Şəhidlər barədə şeirlər - Ayaz Abasov

 “Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.

 

 

Şəhid Ayaz Abasov

 

Ayaz Abasov Nizami oğlu 1998-ci il dekabrın 20-də Cəlilabad rayonunun Bəcirəvan kəndində anadan olub.

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgəri olan Ayaz Abasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ayaz Abasov oktyabrın 3-də Cəbrayıl döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayaz Abasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayaz Abasov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.

 

 

Şəhidlər harda olur,

Dünyanın harasında?

Məzarına baxıram

Məzarlar arasında.

 

Vətənin hər yerindən,

Şəhidliyin görünür.

Üzündə körpəliyin,

İgidliyin görünür.

 

Lap uzaqdan seçilir

Şəhidlərin başdaşı.

Məzarını bəzəyir

Bir atanın əl izi,

Bir ananın göz yaşı.

 

Göz yaşından məzarın

Çiçək açır, gül açır.

Elə bil şəhidlərin

Məzarı işıq saçır.

 

İşıq saçır şəhidlik

Zirvəsindən hər yana.

İşıq saçır Şuşadan

Bütün Azərbaycana.

 

Mən indi bilirəm ki,

Şəhidlərin məzarı

Ocağım, pirim imiş.

Vətən, millət, şəhidlik

Bir yazar kimi mənim,

Ən həssas yerim imiş.

 

Bəlkə, yerim buradır,

Bu məzarın ayağı?

Döşək – vətən torpağı,

Yorğan – vətən bayrağı.

 

 “Ədəbiyyat və incəsənət”

(11.07.2024)