Sevgi, qayğı, diqqət - ÜÇ GÖZƏL KEYFİYYƏTLƏ Featured

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Bütün ömrü boyu dövlət qulluğunda çalışıb. Həmişə də çalışıb ki, dövlətə, xalqa faydalı məmurlardan olsun. Bəli, bu gün Azərbaycan əhalisinin vicdanlı məmurlara daha çox ehtiyacı var. Bu gün sizə belə məmurlardan biri- ömrünün böyük hissəsini dövlət qulluğunda çalışan Ayiq Səmədovdan söhbət açmaq istəyirəm:

 

1964-cü ildə Masallı rayonunun Ərkivan kəndində anadan olub. Orta təhsilə həmin kəndin məktəbində yiyələnib. 1982-1984-cü illərdə hərbi xidmətini Riqa şəhərində keçirib. Rota, sonralar hərbi hissənin komsomol təşkilatının sədr müavini və çoxları üçün əlçatmaz olan Kommunist partiyası sıralarına qəbul olub, starşina rütbəsinə yiyələnib. Xidmətini başa vuranda ona Ruqa şəhərində qalıb milis orqanlarında işləmək təklif olunsa da, o, bu təklifi rədd edərək Azərbaycana qayıdıb…

 

1985-1991-ci illərdə indiki BDU-da ali təhsil alıb. 23 yaşında Masallı rayonunda idarəetmə orqanlarına irəli çəkilərək Masallı rayon sabiq Xalq Deputatları Soveti İcraiyyə Komitəsində təlimatçı işləyib. Daha sonra Masallı rayon İcra hakimiyyətinin humanitar məsələlər şöbəsində baş referent, baş məsləhətçi, ictimai-siyasi məsələlər şöbəsinin müdiri vəzifələrində çalışıb. 70 saylı Masallı şəhər seçki dairəsinin sədri olub. Hazırda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşıdır...

 

Muğam, poeziya həvəskarıdır. Deyilənlərə görə, gözəl musiqi duyumu var. Özünün təbirincə desək, muğamlarımızdan az-çox anlayışı var. Muğamlarımızı, xalq  mahnılarımızı, təsniflırimizi saatlarla  dinləməkdən zövq alır, usanmır. Xanəndələrdən Yaqub Məmmədovu, Ağaxan Abdullayevi, Ruzə İbişovanı, Alim Qasımovu, Rübabə Muradova və Hacıbaba Hüseynovu dinləməkdən ləzzət alır. Tarzənlərdən Ağasəlim Abdullayev, Cəbrayıl Göyüşov, Vamiq Məmmədəliyev, kamança ifaçılarından Fəxrəddin Dadaşov, Fəridə Məlikovanın solo konsertlərini böyük zövqlə dinləyir…

 

Arabir puplisust yazılarla mediada çıxış edir. "Azərbaycanda multikulturalizm: Tarixilik və müasirlik" kitabının müəllifidir…

Mütaliə etməyi xoşlayır. Poeziya vurğunudur. Elə ki, gözəl bir şeirə rast gəldi əhvalı dəyişir, necə deyərlər, könlü açılır, dodaqlarına təbəssüm qonur…

25 ildir ki, dövlət qulluğunda çalışır, onun da 22 ilini əvvəlcə Masallı Rayon sabiq Xalq Deputatları Soveti İcraiyyə komitəsində, sonradan isə Masallı Rayon İcra hakimiyyətində işləyib. Rayon əhalisi arasında böyük hörmət qazanıb. Hamı onu gərəkli bir insan kimi tanıyır. Əlindən gələni heç vaxt əsirgəməyib…

Sabah - iyunun 29-da 60 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı arzulayırıq.

Yubileyiniz mübarək, Ayiq müəllim!

 

“Ədəbiyyat və incəsənət”

(28.06.2024)