Şəhidlər barədə şeirlər - Tərlan Quliyev

 “Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir. 

 

Şəhid Tərlan Quliyev

 

Quliyev Tərlan Mehman oğlu 2000-ci il yanvarın 26-da Astara rayonunun Ərçivan qəsəbəsində anadan olub. Subay idi.

Azərbaycan Ordusunun əsgəri olan Tərlan Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tərlan Quliyev oktyabrın 14-də Füzuli döyüşləri zamanı şəhid olub. Astara rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tərlan Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. 

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Tərlan Quliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.

 

 

 

Bu gecə bir şəhid yuxuma gəldi,

Qəzəblə, nifrətlə üzümə baxdı.

Bu gecə bir şəhid yuxuma gəldi,

Əlinin qanını sinəmə yaxdı.

 

Bu gecə bir şəhid yuxuma gəldi,

“Ata olacaqdım”, - dedi –“a zalım,

Mən də sənin kimi körpə balamı

İstərdim qollarım üstünə alım”.

 

Bu gecə bir şəhid yuxuma gəldi,

"Hardasan?" - üstüməçığırdı bir az.

Sonra sakitləşib "ay ana" dedi,

Ağladı, anasın çağırdı bir az.

 

Bu gecə bir şəhid yuxuma gəldi,

Bir məktub uzatdı və uca tonla,

"Bunu sevgilimə verərsən" - dedi.

"Əlvida" yazmışdı kağıza qanla.

 

Bu gecə bir şəhid yuxuma gəldi,

Bildim ki, bu mənim xəcalətimdir

Görüşdük, danışdıq, gedəndə dedi:

"Vətənim sizlərə əmanətimdir".

 

 “Ədəbiyyat və incəsənət”

(12.07.2024)