Şəhidlər barədə şeirlər - Vüqar Ələkbərov

 “Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.

 

 

Şəhid Vüqar Ələkbərov

 

 Vüqar Ələkbərov 1994-cü il noyabrın 16-da Ucar rayonunun Qazyan kəndində anadan olub. 2001-2010-cu illərdə Qazyan kənd 2 nömrəli tam orta məktəbində təhsil alıb. 2010-2014-cü illərdə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində "Avtomobilin təmiri və servisi" üzrə təhsil alıb.

2014-cü ilin iyul ayında Ucar rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırıldı. 2014-2016-cı illərdə Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının "N" saylı hərbi hissəsində xidmət edib. Hərbi xidməti zamanı fərqləndiyinə görə "baş əsgər" hərbi rütbəsi alıb.

Hərbi xidmətini başa vurduğdan sonra Vüqar Ələkbərov 2016-cı ilin yanvarından Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bərdə rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmətə başlyıb. 2017-ci ilin yanvar ayında Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsində (XTD) xidmətini davam etdirib. Həmin ilin fevral ayında isə xidmətini Daxili Qoşunlarının Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissəsində davam etdi. 2017-ci il mayın 29-da nümunəvi xidmətinə görə "kiçik gizir" hərbi rütbəsi alaraq İriçaplı Pulemyot Yarımqrupunun Komandiri vəzifəsinə təyin edilib.

Vüqar Ələkbərov 2018-ci ildə "gizir" hərbi rütbəsi aldı və bir il sonra, 2019-cu ildə Xüsusi Təyinatlı Dəstənin zirehli maşınlar üzrə rəhbəri vəzifəsinə təyin edilib.

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının giziri olan Vüqar Ələkbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağı istiqamətində gedən döyüşlərdə, həmçinin CəbrayılınHadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Füzuli istiqamətində strateji əhəmiyyətə sahib olan mövqelərin azad edilməsində, o cümlədən Ermənistan Ordusunun canlı qüvvəsinin məhv edilməsində fərqlənib. Vüqar Ələkbərov oktyabrın 12-də Füzuli döyüşləri zamanı şəhid olub. Ucar rayonunun Qazyan kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Ələkbərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Ələkbərov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vüqar Ələkbərov ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

AdınVüqar, vətənin

Vüqarısan, şəhidim!

Azadlığın, zəfərin

Nübarısan, şəhidim!

 

Şəhidsən, bumillətin

And yeri, aman yeri!

Nə qədər ki, zaman var

Andığı zaman yeri.

 

Havalar soyuq keçir,

Necəsən, şanlı şəhid?

Nişan üzüyün hanı,

Hanı, nişanlı şəhid?

 

Bir qızın barmağında

Bir üzüyün izisən.

Vətənin sinəsində,

İgidliyin özüsən.

 

İndi sənin adından

Vətən güc alır, şəhid!

Şuşada, Cəbrayılda

Bayraq ucalır, şəhid!

 

Sən vətənə borcunu

Qaytarmısan, vermisən,

Şəhidlik meyvəsini

Cənnətindən dərmisən.

 

İndi bizim borcumuz

Səni yaşatmaq olsun,

Hamımız fəda olaq,

Təki Vətən sağ olsun!

 

 “Ədəbiyyat və incəsənət”

(23.07.2024)