim babamız idi. Özündən sonra övladları da qalmamışdı. Vətən müharibəsinə Ağaşahın qardaşı Babaşah da getmişdi. Heç birisi o döyüşdən dönmədilər.

Göz yaşları içərisində oxuduğum bu "Son məktubu" mənə nəsil şəcərimizin bir yarpağı olan Gülşən Əhməd gətirib. Gülşənin babası Dədəşah dayı atamın sağ qalan yeganə dayısı idi. Bu igid oğlanların atası, babamız Musavatçı Mustafa  Ağayev isə Nuru Paşanın ən yaxın silahdaşı idi.  Həəə... Gəlin görək, döyüşçü  Ağaşah səngərdən nə yazırdı:

"Əziz və hörmətli qardaşım Dədəşah! Əvvəla biləsiniz ki, bu balaca məktubu siz əzizlərimə yazana kimi çox şükür Xudaya,  sağ salamat olub, şad yaşamaqlarınızı Xudadan arzulayıb, Pürhani Lələmə-anama, Xanbikə, Ağasəf, Əlsafaya, Mehdiquluya, Şah bacıma, Hənnətə və uşaqlarına, bacım-Zərif Ceyrana, bacım Şüşəxanım və tifil Tamaraya, Soltanmahmud kişiyə və bütün külfət uşaqlarına çoxlu salamlarım var.  Sevimli qardaş Dədəşah və əziz Lələm(Lələ- Mustafa babanı belə çağırırdılar uşaqları), biləsiniz ki, mən sizdən yenə məktub almadım. Bilməyirəm, Allah eləməmiş sizlərə nə olmuşdur ki, mənə siz kağız yazmaq istəməyirsiniz. Amma biləsiniz ki, mənim işim yaxşı olanda hər gün sizlərə 3-4 məktub yazıb, göndərirəm. Daha bilməyirəm, sizlərə çatır, yoxsa çatmayır. Sizdən xahiş edirəm ki, bu məktubum sizə çatan kimi qısaca cavabını yazıb mənə göndərəsiniz.

Daha mən sizlərə nə yazım, sizdən məktub almayıram ki, cavabınıza da çoxlu sözlər yazım. Bununla məndən bütün qohum-qardaş və dostlara, bütün kəndin kolxozçu kişi, qadın və uşaqlarına və bu məktubumu oxuyarkən maraqlanıb, yanınızda durub qulaq asanlara da üstəlik məndən çoxlu salamlar. Qardaşın Ağaşah.  14.08.43".

 

Bax, beləcə babamızın 1943-cü ildə yazdığı bu səlist və savadlı məktubu kəndimizə 8 ay sonra çatır.  Dədəşah dayı danışardı ki, heç onlar özləri də qardaşına mütəmadi məktub yazardılar, lakin Şamaxının bu ucqar dağ kəndindən yazılan məktublar ünvana çatmırmış. O vaxtlar bu kəndə maşın işləmirdi, gediş-gəliş də atla idi. Mənfur Sovet İmperiyası aydınlarımızı Vətən müharibəsinə borclu kimi aparırdı. Onun ailəsi, övladı, kəndi isə onu düşündürmürdü. Kəndlərdə isə kolxozçu qadınlar cəbhədəkilər üçün yorğanlarının yunundan corab toxuyurdular.

Şah nənəm Qızdarağa bu məktubu alıb kənddə əl-əl gəzidirib şah qardaşı Ağaşahı belə ağlamışdı:

Qardaş kişmiş kimidir,

Cibə düşmüş kimidir.

qardaşı ölən bacı,

Gözdən düşmüş kimidir...

Bax, belə bu da bizim nəsil şəcərəmizdən olan bir qəmli həyat hekayəti.

 

“Ədəbiyyat və incəsənət”

(10.05.2023)