“Balaca qara balıq”dan Araz çayında müəmmalı boğulmayadək - SƏMƏD BEHRƏNGİNİN XATİRƏSİNƏ Featured

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

 

Mən bilmək istəyirəm görüm, həyat elə bir qarış yerdə o yan-bu yana gedib qayıtmaqdanmı, qocalıb heç nə görməməkdənmi ibarətdir, yoxsa başqa dünya da mövcuddur?!

Balaca qara balıq, Səməd Behrəngi 

 

Bu gün müəllim, tərcüməçi, nasir, publisist,  dünya miqyasında daha çox “Balaca qara balıq" əsəri ilə məşhurluq qazanmış, İranda uşaq ədəbiyyatının banisi sayılan, böyük nağıl ustası adlandırılan Azərbaycan yazıçısı Səməd Behrənginin doğum günüdür. 

 

Səməd Behrəngi 24 iyun 1939-cu ildə Təbriz şəhərində, fəhlə ailəsində dünyaya gəlib. İbtidai təhsilini Təbrizdə "Tərbiyyət" məktəbində alıb. Daha sonra təhsilini Təbriz pedaqoji texnikumunda davam etdirib.

Hələ tələbəlik illərində "Xənde" (Gülüş) adlı həftəlik divar qəzeti buraxıb. İlk

ədəbi tənqidi və satirik qələm təcrübələrini də bu dövrdə yazıb.

Əmək fəaliyyətinə Azərşəhr (Tufarqan) mahalının Mamağan, Gögan ibtidai məktəbində müəllim kimi başlayıb. Eyni zamanda 1956-1961-ci illərdə Təbriz Universiteti filologiya fakültəsinin ingilis dili şöbəsində təhsil alıb.  

Azərbaycan kəndlərini dolaşaraq folklor nümunələri toplayıb, Azərbaycan nağıllarını toplayaraq fars dilinə tərcümə edib və həmkarı Behruz Dehqani ilə birlikdə nəşr etdirib. Bu səbəbdən həmkarları onu “Azərbaycan kəndlilərinin canlı dili”, “Milli mədəniyyətin oyaq vicdanı”, “Xalqa üz tutan”, “Səyyar müəllim” adlandırıblar.

Eyni zamanda onun  fars dilindən Azərbaycan dilinə çevirdiyi tərcümələri dövri mətbuatda dərc olunub.

Səməd Behrəngi həm də İranda uşaq ədəbiyyatının banisi sayılır. İlk hekayələri “Adət”, “Binam” 1959-cu ildə dərc olunub. Sonralar “Ulduz və qarğalar”, “Çuğundursatan oğlan”, “Balaca qara balıq” və s. hekayə və nağıllarını qələmə alıb.

Ona dünya şöhrəti qazandıran "Balaca qara balıq" əsərini siyasi manifest adlandırıb və hətta İranda qadağan ediblər.

Yaşının gənc olmasına baxmayaraq böyük nağıl ustası adlandırılan Səməd Behrəngi 28 yaşındaykən 1967-ci ildə avqustun 31-də Cənubi Azərbaycanın Xumarlı yaşayış məntəqəsi yaxınlığında Araz çayında müəmmalı şəkildə boğulub. Fəaliyyətinə, əsərlərindəki siyasi motivlərə  görə dəfələrlə təqib olunduğu və əsərlərinə qadağa qoyulduğu üçün yazıçının şah rejimi tərəfindən öldürüldüyü iddiaları da mövcuddur.

 

“Ədəbiyyat və incəsənət”

(24.06.2024)