AĞRI VADİSİ - “Qərbi Azərbaycan əfsanələri” silsiləsindən Featured

Zahirə Cabbar, “Ədəbiyyat və incəsənət” üçün

 

Rəvanqulu xanın əzəmətli səltənəti, saysız-hesabsız var-dövləti vardı. Onun yaşamadığı sevinc və həzz qalmamışdı, təkcə bir şeydən başqa. Taxt-tacına sahib çıxacaq bir varisi yox idi. Nə qədər qurbanlar demişdi, amma heç bir faydası olmamışdı. Bir gün xanın üzü güldü, nəhayət bir oğlu dünyaya gəldi. Xan yaxın ölkələrdən dərvişləri, münəccimləri saraya dəvət etdi ki, şahzadənin taleyinin necə olacağını öyrənsin. Münəccimlər onun gələcəyini gizlədib heç bir söz demədilər. Yalnız tənha qoca dərviş şahzadənin taleyi ilə bağlı belə bir xəbər dedi: Şahzadə vadidə öləcək. Padşahın üzünü kədər bürüdü, uzun illər gözlədiyi varisinin gələcəyi ilə bağlı eşitdiyi xəbər onu çox sarsıtdı. Odur ki, şahzadənin adını Ağrı qoydu, çünki onun dünyaya gəlişi xanı ağrıtmaqdan başqa bir şey olmadı. Xan özlüyündə buna inanmaq istəmirdi, çünki onun yaşadığı ərazidə vadi yox idi.

Artıq varisindən bir gələcək görməyən xan böyük bir qala - Rəvanqulu qalasını inşa etmək üçün göstəriş verdi. Yeddi ilin tamamında qüdrətli, alınmaz bir qala ucaldı. Şahzadə böyüyür, amma nə döyüş sənətinə, nə də saray işlərinə maraq göstərmirdi. Bir gün o, padşahdan xahiş etdi ki, ona ölümlə heç vaxt rastlaşmayacağı uzaq ölkələri gəzib dolaşmağa icazə versin. Gəncin yalvarışları atasının ürəyini yumşaldır və şahzadənin taxtda heç bir faydası olmayacağı fikrilə ona icazə verir.

Az keçmir ki, xanın əmri ilə şahzadə üçün zəngin bir karvan hazırlanır və bir çox atlı şahzadəni qorumaq üçün onunla birgə gedirlər. Ağrı hər dəfə gələcəyi ilə bağlı bildiyi, ürəyini deşən xəbəri bərkdən, qəzəblə deyir, sonra gülərək lənətlənmiş vadiyə heç vaxt ayaq basmayacağına özünü inandırırdı. Hərdən söylənib yanındakılara deyirdi ki, o ölümdən qorxmur. Amma hər an ölüm təhlükəsi onun xəyallarını alt-üst edirdi. Başa düşürdü ki, belə mənasız, bədbəxt bir həyat nə qədər uzanırsa ölümdən də pisdir.

Uzun illər keçdi, xan öldü. Taxt-taca qardaşı oğlu hökmranlıq etməyə başladı. Lakin şahzadənin sağ olduğu haqda bir xəbər gəlmədi. Şahzadə bu illər ərzində bütün dünyanı dolaşdı. Amma hər gün dogma yurd həsrəti ilə qovrulub, dağlar, onların kölgə saldığı yaşıl dərələr, kölgəli bağların həsrətindən hönkür-hönkür ağladı. Yaşadığı illər ərzində çoxlu möcüzələr gördü, çoxlarını yaşadı və o yerin insanlarını sevdi. Amma heç bir yerdə və heç kimlə qalmaq istəmədi. Və bir gün yenidən vətəninə dönmək qərarıyla yola düzəldi, karvanı yurduna tərəf çevirdi.

Öz yurdlarına yaxınlaşanda dağlarda dəhşətli tufan qopdu, üç gün, üç gecə davam etdi. Yol bələdçisi tufanda uçuruma düşərək dünyasını dəyişdi, səyyahlar yollarını azdılar. Ətraflarında heç nə görmədilər: nə ayaqlarının altındakı cığırı, nə də  başlarının üstündəki səmanı. Özləri, darısqal mağarada çətinliklə sığınacaq tapıb səhərə qədər orada qaldılar. Səhər Ağrı mağaradan çıxdı və donub qaldı, danışa bilməyib nəfəs almağı belə unutdu. Qarşısında ömründə görmədiyi gözəl bir vadi uzanırdı. Göyün işıqlı tağının altındakı tünd mavi və parıldayan zirvələr vadinin dairəsini əhatə edirdi. Yamyaşıl otlar meh vurduqca dəniz kimi dalğalanırdı. Şahzadə təəccüblə yoldaşlarından vadinin adını soruşdu. Heç kim bilmədi. Bu vaxt əynində nimdaş, boz paltar geymiş bir qoca dərədən cığırla qalxıb şahzadəyə tərəf gəldi, baş əyib dedi:

— Budur ölüm vadisi.

Qoca dərviş şahzadəyə əli ilə yolu göstərərək yoxa çıxdı.

Şahzadə aşağıya doğru qaçdı. Bu vaxt nökərlər şahzadənin yıxılacağından və ölümünün dəhşətli olacağından qorxaraq donub qaldılar. Lakin tale şahzadəni vadidə gözləyirdi. O, ehmallıca vadiyə tərəf endi və arxasınca qaçan nökərləri saxlayıb dedi:

- Bütün ömrüm boyu qaçdım, nəhayət ki, son mənzilimə gəlib çatdım.

Ağrı vadidə görünməz oldu, əbədiyyətə qovuşdu.

 

Şahzadənin öldüyü vadi onun adına Ağrı vadisi, yanındakı dağ Ağrı dağı adlandırılmışdır. Rəvanqulu xanın böyük səltənəti, xanlıq İrəvan xanlığı adlandırılmış, Azərbaycanın ən qədim və tarixi şəhərlərindən biri olmuşdur. Araz çayının sol qolu olan Zəngi çayının sahilində, dəniz səviyyəsindən 850-1300 metr yüksəklikdə yerləşən şəhər tarix boyu Azərbaycan-Türk yurdu olmuşdur.

 

 “Ədəbiyyat və incəsənət”

(08.07.2024)