İncə yurdun incə ruhlu söz oğlu - RƏFAİL İNCƏYURDUN 70 İLLİYİDİR Featured

 

Güllü Eldar Tomarlı, şair, publisist, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, Kəlağayı Muzeyinin direktoru. “Ədəbiyyat və incəsənət” portalı üçün

 

Sazlı, sözlü Qazax mahalının axarlı-baxarlı saz, söz məbədi İncə dərəsinin Kəmərli kəndində ədəbiyyat müəllimi Ağakişi İsmayılovun ailəsində düz 70 il qabaq bir oğlan dünyaya gəlib - Rəfail İncəyurd. Babalardan, nənələrdən qalma söz sənətini sözüylə, ruhuyla yaşatmağı tale onun qismətinə yazıb. Ədəbi mühitə yeniyetmə çağlarından ilk addımlarını atan Rəfail nədənsə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) fizika-riyaziyyat fakultəsinə qəbul olunub. Riyaziyyat və həqiqi, ilahi, ulu söz. Bunların arasında vəhdət yaratmağı qarşısına məqsəd qoyan Rəfail İncəyurd istəyinə çatıb. Ömrünü rəqəmlərə - anlara, saatlara, günlərə, aylara, illərə bölə-bölə uğurlu ədəbi nümunələr yaradıb. Müəllim, proqramçı, redaktor kimi peşələri şairliklə birləşdirib bütöv ömür yaşaya-yaşaya ömrünün 70-ci pilləsinə çatıb.

Rəfail İncəyurd özünün də etiraf ediyi kimi artıq müdrik “köhnə kişilər”dəndi. Belə kişilər “yenilməz dağların oğludu, bini-bərəkəti təhnə, ömrü yaddaqalan səhnə kişilərin sözünün ömrü də bir ayrı” olur, dadı, duzu da. Rəfail müəllim şeirlərində özüdür, doğulduğu yurdun ab-havası, saz havaları, qoşmalı, gəraylılı, təcnisli, qımqımılı söz dünyası kimi.

 

Qazaxın ən ucqar köyündə bu dəm,

O köylü qocanın öyündə bu dəm,

Allahın Yerində-Göyündə bu dəm

İlahi bir sehr tumurcuqlayır,

Könlümdə bir şeir tumurcuqlayır.

 

Rəfail müəllim, həqiqi müəllimdi, öyrədəndi, xeyirxah dost, qayğıkeş insandı, başqalarının uğurlarına sevinəndi. Bunu Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyini yaratmaq ideyamı ona bildirəndə gördüm. O, bu yolda hər addımımı dəstəkləyir, məsləhətini əsirgəmir, zəngin həyat təcrübəsindən əldə etdiklərini mənə təmənnasız, can-başla ötürür. Birliyin müxtəlif tədbirlərində iştirak edir, uğurlarıma sevinir.

Rəfail İncəyurd milli mənəvi dəyərlərə, milli kökə bağlı insandı. Onun sözə bağlılığının təməlində məhz millilik sarsılmaz sütundur. “Mirvarid Dilbazi” şeirində Azərbaycan qadın poeziyasının saflıq, abır-həya, bir sözlə, məvəviyyat mücəssəməsi, ilk qadın Xalq şairi Mirvarid Dilbazinin obrazı lirik cizgilərlə - sadəliyi, təvəzökarlığı, vətənsevərliyi ilə bütövləşdirilmişdir. “Ellər anası” təşbehinin kökündəki böyük mənəvi dəyər Azərbaycan qadınının zəngin milli ruhuna sayğıdır. Şair bu şeirində həm də nənələrdən miras qalan, bu gün də Azərbaycan xanımlarının yaraşıq, gözəllik, ismət, namus rəmzi baş örtüyümüz kəlağayını təbliğ və tərənnüm edir.  Mirvarid xanımı “ilham sonası” kimi təqdim edir. Məhz bu mənəvi cəhətlərə görə Rəfail müəllimin lirik dünyası saz, söz, kəlağayı ömrü qədər yaşayacaq. 

 

       Sözünü hər fövqəl gücə demədi,

Ötəri həvəsə, vecə demədi.

O, gündüz demədi- geca demǝdi-

Yalnız özü oldu özünə asi,

Ağ saçlı, ağ üzlü ellər anası.

 

Sən demə, olarmış sehr ilə daşmaq,

Olarmış çağlayıb, sədləri aşmaq.

Başında kəlağay, ağzında yaşmaq

İlham sonasıymış, ilham sonası,

Ağ saçlı, ağ üzlü ellər anası.

 

Haqdı, ilk qadın Xalq Şairi haqdı,

Zamandan zamana gedən soraqdı.

Könül bayrağını zirvəyə taxdı,-

Al rəngə boyandı eşqin səması,

Ağ saçlı, ağ üzlü ellər anası.

 

Onun şeirləri doğulduğu yurdun milli ruhu yaşadan etnoqrafik duyğulardı - qımqımılı, həzin bayatılı pıçıltılardı, mənəviyyat dəyərli poetik hisslərdi, el-elatın gündəlik qayğılarının təsviridi,  milli düşüncəmizin güzgüsüdü. “Elinə bir yanımlıq od” kimidi, sözün, milli ruhun Prometeyidi. Deyim tərzi, fikirləri özünəməxsusdu, gah vulkan kimi püskürür, gah da həzin meh kimi mülayimləşir, dili sadə və anlaqlı olduğundan dilə yatır, yadda qalır. Onun şeirlərinin mayası eşqdi - “eşq olmasa, göz yaşını kim silər?” sualını sual kimi anlamırıq. Bu onun poeziyasının qayəsidi.

Rəfail İncəyurd maddi nemətlərə gözütox olsa da, mənəvi qidaya doymazlıq onun həyat devizidi. Bu məramı həyatının mənası bildiyindən üzüağdı, alnıaçıqdı, başıucadı. Sözü də özü kimidi - saxtalıqdan, pafosdan uzaq.

 Şair bu gün də yorulmadan yaradır, Hələ yazacaqları çoxdu, “hər gecə bir gün öldürən”, onu yuxuya həsrət qoyan şeirlər onu yaşadır, ömrünü mənalı və ağırçəkili edir, uzadır. “Hələ gəlib çıxmayan”, yolunu gözlədiyi şeirlər onu yana-yana yaşamağa səsləyir, ümid, inam, yaşam üçün stimul verir. Onun varı-dövləti sözdü, misra-misra doğulan şeirlərdi.

 

Gəlimli, gedimli zaman içində

Mənə bu şeirlə qaldı bu gecə.

 

Bəli, elimizin, obamızın söz oğlu, “həyat varsa, ağrısı da şirindi, acizin yox, o, nər oğlu nərindi”. Bu, sözü mülkü yaradanın, söz qalası ucaldanın  taleyidi. Bu taleyin oyununda qaliblərin yeri ucalıqlardı. “Sazdan sözə, sözdən saza gələn”lərin yolu nə qədər nahamar, çətin  olsa da, qarşıda onu zəfər çələngli ucalıqlar gözləyir. Çünki onlar “irfan boylu kişilərin evindən gəlirlər, bayatılı nənələrin dilindən” bəhrələnirlər.

Rəfail müəllim, “gördüyünüz günlərin dəsidi ömür, öndə yoxuş sanı eniş” olsa da, sizin lirik dünyanızın meyvələri həmişə təzə-tərdi, eşqiniz tükənməzdi. Sözünüzün mayasında, ömrünüzün təməlində eşq dayanır. Nə olsun 70-i haqladınız, Məmməd İsmayıl demişkən, “hələ yaşamağa dəyər”, Hüseyn Arif inamına söykənək: “ömür deyir yaşa hələ”.  Bəxtiyar Vahabzadə belə düşünür ki, “yaşamaq yanmaqdır”. Yana-yana yaşayanların, uğurlu söz yaradanların ömrü söz ömrü qədərdi. Sizə belə ömrün yaddaqalan sevincli, sözlə süslənmiş mənalı anlarını, günlərini, illərini arzulayıram.

Rəfail İncəyurdun özünün təbirincə desək,  “şairlik alnına yazılan yazıdı, hələ qoyulmayıb sonuncu nöqtə, hələ ki, yol gedir köçüm şeirlə”. Bu şərəfli yoldu, sözə sarvanlıq yoludu. 

“Eşqi dönük olmayan, ömrü kiməsə yük olmayan” Rəfail İncəyurd ən azı yarım əsrdi ki, ağırmənalı yük çəkir - söz, fikir yükü. Çox çiyinləri əyən bu mənəvi yük onu əyə bilməz. O, “qorxa-qorxa adını qoruyan” söz adamıdı. Başqa qorxusu yoxdu. Adı qorumaq ən şərəfli işdi. Rəfail müəllim lirik duyğularını “eşq ilə becərir, eşq ilə biçir”. 

Eşqiniz tükənməsin, eloğlu, İncə yurdun incə ruhlu söz oğlu!

 

“Ədəbiyyat və incəsənət”

(04.07.2024)