Marta Bekdən 3 əsas addım Featured

Rate this item
(0 votes)

Professor Əlibala Məhərrəmzadə “Ev tapşırığı: Uğur düsturunu tapacağıq”  layihəsini sizlərə təqdim edir

 

 

Tərar biliyin anasıdır. Mən indiyədək müxtəlif elmi mənbələrə müraciət edərkən bir neçə maraqlı uğur formulası ilə tanış olmuşam. Onlardan biri məşhur amerikalı psixoloq və kouç Marta Bekin formulasıdır. Bu formula rast gəldiyim ən bəsit, ən rahat, ən yaddaqalan formula olduğu üçün ilk olaraq oxucularıma onun barəsində danışmaq istəyirəm.

Marta Bek tövsiyə edir ki, uğur qazanmaq üçün özünüzü elə aparmalısınız ki, sanki sizə heç bir uğursuzluq təhlükəsi yoxdur. Bundan sonra isə sizi qarşıda üç addım gözləyir:

 1. Birinci addım susmaqdır.

Nə? Susmaq? Bəli, bəli, məhz susmaq!

Şəxsi problemləriniz, gələcək plan və perspektivləriniz barədə heç vaxt dostlarınızla, digər yaxınlarınızla danışmayın. Bununla siz özünüzü həm başqalarının ziyanlı məsləhətlərindən sığortalayacaqsınız, həm də uğursuz insanların həyatlarının acı əhvalatlarını eşidib yolunuzdan sapınmayacaqsınız.

 2. İkinci addım əzmlə çalışmaqdır.

Tənbəllik, qətiyyətsizlik sizə yad olmalıdır, arzularınız üçün gücünüzü tam səfərbər edib çalışmalısınız, dözümlü, qətiyyətli, əzmli olmalısınız. Hər gün məqsədə doğru kiçik olsa belə bir addım atmalısınız.

 3. Üçüncü addım oynamaqdır.

Oynamaq? Uğur formulasından danışarkən hansı oynamaqdan söhbət gedə bilər?

Monoton, ağır iş istənilən insanı əvvəl-axır yorur. Yorğun halda işləmək isə həm kəmiyyətə, həm də keyfiyyətə mənfi təsil göstərir. Elə ki yorulduğunuzu hiss etdiniz, dərhal işdən ayrılıb fasilə edin və oynayın. Amma söhbət ənənəvi stolüstü oyunlardan, yaxud indi stixiya şəklini almış kompüter, mobil telefon oyunlarından getmir. Söhbət təxəyyül və düşüncə oyunundan gedir. Arzuladıqlarınızın hamısının xəyalınızda rəsmini çəkin. Özünüzə arzular kollajı düzəldin. Xəyalən arzularınıza qovuşun. Bu, sizə o qədər stimul verəcək, sizə o qədər enerji bəxş edəcək ki. Bax bu enerjini hiss edəndə isə yenidən öz uğurunuza doğru addımlamağa davam edin!

Marta Bekin uğur formulası cəmi bu üç addımdan ibarətdir və qeyd edim ki, məşhur psixoloq bu uğur formulasını öz şəxsi yaşantıları, keçdiyi uzun və təlatümlərlə dolu yola istinadən yazıb.

Və dərhal da bir insanın həyat təcrübəsindən yaranan fərdi uğur formulası nümunəsindən sonra sizə minlərlə insanın həyat təcrübəsindən yaranan kollektiv uğur formulu nümunəsi təqdim etmək istəyirəm. Çünki, əziz oxucu, biləsiniz ki, uğurlu insan olmaq, lider olmaq təlimlərinin hamısı, ümumən bütün motivasiya ədəbiyyatı ya bir nəfərin öz şəxsi həyat təcrübəsinə əsaslanan avtobioqrafik səciyyə daşıyır, ya da bir neçə nəfər barədə olan araşdırmalardan qaynaqlanır.

 

“Ədəbiyyat və incəsənət”

(23.12.2022)