Yenə o ümmanlarda yağışlar yağacaq… - ESSE Featured

Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

Nə qədər sərt olsa dalğalar, 

Qayalara çırpınıb geri dönər.

İnsanlar da, dalğalar qədər sərt damlalar qədər acizdir əslində. Hər yığılan damla bizi biz edən duyğuların təcəssümü, çırpıldığımız hər qaya içimizi çürüdən, düşündükcə qəlbimizi yoran duyğularımıza bənzəyir əslində.

Və yenə hekayənin sonunda damlalar sərt qayalardan parçalanıb daha bir yeni, körpə dalğanı yaradar. Həyat belədir, nə damlalar quruyar, nə də dalğalar hiddətindən vaz keçər. Ancaq qayalar dalğalar qədər güclü deyil. Suyun şəffaflığı, saflığı, bəzən ürkək, bəzən cəsarətli çırpınışları getdikcə qayaları oyar, o əzəmətin yavaş-yavaş hökmranı olub izini qoymağı bacarar. Bax bu, əsl sevgidir. Zərif qadınların kirpiklərindən sərt kişilərin qəlbinə sancılan oxlardır sevgi. Sərt qayaları yumşaldandır sevgi.

Və mən nə qədər sevgidən yazsam kəlimələr yetərsiz qalacaq. Yenə o ümmanlarda yağışlar yağacaq, zaman-zaman daşqınlar olacaq.

Bəzən isə "geri dönən yolları" kəsəcəkdir intizar.

 

“Ədəbiyyat və incəsənət”

(17.07.2024)