Nə qədər ki, dünya durur, bu belə olacaq - ESSE Featured

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Bütün gücü ilə təzahür edib sahilə şığıyan coşqun dalğalar sərt qayalara çırpılıb, çillik-çillik olaraq süzülüb, məyus-məyus dənizə geri qayıdırdı.

Eynən uğursuz olduğu hər cəhdindən, hər dəfə uzatdığı əli havada qalandan, üzünə açılmayan qapılardan, söykəndiyi divarlar bir-bir dağılandan sonra ümidləri qırılaraq paramparça olub, öz küncünə çəkilən insanlar kimi..

Kim bilir bəlkə də başqa bir səbəb var idi dalağaların bu hiddətinin arxasında?! Axı bir az da hirsindən divarı yumruqlayan, qarşısına çıxan hər şeyi vurub sındıran insan ədasına bənzəyirdi bu hiddət.

Özlərini sahilə sipər edən bu sərt qayalar da  zamanla kütləşib hamarlaşmış, laqeyidləşmişdi dalğaların bu hikkəli iradəsi müqabilində.

Yorulmamaqda, bezməməkdə, əzmkar iradədə dalğalara tay olan bir də bu qağayılar idi. 

Görəsən qağayılar tapmışdılarımı o məktubu?! Yəqin ki, hələ də davam edirdi bu axtarış. Və nə qədər ki, bu dəniz, bu dalğalar, nə qədərki bu qağayılar var, davam edəcək..

Necəki sınıq-salxaq, yıxıq-tökük, paramparça, viranə, yarım-yamalaq həyatlar  kimi.. 

Nə qədər ki, dünya durur, nə qədər ki, nəfəs gəlib-gedir, pis-yaxşı yaşamağa davam edir insanlar. Və dünya durduqcada davam edəcək bu gərdiş..

Dalğalar hər fürsətdə sahilə şığıyıb qayaların laqeydliyində sınacaq, qağayılar elə hey dövrə vurub usanmadan o məktubu axtaracaq, insan hər dəfə kiçik bir işartı görüncə yenə bir ümid əlini uzadacaq və  yenə parlaq görünən o işartının soyuq qaranlığından ümidləri, qəlbi yanacaq.

Nə qədər ki, dünya durur, bu belə olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(17.07.2024)