POETİK QİRAƏTdə “Pəncərəniz yuxuluydu o gecə…” şeiri Featured

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Poetik Qiraətdə bu gün ilk dəfə şair Ayaz Arabaçı qonaqdır. Bir gözəl sevgi şeiri təqdim edirik sizə. 

“Pəncərəniz yuxuluydu o gecə,

İstədim ki, bir daş atıb oyadam.”

Gözəl deyib, deyilmi? 

Xoş mütaliələr!

 

Pəncərəniz yuxuluydu o gecə,

İstədim ki, bir daş atıb oyadam.

Amma qəfil bir səs gəldi gecədən,

Burda bu vaxt nə gəzirsən ay, adam..

 

Kimiydisə qaranlığı dinşədi,

Sonra birdən tez əl atdı cibinə.

Silkələndi qoca armud ağacı,

Üç-dörd dənə armud düşdü dibinə.

 

Əmin idi, dayın idi bəlkə də,

Atan idi, baban idi bilmədim.

Gecə vaxtı uğuruma nəhs gələn,

Hansı qaradaban idi, bilmədim.

 

Geri dönüb yola çıxmaq istədim,

Yox olmuşdu boz dumanda bütün iz.

Elə bil ki, daş daşıyıb yorulub,

Dalı üstə sərilmişdi itiniz.

 

Mən qorxudan yarıyacan əyilib,

Evinizin ətəyinə qısıldım.

Elə bil ki, qəzəblənmiş bir yeşik,

Ballı arı pətəyinə qısıldım.

 

Əsdi-coşdu, asdı-kəsdi qaramca,

Qaranlığı hədələdi o adam.

Mən başımda nə xəyallar qurmuşdum,

Gör nələri zədələdi o adam.

 

Atan idi, baban idi, kim idi..?

Biləmmədim uzaq idi gümandan.

Gedib durdu itinizin yanında,

Sir-sifəti seçilmirdi dumandan.

 

Pəncərəniz yuxuluydu o gecə,

İstədim ki, bir daş atıb oyadam.

Amma qəfil bir səs gəldi gecədən,

Burda bu vaxt nə gəzirsən ay, adam.

 

“Ədəbiyyat və incəsənət”

(03.07.2024)