KƏLAMLAR - Yusif Nəğməkar növbəti hikmət bankomatını təqdim edir Featured

“Ədəbiyyat və incəsənət” şair Yusif Nəğməkarın kəlamlarını diqqətinizə çatdırır. 

 

 

*Zəhmətini çəkənin-şumunda haqq əkənin...

 

*Düzgün seçməsən hədəfi,

Tapa bilməzsən sədəfi...

 

*Hər yetənə söyləsən bəy "əfəndi",

Ariflər deyəcək:- Bu söz səhvəndi...

 

*Dostluğunda ol sərbəst,

Düşmənçilikdə sərməst...

 

*Qaranlıq gecədə necə Ay yatır,

Sükut içində də bir haray yatır...

 

*Saxtakarlıq-bəxtə karlıq...

 

*Çox demə ki, "səndən yoxdur",

Bir gün görərsən ki, yoxdur...

 

*Dəmşalaq cahilə versən də aman,

Cavab sormalısan ondan bir zaman...

 

*Ən qatı sislik yoxuşluq imiş,

Ən batı pislik yaxşılıq imiş...

 

*Hər qonağa qınaq gəlməz,

Hər qınağa qonaq gəlməz!..

 

*Qarğıyanda çığırar,

Ağrıyanda çağırar...

 

*Aldatmağa başlayar...

Aldanmağı xoşlayar...

 

*Susqun, dolu, xoşhaldın,

Bağırmaqla boşaldın...

 

*Peşmanlıq acısı hər nədən olur-

Ürək də onunla zər-zədən olur...

 

*Adamı dinləyə bilməyən adam

Yalan qoltuğunda qovrular müdam...

 

*Qəzəblə verilən qərardan həzər,

Olmayan vicdanı, o, sıxıb əzər!..

 

*Düzü gizlətməkçün, bir bax namərdə,

"Qardaş", "bacı" deyər özgə dillərdə...

 

*Biri sevib, dərdin zoruna düşər,

Biri öz hiyləsi toruna düşər...

 

*Nəylə oynasan da, az-maz, oyunçu...

Qürurla oynamaq olmaz, oyunçu...

 

“Ədəbiyyat və incəsənət”

(28.06.2024)