Cəlil Cavanşirin insanlığa mirası - PESSİMİST RUHDA Featured

“Ədəbiyyat və incəsənət” portalının “Sosial mediadan iqtibas” rubrikasında bu gün tanınmış şair Cəlil Cavnşir öz “Cəlil Cavanşirin insanlığa mirası” qeydləri ilədir. Pessimist ruhda olan bu qeydlər bir istedadlı Azərbaycan şairinin həyatına güzgü tutur. 

Beləliklə: 

 

Cəlil Cavanşirin insanlığa mirası: 

1. Xırdalanda bir ev, dövlətdən kirayə. 

2. Səmada bir parça bulud.

3. Meyvələrdən üç meyvə.

4. Bir neçə platonik sevgili.

5. Tək-tük müştərisi olan bir barın ayağı qırıq taburetkası.

6. Fitlə çala biləcəyim 4-5 mahnı, biri meyxanadır.

7. 3 metrəlik kəndir, paltar asmağa.

8. 5-6 yüz kitab, rəfləri doldurmağa.

9. Həftənin tək günləri.

10. Tükənmiş zaman.

11. İtmiş iman.

12. Sonsuz məkan.

13. Marsda xəyali villa.

14. Ayda 3 krater.

15. Boş viski şüşələri.

16. Bir külqabı dolusu siqaret kötüyü.

17. 20-25 söyüş. 2-si rusca, 1-i ingiliscə, 4-ü almanca olmaqla.

18. 5-6 ədəd market paketi.

19. 40 cüt geyilmiş corab.

20. Sevənlərin qəlbində qurulmuş taxt.

21. Limitsiz saç-saqqal, tük, pambıq, sintafon.

22. Müxtəlif parklarda yerləşən üç skamya.

23. Bir ədəd dabankeş, sarı rəngdə.

24. Böyrək daşı, kiçik ölçüdə.

25. Bir neçə dibçək, dibçəkdə çiçək.

26. Ağac kölgəsi, quş səsi, otlar üstə uçub qaçan kəpənək.

27. Ayaqda döyənək.

28. Sahibsiz küçə itləri, pişiklər və ağcaqanadlar.

29. Bir ədəd Xəzər dənizi.

30. Laçında Həkəri çayı.

31. Cıdır düzündə bir qaya parçası.

32. Dönər bıçağı, qayğanaq tavası, bir ton ədviyyat.

33. Zibil torbası, kompyuter masası, bir ədəd laptop.

34. Köhnə daraq, təzə qayçı, bir kilo alça çəyirdəyi.

35. Balaca balkon, böyük ürək, sağlam can, yarım şüşə tut arağı.

36. 20 manat nağd pul. Kredit kartları. Bank borcları.

37. Ata-anadan qalma yarısından çoxu yaşanmış həyat.

38. Omba sınığı. Qara ciyərdə piy. Balkonvari qarın.

39. Yazılmamış şeirlər, oxunmamış kitablar.

40. Parka mənzərəsi olan kafedə bir masa.

 

(Metin Üstündağ  Can Yücəl haqqında belə bir şey yazmışdı. Dekonstruksiya elədim).

 

“Ədəbiyyat və incəsənət”

(28.06.2024)