Nəsiminin yaradıcılığında kamil insan obrazı Featured

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” üçün

 

 

 

 

Üç dildə yazıb yaratmış və dünya ədəbiyyatına təsir etmək iqtidarına malik olmuş Imadəddin Nəsiminin 600 illik yubileyinin UNESKO səviyyəsində bütün dünyada qeyd edilməsi, 650 illik yubileyinin isə ölkəmizdə qeyd edilməsinin qərara alınması, 2019-cu ilin Azərbaycan Respublikası Prezidenti İ.Əliyevin sərəncamı ilə “Nəsimi ili” elan edilməsi də şairin irsinin əbədiyaşarlığının göstəricisidir.

 

İ.Nəsimi əsərlərində bütün bəşəriyyəti düşündürən  mövzulara müraciət etmiş nəhəng ədəbi simalardan biridir. Onun şeirlərində dövrə, zamana sığmayan mübariz ideyalar və çağırışlar öz əksini tapmışdır. Həmin əsərlər indi də insanlara dəyişdirici və saflaşdırıcı təsir göstərməkdədir. Bu isə onların ölməz sənət nümunələri olduğunu sübut edir.

Nəsiminin şeirlərində insana böyük dəyər verilir. Ümumiyyətlə, “Nəsimi sənəti bütövlükdə insanın qüdrətinə heyranlıqla dolu bir himn kimi səslənir.” (H.Araslı) Azərbaycan Respublikası Prezidentinin “Böyük Azərbaycan şairi İ.Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” sərəncamında oxuyuruq: “Nəsimi dünya poeziyasının ən kamil nümunələri arasında diqqətəlayiq yer tutan əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm etmişdir.”

Nəsiminin həmişyaşar əsərlərində kamil insan olmağa qüvvətli çağırışlar ifadə olunur, kamil insan təlimi və kamil insan obrazı xüsusi maraq doğurur. Nəsimi bu barədə ona qədər irəli sürülmüş bədii-obrazlı düşüncələri, qazanılmış poetik düşüncəni daha da inkişaf etdirmişdir. Onun qənaətinə görə, küllü-aləmdəki bütün canlı və cansız varlıqların ən qiymətlisi insandır. Bu səbəbdən də  filosof şairin yaradıcılığının mərkəzində yaranmışların ən kamili olan insan dayanır:

 

Ey daşəvü turaba deyən qiymətli gövhər,

İnsan öz hüsnü lütfilə gövhər deyimi ?

 

“Onun ilhamla vəsf etdiyi kamil insan obrazı orta əsr ədəbiyyatımızda sözdən yoğrulmuş insan heykəlidir. Orta əsrlər Azərbaycan poeziyasında insanı Nəsimi qədər uca və möhtəşəm səviyyədə, qüdrətli təqdim edən sənətkar olmamışdır.” (İ.Həbibbəyli) Onun ümumbəşəri dəyərləri, insanın fövqəlbəşəri varlıq olmasını tərənnüm edən əsərləri dünya ədəbiyyatında bənzərsiz poeziya nümunələri sayılır.

Şairin humanizminin özəlliyi onun insana olan böyük məhəbbəti ilə bağlıdır. Nəsiminin şəxsiyyət haqqında təsəvvürləri olduqca yüksəkdir. Bunu onun avtoportreti sayılan və Şərq poeziyasında insan haqqında ən möhtəşəm monoloq hesab olunan “Sığmazam” qəzəlində də aydın görmək və duymaq mümkündür.

Nəsimi öz əsərlərində insanı ilahi qüdrətə malik ülvi varlıq kimi vəsf edir, onu Allahın yaratdığı ən kamil yaratıq olaraq qələmə verir. O, insanların qəlbini, mənəvi dünyasını özünəməxsus şəkildə araşdırır, saf-çürük edir, mənalandırır və tərənnüm edir. Belə qənaətə gəlir ki, ancaq kamil insan Yer üzünün ən ali varlığı ola bilər. Şair belə insanları “canımın cananəsi” adlandırır:

Mərhaba, insani-kamil, canımın cananəsi,

Aləmin cismi sədəfdir, sənmisən dürdanəsi?

 

İ.Nəsimi zahirən insana bənzəyən hər varlığı insan hesab etmir. Onun sevdiyi və hörmət bəslədiyi insan ancaq kamil insandır, insanlıq adına layiq olan fizioloji-içtimai və mənəvi-ruhani varlıqdır. Kamil insan Yaradana məhəbbət bəsləyən, ruha qida verən, könlündə ilahi nuru gəzdirən, idealını arayıb axtaran, ona ayrılmış yüksək tarixi-humanist missiyanı dərk edən və yerinə yetirən insandır. Nəsiminin özü kimi. Çünki “Nəsimi özü də keşməkeşli həyatı və mübariz ruhlu şeirləri ilə kamil insan obrazının möhtəşəm şair-mütəfəkkir abidəsi kimi ucalır.”

Şair kamil insanı təkcə real dünyanın yox, geniş mənada kainatın ən uca varlığı kimi vəsf edir:

 

Mərhaba, ey bəhri-zatın kdanəgövhəri-yesi,

Şəmi-vəhdətdir cəmalın, kün-fəkan pərvanəsi,

Ta əbəd hüsnün önündə səcdəyi-şükr eylərəm,

Ey cəmalı Kəbə, sənsən kümtə-kənzin xanəsi.

 

Kamil insanın ən gözəl xüsusiyyəti özünü anlaması və dərk etməsidir. İnsanı kamilliyə aparan yol özünüdərkdən keçir. İnsan özünü dərk etdikcə kamilləşir, bütöv bir aləm olur. Şairin fikrincə, insan özünü dərk edib kamilləşdikcə Yaradanın dərgahına yaxınlaşır.

Nəsimi idealla insanlıq arasında bərabərlik yaradır. İnsanı Yaradanın mahiyyətinə yaxınlaşdıraraq onun yer üzündə nümayəndəsi sayır, üzündə Allahın nişanələrini görür, kamil insanı həqiqətin aşiqi və keşikçisi adlandırır. Şairə görə, “kamil insan elmə vaqif olub öz xilqətini dərk etdikcə anlayacaqdır ki,  Haqq-Tala elə onun özüdür.” O, fəxrlə deyir ki, adamlar Allaha şərik qoşmamaq üçün insanı Haqq (Allah) adlandırmağa qorxublar:

 

Səni bu hüsnü camal ilə, bu lütf ilə görüb,

Qorxdular Haqq deməyə, döndülər insan dedilər.

 

Bu, insana verilən müdhiş və möhtəşəm bir qiymətdir. İlahi varlıq səviyyəsinə yüksələn insan böyük mənəvi sərvət olub, ədalətli cəmiyyət qurmağın əsasını təşkil edir. Filosof şair belə insanların səcdəyə layiq olduqlarını söyləyir.

Şairin fikrincə, insan özünü dərk etmək üçün ilk növbədə nəfsinə qalib gəlməli, qəflət yuxusundan ayılmalıdır. Böyük mütəfəkkir anladır ki, nəfsinə düşkün olan insan adi heyvandan fərqli deyil. Nəfsinə hakim olmayanlar əzab və gərəksiz yükdən başqa heç bir şeyə sahib ola bilməzlər:

 

Bir ovuc tozdur küləklər qarşısında bədən,

Ömrümüz qor tək ərir hər an günəşdən, şölədən,

Insan üçün mərifətdən özgə yoxdur bir bəzək,

Aqil insan zər üçün öz ömrünü verməz bada.

 

Nəsimi cəhaləti bir bəla hesab edir. Onun fikrincə, savadsız və nadan, səhvlərindən əl çəkməyən, dəyişməyə və tərəqqiyə açıq olmayan insan çox təhlükəlidir. “Onun həyat tərzi heyvanatın tərzi həyatı ilə uyğundur.” Belələri cəhalət üzündən özlərinin xaliq olduqlarını anlamırlar. Ona görə də şair öz əsərlərində insanları cəhalətdən ayılmağa, ayıq olmağa, vəhşi instiklərdən əl çəkməyə, şər işlərə və əməllərə səsləyən “nəfsi əmmarədən” uzaqlaşmağa və biliyə açıq gözlə baxmağa, həyat və kainatın sirlərini öyrənməyə - kamilləşməyə çağırır.

 

“Ədəbiyyat və incəsənət”

(24.06.2024)