Ən uğurlu insanların ümumi olan 9 vacib xüsusiyyəti Featured

Rate this item
(0 votes)

 

Professor Əlibala Məhərrəmzadə “Ev tapşırığı: Uğur düsturunu tapacağıq”  layihəsini sizlərə təqdim edir

 

Bu gün təqdim  edəcəyin uğur formulunu Amerikanın Qellap institutunun alimləri ortaya qoyublar. Bu uğur formulu «Amerikada kim kimdir» adlanan məlumat kitabındakı 1500 məşhur insanın respondent qismində sorğu-sual edilərək mövqeyinin, xarakterik əlamətlərinin araşdırılması nəticəsində ərsəyə gəlib. Araşdırma ən uğurlu insanlarda 9 ümumi vacib xüsusiyyət ortaya çıxarıb ki, bu xüsusiyyətlərin cəmini də Qellap institutu alimləri uğur formulu kimi təqdim ediblər:

1.     Sağlam fikir.

Rəyi soruşulanlar arasında sağlam fikrə malik olmaq ən çox yayılmış xüsusiyyətdir. Respondentlərin 61 faizi bildirib ki, sağlam fikir onların uğur qazanmasında çox vacib faktor olub.

Çoxları üçün sağlam fikrə malik olmaq – gündəlik işlər barədə optimal və konkret qənaətəgəlmə anlamı verir. Bunun üçünsə bütün kənar fikirləri kənara atıb bu və ya digər hadisənin kökünə baxa bilmək vacib şərtdir. Bəs sağlam fikrə malik olmaq anadangəlmə keyfiyyətdir? Respondentlərin fikrincə, bu keyfiyyəti insan özü özündə inkişaf etdirməlidir. Ona malik olmaq yollarından biri də başqa insanların təcrübəsindən, eləcə də öz səhvlərindən öyrənə bilmək bacarığıdır.

2.     Öz işinin bilicisi olmaq.

Səsvermədə ikinci yer tutan xüsusiyyət. Məşğul olduğun işi dərindən bilmək qədər heç bir şey uğur qazanmağa kömək edə bilməz. Bu, sənin biliklərinin sığortalanması, mövcud risklərin minimum səviyyəyə düşməsi deməkdir. Peşəkar bilikləri almaq prosesi daim, hətta ən yüksək zirvələri fəth etdikdən sonra da davam edir.

Uğur qazanmaq üçün bunu inadla istəməli, qazananda isə qoruyub saxlamağı bacarmalısan.

3.     Öz gücünə inam.

Böyük uğur qazanan insanların əksəriyyəti, əsasən, öz qabiliyyət və bacarıqlarına, bir sözlə, öz baqajlarına güvənirlər. Bu güvənmə öz gücünün təsdiqi ilə yanaşı, həm də cəsur hərəkətlərə doğru qətiyyətli irəliləyiş əzmi də gətirir. Bilik və bacarıqla yanaşı məqsədə çatmaq üçün saatlarca usanmadan, inadla işləməyə dözüm və iradə də lazımdır.

4.     Yüksək səviyyə.

Nailiyyətlər əldə etmək üçün yüksək inkişaf səviyyəsinə malik olmanın da əhəmiyyətli rolu var. Bu səviyyəyə çatmaq – mürəkkəb konsepsiyaları cəld mənimsəmək, onların sürətli və dəqiq analizini apara bilmək üstünlüyü verir.

Respondentlərdə yüksək inkişaf səviyyəsini təmin edən üç element olaraq isə bunlar müəyyənləşdirilmişdir: dərin söz ehtiyatı, yaxşı mütaliə qabiliyyəti, yaxşı yazma qabiliyyəti. Məlum olmuşdur ki, sorğuya ayrılan bir il ərzində respondentlərin hər biri orta hesabla 19 kitab oxumuşlar ki, bunların da 50%-i bədii ədəbiyyat olmuşdur.

5.     İşi sona çatdıra bilmək qabiliyyəti.

Bu xüsusi qabiliyyət də uğurlu insan olmaq üçün ən vacib qabiliyyətlərdən hesab olunur. Qarşıya qoyulan məqsədə özünü tam həsr etmək – uğurlu nəticəni təmin edən şərtlərdən ən başlıcaları sırasındadır.

Rəyi soruşulanların böyük əksəriyyəti özlərinin işi sona çatdıra bilmək qabiliyyətlərinin üç keyfiyyət hesabına formalaşdığını etiraf ediblər: təşkilatçılıq istedadı, yaxşı iş vərdişləri və əzmkarlıq.

Məsələn, bir fizika üzrə professor öz uğur formulunu belə izah edib: «Gərgin əmək+özünçün bu əməyin ritmini qura bilmək qabiliyyəti».

Həmin professor etiraf edib ki, həftədə 100 saat işləyir.

Qellap institutu alimləri bu 5 əsas faktordan başqa uğura zəmin yaradan 4 köməkçi faktorun da adlarını çəkirlər;

6.     Rəhbərlik edə bilmək qabiliyyəti;

7.     Yaradıcı potensial;

8.     Kolleqalarla qarşılıqlı münasibət;

9.     Bəxtigətirmə.

Amerika alimləri ortaya çıxardıqları uğur formulunu öyrənə biləcək və təqdim etdikləri şərtlərlə təklif edəcəyi şərtlər üst-üstə düşən hər bir iddialı şəxsə tezliklə «Kim kimdir» məzmunlu kitablara düşməyi arzulayırlar.

Gözəl arzudur, əlbəttə.

 

“Ədəbiyyat və incəsənət”

(24.12.2022)