Uğur böcəyi və dilemma - ESSE Featured

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Gecə erkəndən yatıb səhər günəşlə birlikdə yuxudan oyandım.

Səba küləyinin gətirdiyi təmiz havanı bir nəfəsdə ciyərlərimə doldurub, küləyin üzümdə, saçlarımda dolaşan sərin nəvazişlərini hiss etdim. Məşriqin qızarmış al yanaqları sanki yeni oyanan hər kəsə “sabahın xeyir” deyirdi.  Bir ovuc dolusu buz kimi soyuq suyla bütün dünəni üzümdən yuyub yepyeni bir günə başladım. Tam da Anton Çexovun təsvir etdiyi kimi idi bu açılan yeni gün. O qədər gözəl idi ki, çaymı dəmləyim, yoxsa gedib özümü asımmı, qərarsız qaldım. Lakin dibçəklərdəki çiçəklərin gözünün boylanıb üzümdəki su damlalarında qaldığını görəndə o saat nə etmək lazım olduğunu anladım. Torpağına tökdüyüm suyu bir udumda canına çəkən çiçəklərin kövrək tumurcuqları geniş açılan çəhrayı ləçəkləriylə sanki mənə minnətdarlıq edirdi. Sıçrayıb ləçəklərinin üstünə qonan balaca su damcıları elə bil çiçəklərin gülən üzündəki qəmzəydi. Budur elə günün ilk qonağı da yaşıl yarpaqların arasından təşrif buyurdu. Qara xallı qırmızı paltarı olan kiçik bir uğur böcəyi idi bu.

Onu görcək sövqi-təbii bir epizod canlandı gözlərimin önündə.

 

Gənc bir qadın çöməlib bağçadakı gülləri əhatələmiş alaq otların təmizləyir. Və saçları keçi yığılmış balaca bir qız uşağı güllərin arasında gəzib onların qopub yerə düşmüş çiçəklərini toplayır.

"Aaaa ... Ana... ana ... bax uğur böcəyi tapdım, gör nə qəşəngdir"-, balaca qız otların arasından tapdığı balaca uğur böcəyini ovcunun içinə alaraq anasına göstərir.

-Elədir, çox gözəldir.

-Ana, olar onu özümlə birlikdə evə aparım? Kitab rəfimdəki kitabların, yada güldandakı çiçəklərin üstünə qoyaram.

"Mənim daha yaxşı bir fikrim var"-, deyərək Ana uğur böcəyini ehmalca qızının balaca ovcundan öz ovucuna doğru istiqamətləndirərək sözünə davam edir.

-Bilirsən, uğur böcəklərinin xüsusi bir misiyası var, onlar insanların rastına elə-belə çıxmır. Onlar insanları anlayırlar və əgər insanlar uzaqlarda olan doğmaları üçün çox darıxırlarsa uğur böcəkləri uçub onların darıxdıqları doğmalarını onların yanına gətirə bilirlər. Əgər sən uğur böcəyindən gedib sənin üçün çox sevdiyin bir insanı gətirməsini istəsən və onu uçub getməsi üçün havaya buraxsan, o uçub tez bir zamanda darıxdığın o insanı sənə gətirəcək.

 

*

Bəlkə də o gün anamın sırf mən uğur böcəyini incitməyim, onu rahat buraxım deyə uydurduğu bu nağılı o qədər sevmişdim ki, o gündən sonra harda bir uğur böcəyi görsəm onu ehmalca ovcuma alaraq uşaq ağlımla ondan gedib sevdiyim bir insanı bizə qonaq gətirməsini istəyər və onu aid olduğu təbiətə geri buraxardım. Uşaq yaşlarında bu insanlar çox zaman ya bir dayı olardı mənim üçün, ya da bir bibi. Xatırlamıram o vaxtlar uğur böcəyi ondan gətirməsini istədiyim insanları gətirirdimi mənə, ya yox, amma zaman keçdikcə uğur böcəyindən heç kəsi istəmirdim daha, bəlkə də böyümüşdüm, uşaq deyildim və bu nağıl öz sehrini itirmişdi mənim üçün, ya bəlkə də ondan gətirməsini istəyəcəyim bir kimsə yox idi artıq, bilmirəm...  

Lakin aradan çox uzun illər keçəndən sonra bir gün mən yenə uşaqlığımdakı kimi inanmaq istədim nağıllara və ilk dəfə yenə uğur böcəyindən mənə bir insanı gətirməsini istədim. Amma nəinki uğur böcəyi o insanı gətirdi, əksinə, o insanla aramızdakı "məsafələr" daha da artıb dibsiz bir uçuruma döndü. Və bu uzaqlığın, bu məsafənin özü də mənim ruhumda dibsiz uçurum kimi qara bir boşluğa çevrildi.

 

*

Və bu gün mən güllərin yarpaqlarının arasından mənə qonaq gəlmiş o uğur böcəyindən bu dəfə çox fərqli birşey istədim. Ondan içimdəki dibsiz qara boşluğa işıq saça biləcək kiçicik bir xoşbəxtlik gətirməsini istədim. Axı xoşbəxtlik də artıq uzaqlardakı bir doğma kimi idi mənə. Amma eyni ilə bir uşağın nağıllara inandığı kimi, böyük bir inamla istədim bunu.

Bilirsiz, böyük bir inamla istədim dediyim o duyğu nəyə bənzəyirdi?

Həyat gözəldir dedikdən bir il sonra intihar edən Çaykoviskiyə... Bəli həyat belədir, bu gün sənə gözəl olduğunu diktə etdirərkən, sabah intihar da etdirə bilir.

 

“Ədəbiyyat və incəsənət”

(21.06.2024)