Bir intiharın ildönümü - ACİ HEKAYƏT Featured

Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

Faktla bağlı araşdırma aparılır..?

-Danışır Bakı televiziyası. Mən həmvətənliniz Səlimə Yaqubqızının təqdimatında günün ən aktual xəbərləri ilə qarşınızdayıq...

 

-Ay Gülçöhrə bacı, eşitdin Səlimin qızı özünü öldürübeey..

-Bıy a bacı, nə danışırsan, o ki cavan, gözəl-göyçək bir qız uşağı idi.

-Hə ay bacı, dünən səhər asıb özünü, bu gün getmişdim başsağlığı verim, yazığ Ülkərlə Səlimin öyü yıxılıb. Ülkər yazıq bir gecənin içində 10 yaş qocalıb elə bil. Hələ Səlimi demirəm, kişinin ağlamağdan gözləri qan çanağına dönüb.

-Ayqız nə danışırsan, bəlkə qızın nə isə zibil işi olub?

-Yox ay bacı, ölünün haqqına girməyək, gül kimi qız uşağı idi.

-Xanımlar zəhmət olmasa səssiz olun, xəbərlərə baxıram.

-Ay kişi, xəbər budeey, burnunun dibində, cavan qız uşağı özünün öldürüb, sən nə xəbər-xəbər salmısan?

-Gülçöhrə səssiz ol, xəbərlər başladı..

 

-Bu gün Abşeron rayonu Biləcəri qəsəbə sakini 17 yaşlı Lalə Səlim qızı Şahbazova naməlum səbəblərdən dolayı intihar edib, polis dərhal hadisə yerinə müdaxilə edib və faktla bağlı cinayət işi açılıb...

Belə, keçək günün qaynar xəbərinə, gündən-günə çiçəklənən Azərbaycan Resp........

 

-Ay kişi sən də qəribəsəne vallah, bayaqdan xəbər deyib durmusan, indi niyə televizoru söndürdün.

-Gülçöhrə, məgər sən mən baxan xəbərə baxmırdın, televizorda Səlimin intihar edən qızını göstərib ardından çiçəklənən Azərbaycan deyir. Ölkə çiçəklənir, amma ölkənin hər yerində bir çiçək solur. Saymışam, Lalənin intiharı ilə birgə bu ay ərzində 17ci intihar hadisəsidir bu. Bizim aidiyyatı qurumlar isə hələ də, faktla bağlı araşdırma aparırlar.

-Düz deyirsən ay kişi, durum bir çay süzüm.

 

 

23.07.2022-Bəlkə gözəl olardı..

Mənim adım Lalədir, mənim 17 yaşım var və bu il universtitet imtahanlarına hazırlaşırdım, əksər həmyaşıdlarım kimi mən də ali məktəbə qəbul olub, ali savadlı diplomlu bir qız kimi ailəmin fəxri olmaq, özümdən balaca iki qardaşıma nümunəvi bacı olmaq  istəyirdim. Anamın xəyalı qohumlar arasında danışanda diliuzun olması üçün, diplomlu, ali təhsilli gəlin köçürtmək idi məni. Atam da düz 3ildir ki məni kəndimizin ən seçilən müəllimlərinin yanına hazırlıqlara göndərirdi, o da istəyirdi ki, ən azı bir yerə girib tökdüyü pulları heyif etməyim.

Bir həftə öncə imtahan nəticələrimiz açıqlandı. Qohumların, müəllimlərimin, qonşuların ardı-arası kəsilməyən zəng və mesajlarına verə biləcəyimiz baş ucaldan cavab yox idi. Mən qəbul ola bilmədim. İmtahan balım olması gərəkəndən biraz az olduğu üçün tələbə adından məhrum oldum. Mirzə əminin oğlu Mahmud isə düz 675 balla Bakı Dövlət Universtitetinin Hüquq fakultəsini qazanmışdı.

Bir anda bütün ev başıma yıxıldı sanki.

Atamın şilləsindən üzümü hiss edə bilməz halda ikən, anamdan eşitdiyim “səni Allah öldürsün,adın qara daşlara yazılsın” sözü mənə şillədən də ağır təsir etmişdi.

Düz bir həftə otağıma həbs edildim, atam telefonumu alıb sındırdı. Hər gün eşitmədiyim söz qalmırdı. Qardaşlarım Muradla Tehran belə gedib-gəlib məzəmmət edirdilər. Dünən ilk dəfə idi ki, atam məni süfrəyə çağırdı. Artıq anam da, atam da sanki adam öldürmüşəm, hansısa pis iş görmüşəm kimi hadisəni ört-basdır etmək üçün bir qərar veriblər. Ağcabədidə Faiq kişinin 34 yaşlı dul baytar oğluna gəlin gedəcəm. İki gün sonra nişanım olacaq. Barı özüm özüm üçün bir şey edə bilmirdim, qoy ailəm mənim  bu rüsvayçılığımı ört-basdır eləsin. Səhər-səhər süfrənin bir küncündə əyləşən zaman deyilən sözlər qədər qəlbimi heç nə yaralaya bilməzdi.

Artıq hər şeyi anlamışdım. Mən ailəm üçün yük idim, evdə bir artıq, üz qarasından başqa bir şey deyildim.

Anamı qohum-qonşu yanında başıaşağı etmişdim. Atam isə heç mənim kimi övladı olmamışcasına sanki evdə artıq bir varlıq imiş kimi davranırdı mənlə. Hər ikisi haqlı idi, o qədər pul, əzab-əziyyət hədər olub getmişdi, mənə tökülən pullarla bir kişi gəlin köçürdə bilərmiş.

Bəli mən sevgiyə layiq deyiləm, bəli mən ailəmə layiq övlad olmadım, bəli mən uğursuzluğuma rəğmən sevilmədim.

İndi isə sizə bir hədiyyəm olacaq. Ana, narahat olma, ilk dəfə arzunu yerinə yetirəcəm, adımı qara daşlarda görəcəksən ana, ata, sən də sevin, Mirzə əmi oğlu ilə öyünəndə sənin başın mənə görə aşağı əyilməyəcək. Sizə cəsədimi hədiyyə edib gedirəm, buludlardan sevinc göz yaşlarınızı seyr edəcəm daima.

Siz mənim yanımda olsaydınız, mənə dəstək olub məndən ilk uğursuzluğumda vaz keçməsəydiniz, bəlkə hər şey gözəl olardı. Bundan sonra mən yoxam, bəlkə hər şey gözəl olmadı, amma məndən sonra hər şey gözəl olacaq. Sizə layiq ola bilmədiyim üçün məni bağışlayın, sizi sevirəm...

 

Faktla bağlı cinayət işi açılır, müəyyən araşdırmalar aparılır və "əsaslı"dəlil olmadığı üçün Səlim kişi sağ-salamat evinə qayıdır..

 

40 gün sonra artıq hər şey unudulmuş olur. Hər kəs bir qənaətə gəlib, intihar edən hər zaman ən günahkar və ən iradəsiz bəndədir, valideyn istədiyi əməli edə bilər, tərbiyəsi olan övlad əməlindən peşman olub hər şeyə dözməlidir, günahı olmayan özünü öldürmək istəməz...

 

Həyat qaldığı yerdən davam edərkən, çiçəklənən diyarın hər guşəsində bir çiçək solur. Bəzilərimiz isti yerimizdən ağız dolusu ölünün günahına girib rəy yazır, bəzilərimiz günah keçisi axtarır, bəzilərimiz heçnə hiss etmədən sadəcə oxuyub keçirik. Neçə-neçə Laçınlar torpağın altında intihara qurban gedərkən, neçə-neçə Lalələr yaşarkən intihar etmişdi.

Nə qədər ki,

mental qəliblərdən çıxa bilməyəcəyik, nə qədər ki, el-oba nə deyəri övladından üstün tutan valideyinlər öz bacara bilmədiklərinə, yaşanılmayan xoşbəxtliklərinə sipər olaraq övladlarını tutacaq, ana qucağına həsrət gəncləri torpaq bir-bir qucaqlayacaq.

Bu, ilk intihar deyildi, necə ki, sonuncu da olmayacaq. Hələ çox faktlarla bağlı araşdırma aparılıb, cinayət işi açılacaq.

 

“Ədəbiyyat və incəsənət”

(23.07.2024)