Eşqi itirib, sevgini tapın! - Bilinməyən bir qadının məktubu Featured

Jalə İslam, “Ədəbiyyat və incəsənət”

 

Beni tanımamıştın, ne o zaman ne de şimdi, hiçbir zaman beni tanımadın. Sana, o an yaşadığım hayal kırıklığını nasıl anlatabilirim sevgilim? Senin tarafından tanınmamanın hayal kırıklığını ilk defa yaşıyordum. Bütün ömrüm boyunca bu his ile yaşadım, şimdi bu his ile ölüyorum ve sen hâlâ beni tanımıyorsun. 

 

Kitabı oxudum bitirdim və bir müddət səssizcə tavanı izləməyə başladım. İçimdən gələcək ilə bağlı bir çox suallara cavab axtarırdım. Bunlardan biri də sevginin mənim həyatımdakı dərin və tilsimli həyat yolu idi. Bu yaşına qədər hər zaman bu mövzunu həyatı üçün ən böyük əngəl hesab edən birinin indi oturub bütün hər şeyi ən dərin nüansları ilə nəzərdən keçirməsi əlbəttə qəribə bir hal idi. Bir sual verdim özümə:"Həqiqətən insan öz mənliyini və qürurunu yox sayaraq bir nəfəri bu qədər dərindən sevə bilərmi?!" 

Sonra yenidən özümə cavab verdim:"Yox!"

Yenidən  özümə bir daha sual verdim: "Sən heç olacaqları düşünmədən həyatını öz əllərin ilə birisinə təslim edə bilərsənmi?! "

Yenə öz cavabım özümə gecikmədi: "Yox!"

Bu dəmdə otaq yoldaşım ilə evdə elə eynilə bu mövzu ilə bağlı mübahisə edərkən mənə çox sərt bir şəkildə bir sualla bütün sualların cavabını verdi:

-Sən sevgidən çox anlayırsan axı?! 

Susdum..., deyəsən, doğru deyirdi. Doğru sözün isə insana necə təsir etdiyini açıqlamaq məncə çox çətindir. 

 

Əsas məsələ budur ki, insan yaşamadığı və hiss etmədiyi bir duyğu və yaxud hadisə üzərinə nə qədər fikir ifadə etsə hər zaman yarım qalacaq. Ona görə də mən bu kitaba istədiyim qədər incələmə yazım yenə nələrsə yarım qalacaq. 

Mənə görə bu kitab başdan sona bir eşqdən bəhs edirdi, amma sevgi ilə uzaqdan yaxından əlaqəsi yox idi. Mənə görə bu bilinməz qadın yaşamadığı və hiss edə bilmədiyi ata sevgisini  uşaq qəlbinin özü üçün yaratdığı cismani obraza sevgi və hədsiz ehtiras donu geyindirərək özünü hər məqamda düzgün çıxarmağa çalışırdı. Atasının öz qolları arasında sevgi və məhəbbət duyğusu aşılamadığı bir qızın öz vücudunu cismani obrazına heç düşünmədən satmasını kim qınaya bilərdi ki? 

Və yaxud yenə atasının öz qolları arasında sevgi və məhəbbət duyğusu aşılamadığı qızlardan biri olan mən öz ətrafımdakı heç bir qarşı cinsə güvənmirəmsə, həyatıma daxil olmasına məhəl qoya bilmirəmsə, məni kim qınaya bilərdi ki?! 

Əlbəttə, heç kim qınaya bilməz. Hər birimizin öz həyatımızdan çıxardığı nəticələr fərqli olur. Və hər birimizin hiss etdiyi duyğuların kökündə də dərin yara izləri olur. Eşqi itirməliyik və sevgiyi, hörməti, qayğını tapmalıyıq. Tapdıqlarımız itirdiklərimizdən hər zaman dəyərli olur. 

 

Əziz Stefan baba, məktubları sevirəm və mən səndən fərqli olaraq bilinəndən bilinməyənə yazıram. Və o məktublar bir gün əgər bilinən birinə xitab edəcək olarsa, deməli mən eşqi itirib sevgini tapmışam. 

Hiss edilmədən yaşanan hər şey yarıda qalmalıdır, həmçinin bu yazı kimi. Əgər bir gün hisslərim tökəzləyərsə, yenidən görüşərik. 

Xoş mütaliələr! 

 

“Ədəbiyyat və incəsənət”

(11.07.2024)