1924-cü ildən üzü bəri - düz 100 ildir! Featured

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Bu dəfə "Yaradıcılıq emalatxanası" rubrikasının qonağı Salyan rayonunun ictimai siyasi “Qələbə" və müstəqil "Ana Kür" qəzetıərinin, " Anakur.az" saytının baş redaktoru, "Ana Kür" Ekoloji Problemlərin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri,

"Tərəqqi" medalı, "Ali Media" mükafatı laureatı, AJB və AYB- nin üzvü Rüstəm Məlikovdur.

 

-Milli mətbuatımızın 149- cu ildönümündə görüşürük, dəyərli Rüstəm bəy, sizinlə. Milli mətbuatımızda öz sanballı çəkisi olan, milli ideologiyamızın inkişafında xüsusi rolu olan "Qələbə" qəzetinin də 100 yaşı qeyd edildi. Məlumdur ki, Əli bəy Hüseynzadə, Əlövsət Quliyev, Xəlil Rza Ulutürk, Əliağa Kürçaylı, Aşıq Pənah, Oqtay Rza və başqa şəxsiyyətlərin həyat və yaradıcılığı barədə ilk olaraq " Qələbə" qəzeti yazmışdır.

Bəs Rüstəm Məlikov üçün 

"Qələbə" qəzeti nəyi ifadə edir, hansı duyğuları oyadır?

 

- Salam, Azərbaycan mətbuatı özünün növbəti təqvim ilini- 149- cu yaşını qeyd edir, bu Azərbaycan ictimai fikir tarixində, söz tarixində və milli mənəvi dəyərlərin, şüurumuzun inkişafı nöqteyi-nəzərindən çox əlamətdar bir hadisədir. 149 il əvvəl Həsən bəy Zərdabinin redaktorluğu ilə işıq üzü görən “Əkinçi" qəzeti az ömür yaşasa da, onun səpdiyi toxumlar cücərmiş və Azərbaycanda böyük mətbu nəşrlər çap olunmuş, peşəkar jurnalist nəsli yetişmişdir. Əlbəttə, qəzet hər dövrün, zamanın aynasıdır- deyirlər. Bu mənada Azərbaycan mətbuatı tarixində öz zəngin ənənələrini qoyan mətbu orqanlar, təbii ki, çoxdur. Bunların sırasında regionlarda nəşr olunan qəzetləri xüsusilə qeyd etmək lazımdır. Belə ki, əsrin əvvəllərində ictimai-siyasi həyatdan bir az kənarda qalan regionlarda - o zamanlar qəzalar adlanırdı - qəzalarda ictimai həyat yalnız yerli mətbuatın üzərində köklənmişdi. Qəzet həm maarifləndirici, həm təşkilatçı, həm təşviqedici vasitə idi. Bu mənada Salyan mətbuatının da tarixi çox qədimdir. Nəzərə almaq lazımdır ki, qəzetimizin ilk nömrəsi 1924-cü ildə fevral ayının 21- də işıq üzü görüb. O dövrün ab- havasını nəzərə alsaq, görərik ki, elektrik enerjisinin, digər resrusların olmadığı bir şəraitdə kustar çap üsulu ilə bölgədə yeni bir nəşrin çap olunması böyük hadisədir. 

İlk adı "Qırmızı Muğan" (“Красная Мугань") idi, iki dildə, A4 formatında çap olunurdu. Qəzet o dövrdə Salyan rayon partiya təşkilatı və icra komitəsi orqanı kimi fəaliyyətə başlamış və uzun illər bu adla dərc olunmuşdur.

 

- Bu gün qəzetin 100 illik tarixinə nəzər salsaq, qəzet bölgənin ictimai mədəni həyatında, sosial quruculuğunda, bir tarixi salnamə olmaq işində böyük rol oynamışdır.  

 

-Bu gün Salyanı öz tarixi şəxsiyyətləri ilə; Əlibəy Hüseynzadə, Əliağa Kürçaylı, Xəlil Rza Ulutürk, Aşıq Pənah, Oqtay Rza və digər ictimai xadimi, şairi, yazıçısı ilə tanıyırlarsa, dini mənəvi dəyərlər nöqteyi- nəzərindən Salyan Darül-mömin diyarı adlanırsa, mən deyərdim ki, ictimai fikir tarixində bu mənada mənəvi dəyər sütunlarından biri də məhz bölgənin bütün ictimai siyasi salnaməsini əks etdirən və o işi bu gün də şərəflə davam etdirən "Qələbə" qəzetidir. Salyan rayonun "Qələbə" qəzeti bölgənin tanıtım nişanlarından biridir, özündə bölgənin bütün mənəvi keyfiyyətlərini əks etdirən bir salnamədir. Bu gün fəxrlə qeyd etmək olar ki, Salyan rayonunun "Qələbə" qəzetində çalışan yaradıcı kollektiv həmişə tanınmış ziyalılar olmuşlar. Mən fəxr edirəm ki, 20 ilə yaxındır ki, qəzetin sükanı arxasında dayanmaq mənə etibar edilmişdir. Desək ki, qəzet kollektiv əməkdir, bu çox dürüst ifadə olar. Qəzet bir nəfərin fitri istedadı, zəkası, bacarığı, təşkilatçılığı ilə deyil, kollektiv əməyin məhsulu kimi ortaya çıxır. Təəssüf ki, qəzetin 1 gün ömrü olur. Növbəti qəzet çıxanda əvvəllki qəzet tarixə çevrilir. Bu mənada "Qələbə" qəzeti həmişə tarix yaradıb. "Qələbə" qəzetinin yaratdığı tarixlər bizim xalqımızın, ictimaiyyətimizin tarixidir. Çox maraqlı faktdır ki, qəzetin fəaliyyətinin 35 ili Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətdə olduğu dövrlərə təsadüf edir. Ulu Öndərin, nəinki, respublikamızda rəhbərliyi zamanı gördüyü işləri, eləcə də Salyana səfərləri, Salyan zəhmətkeşləri ilə görüşləri bu gün də öz tarixi səhifələrində qoruyub saxlayır.

 

-Təbii ki, 44 günlük Vətən müharibəsi dönəmində də qəzet öz ampluasında olub. 

 

- Bəli. Qəzetimiz 44 günlük Vətən müharibəsi dövründə zəfər yaradan qəhrəman oğullarımızın, Şəhidlərimizin, igidlərimizin tarixi qələbənin əldə edilməsi uğrunda şücaətlərini, müzəffər Ali Baş Komandanımızın sərkərdəlik qətiyyətini çox mübariz bir qələmlə "Vətən sənə oğul desə" səhifəsi ilə ictimaiyyətə çatdırdı. Qəzetimizdə vətənpərvərlik missiyası bu gün də davam edir.

 

-Problemləriniz necə, varmı?

 

-Qəzetin qarşısında dayanan maliyyə çətinlikləri kiçik kollektivin yaradıcı heyəti tərəfindən, eyni zamanda bizə dəstək olan Salyan Rayon İcra Hakimiyyəti rəhbərliyi tərəfindən ardıcıllıqla dəf edilməkdədir. 

Mən bu əlamətdar gündə öz şəxsi uğurlarımızdan daha çox bu gün mətbu sözün, azad fikrin yaradılmasında, həyata keçirilməsində Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin uğurlarını vurğulayır və onun komandasına öz təşəkkürümü bildirirəm ki, bu gün ölkəmizdə qəzet təsis etmək, sosial şəbəkədə çıxış etmək üçün, mətbuat və fikir azadlığı üçün hər cür şərait yaradılmışdır. Bu mənada özünə jurnalist deyən, qələm sahibi deyən, qəzetçiliklə məşğul olan, ictiamai fikir yaratmaq üçün əlində tribuna kimi müxtəlif vasitələr olan, özünü xalqa xidmətdə görən bütün mətbuat işçilərini peşə bayramları münasibətilə təbrik edirəm.

Qürurla deyə bilərəm ki, həyatımın son 40 ili ancaq mətbuat səhifəsində keçmişdir, həyatda qazandığım nailiyyətlərim, ədəbi yaradıcılığımda, publisist yaradıcılığımda aldığım mükafatlara görə mətbuata- sözə minnətdaram.

Bayramınız mübarək, əziz söz müəllifləri- qələm sahiblərimiz!

 

“Ədəbiyyat və incəsənət”

(23.07.2024)