AKTUAL POEZİYA - Kəndlərimiz boşalır… Featured

Kəndlərimiz boşalır. Ayağı yer tutan güzəran dalınca şəhərə qaçır. Bu bir publisistika mövzusudur. Amma Yardımlıda yaşayıb yaradan şair İqbal Nəhmət bu aktual mövzunu şeirə gətirib. Nəticədə “Boşalır kəndlərimiz danışan yox, dinən yox” adlı şeir yaranıb.

“Ədəbiyyat və incəsənət” portalı şeiri sizə təqdim edir. 

 

 

Boşalır kəndlərimiz danışan yox, dinən yox

 

Hamı qaçır səhərə maşın,ev həvəsiylə,

Daha köhlən atlara yəhər qoyub minən yox.

Bircə şair danışır,  quruca nəfəsiylə,

Boşalır kəndlərimiz danışan yox, dinən yox!

 

Biçilmir bicənəklər, yabalar yol gözləyir,

Darıxır yurd yerləri obalar yol gözləyir,

Ot basıb məzarları babalar yol gözləyir,

Tək qalan qocaları sevən yox ,dindirən yox,

Boşalır kəndlərimiz danışan yox, dinən yox.

 

Bu köçün sonu varmı yaşayıb görəcəyik,

Axı biz səhv edirik nə vaxtsa biləcəyik,

Bu yurdda doğulmuşuq öləndə öləcəyik,

Düzənimiz belədir alışan çox, sönən çox,

Boşalır kəndlərimiz danışan yox, dinən yox!

 

Qıfıllı qalıb evlər, tökülüb daş divarı,

Odu sönmüş ocağın qaynamır şamavarı,

Kəndimizdə səs-səmir bölünübdü tən yarı,

Kim öldü, kim dirildi, xeyir-şəri bilən yox,

Boşalır kəndlərimiz danışan yox, dinən yox.

 

Nökər olmayan yerdə nəyə lazımsan ağa?

Adam yox təndirlərə isti çörək yapmağa,

Köçüb gedir adamlar gözəl həyat tapmağa,

Bu gün, yoxsa gələcək, vallah hələ dünən yox,

Boşalır kəndlərimiz danışan yox dinən yox!

 

Tərpədərdi zəhmiylə göyü - yeri kişilər,

Silərdilər alından soyuq təri kişilər,

Hardasız dili ballı, sözü diri kişilər?

Bar verib tut ağacı meyvəsini yiyən yox,

Boşalır kəndlərimiz danışan yox,dinən yox!

 

Çağırın cavanları  durub gəlsinlər kəndə,

İş verin işləsinlər qalmasınlar dəməndə,

Şəninə bu dağların şeirlər qoşun mən də,

Göydə uçandan olaq, yerdəki sürünən yox,

Boşalır kəndlərimiz danışan yox, dinən yox!

 

“Ədəbiyyat və incəsənət”

(27.06.2024)