Şəhidlər barədə şeirlər - Nail Abakarov

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.

 

Şəhid Nail Abakarov

 

Nail Abakarov 2001-ci il iyulun 24-də Rusiya Federasiyasının Kazan şəhərində anadan olub. 2009-2011-ci illərdə Kazan şəhərində 79 saylı İnternat Liseyində, 2011-2018-ci illərdə Zaqatala şəhərində İnternat Liseyində, 2018-2020-ci illərdə isə Zaqatala şəhərində N. Hüseynov adına 2 nömrəli tam orta məktəbdə təhsil alıb. Subay idi.

Nail Abakarov 2020-ci ilin iyul ayından Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi.

Azərbaycan Ordusunun əsgəri olan Nail Abakarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nail Abakarov oktyabrın 2-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Zaqatala rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nail Abakarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nail Abakarov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edilib.

 

O gecə, Günəşin də

Qəfil söndüyü gecə...

O gecə, mələklərin

Yerə endiyi gecə.

 

O gecə yaddaşında,

Susub fəryad saxladı.

Küləklər uçdu getdi,

Quşlar qanad saxladı.

 

Bir xəbər bir atanın

Ürəyini geyinib,

Əynində aparırdı.

Bir ata ovucunda

Böyütdüyü balasın

Çiynində aparırdı.

 

Aparırdı adamlar

Bir körpə beşiyini,

Bir ananın qəlbini,

Həyəti, bacasını,

Evini, eşiyini.

 

Bir qız boynunu büküb

Dayanmışdı kənarda.

Sevənlər ayrılanda

Alışar da, yanar da.

 

Yox, bu ayrılıq deyil,

Evinə dönməkdi bu...

Ana, vətən, qohumlar,

Dost, tanış, qardaş, bacı -

Hamını sevməkdir bu.

 

Şəhidlik əbədiyyət,

Sevilməkdi, sevməkdi.

Mələklərə qoşulmaq,

Günəşə can verməkdi.

 

“Ədəbiyyat və incəsənət”

(09.07.2024)