Vətənə, obasına bağlı görkəmli alimimiz - Valeh Nəsibli! Featured

Səbinə Yusif, “Ədəbiyyat və incəsənət”

 

Qurban bayramını bayram etdiyimiz istirahət günlərində həm də filologiya elmləri doktoru, hamımızın əzizimiz Valeh Nəsiblinin doğum gününü qeyd etdik. 

 

Valeh Nəsibli 1959-cu il iyun ayının 18-də Qazax rayonunun (indiki Ağstafa rayonu) Saloğlu kəndində anadan olub.

1976-cı ildə Saloğlu kənd orta məktəbini bitirib.

1981-ci ildə Mirzə Fətəli Axundov adına Azərbaycan Pedoqoji Rus dili və Ədəbiyyatı İnstitutunu fərqlənmə diplomu ilə bitirib. Həmin ildə institutun elmi şurasının qərarı ilə gənc mütəxəssis kimi institutda saxlanılıb.

1981-ci ilin noyabr ayından 1983-cü ilin may ayına kimi Rusiya Federasiyasının Mojaysk şəhərində həqiqi hərbi xidmətdə olub.

1983-cü ilin sentyabr ayından 2018-ci ilin sentyabr ayına kimi BSU-nun “Müasir rus dili” kafedrasında baş loborant, müəllim, baş müəllim, dosent vəzifələrində çalışlb. 2016-cı ilin sentyabr ayından 2018-ci ilin sentyabr ayına kimi həmin kafedranın müdiri vəzifəsində işləyib. 

Həmçinin 1997-ci ilin sentyabr ayından 2001-ci ilə qədər Mirzə Fətəli Axundov adına APRDƏİ-nun magistatura şöbəsinin müdiri olub. 

1991-ci ildə “Rus dilinin söz yaradıcılı”ğından elmlər namizədliyi dissertasiyasını müdafiə edib. 

2015-ci ildə “Rus və Azərbaycan dillərinin söz yaradıcılığının müqayisəli tipologiyası” üzrə doktorluq dissertasiyasını müdafiə edib. 

Müxtəlif zamanlarda paralel olaraq Dağıstan Dövlət Universitetinin Bakı filialında dekan, Milli Aviasiya Akademiyasında, Azərbaycan Müəllimlər İnstitutunda, Bakı Biznes Universitetində dosent vəzifəsində çalışıb. 

2019-cu ilin yanvar ayında Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının nəzdindəki “Xarici Dil və Tərəfdaşlıq Mərkəzi”nin “Slavyan və Şərq dilləri” bölməsinin rəisi vəzifəsinə təyin edilib. 

Doğma yurda olan sevgisi Valeh Nəsiblini Qazaxda işləməyə aparıb. 2021-ci ildən o, BDU-nun Qazax filialında fəaliyyət göstərir. Gənc nəslin savadlı, təlim-tərbiyəli, vətənpərvər yetişməsində bir müəllim kimi öz işini şərəflə yerinə yetirir.

Valeh Nəsibli elmi fəaliyyəti ilə yanaşı ictimai fəaliyyəti ilə də fərqlənən ziyalıdır.

1992-ci ildən 2015-ci ilə kimi “Qazax Xeyriyyə Cəmiyyəti”nin (indiki “Qazax Xeyriyyə” İB-nin) İdarə Heyətinin üzvü olmuşdur. Həmin Cəmiyyətin mətbu orqanı olan “Dəli Kür” qəzetinin yaradıcılarından biri olan Valeh Nəsibli uzun illər qəzetin məsul katibi vəzifəsində çalışmışdır.

100-ə qədər elmi məqalənin, 1 monoqrafiyanın, Rus dilində 1 lüğət kitabının, 4 metodik vəsaitin, 100-dən artıq publisistik məqalənin müəllifidir.

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov, İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları Valeh Nəsiblini 65 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona can sağlığı, uzun ömür və işlərində uğurlar arzulayırlar.

"Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin qərarı ilə Valeh Nəsibli İctimai Birliyin bütün tədbirlərində fəal iştirak etdiyinə görə və anadan olmasının 65 illik yubileyi münasibətilə "Fəxri Diplom"la təltif olunub. Yaxın günlərdə "Fəxri Diplom" Valeh Nəsibliyə təqdim olunacaqdır.

 

“Ədəbiyyat və incəsənət”

(20.06.2024)