ŞƏMİL SADİQ: “Mənə öyrənməyi “İdeal” əsəri öyrətdi” Featured

“Ədəbiyyat və incəsənət” portalı Xalq Yazıçısı İsa Muğannanın naşiri olmuş Şəmil Sadiqin bir xatirə yazısını diqqətinizə çatdırır.

 

Firuzə xanım: -Allahdan bir arzum var ki, İsa yaşadığı müddətdə məni də yaşatsın. Onu heç kimə etibar edə bilmərəm.

İsa Muğanna:- Onda gərək əbədi yaşayasan!

 

Ağlımın kəsdiyi zamanlarda oxuduğum ilk əsər “İdeal” romanı idi. Əruzşünas alim Zülfəli Zülfəliyevin məsləhəti ilə oxumuşdum. Nə qədər ağır bir əsər olsa da, əsər elə bir formada təqdim edilib ki, bu ağırlığı hiss etmədim. Dünyagörüşü yeni formalaşmaqda olan, ədəbiyyat aləminə atılmağı belə ağlına gətirməyən, sadə kənd uşağının dünya sirlərini özündə daşıyan kainat qədər ağır bir əsəri dizləri əsə-əsə, boğazı quruya-quruya oxuması ona bir istiqamət verdi. Həyat fəlsəfəsini, milli kimliyi, mifik dünyagörüşlərin altında gizlənən tarixi, dildəki kodlu sözlərdə yaradılışın sirlərinin necə gizlədildiyini araşdırmağı, öyrənməyi “İdeal” əsəri öyrətdi mənə. Hər cümlədən sonra kasıb kitab rəfimdən yeni bir kitabı masanın üstünə gətirməyi, müqayisəni, müqayisəli təhlili, məntiqi ardıcıllığı, şübhəni, düşünməyi bu əsər öyrətdi mənə...

“İdeal” romanını oxuduğum gündən müsahibim olan, kitabı sevən, milli qürurunun olduğunu hiss etdiyim hər kəsə bu kitabı tövsiyə etdim. Oxuyanlardan “sağ ol” aldım. Sonra da özüm üçün də üstüörtülü qalan suallara cavab verməyim istənildi. Çıxılmazlara girirdim bəzən və sonda bir gün bu “Sirr qoxuyan kişi”nin özü ilə görü-şüb bu suallara cavab alacağımı düşünürdüm həmişə.

Tələbə vaxtı bu görüş üçün çox çalışsam da, alınmadı. Son dövrlərdə İsa Muğanna ilə görüşmək üçün çox cəhd etdim. Bütün yazıçı dostlarıma, ona yaxın olacaq bir neçə başqa şəxslərə də xahişdə bulundum. Amma mümkün olmurdu ki, olmurdu. Adətən də, səhhətinin yaxşı olmadığı üçün bu, baş tutmurdu.

Bir gün dostum Əli İbrahimbəyli zəng etdi ki, “səni İsa Muğanna ilə görüşdürəcəyəm. Bu şad xəbərə muştuluq nə verəcəksən?”

Çünki bir vaxtlar bir tələbə üçün əlçatmaz zirvədə olan böyük bir şəxsiyyətlə görüşməyin mənim üçün ən şad xəbər olduğunu bilirdi.

Və beləcə İsa Muğannanın əlini sıxmaq və o əllərdən öpmək şərəfinə nail oldum. Qapalı dünyamdakı bütün suallara Muğannanın özündən cavab aldım. Bu sirli insanın təvazökarlığı və məntiqi əsərlərində olduğundan daha çox heyran etdi məni.

Həyat yoldaşı Firuzə xanımla münasibətləri və bu yaşda insanların bir-birinə necə hörmət və sədaqətlə ya-naşmaları onlara qibtə etməyə məcbur edirdi adamı.

İlk görüşümüz elə Əli İbrahimbəyli ilə birgə baş tutmuşdu. Elmə, incəsənətə və mədəniyyətə böyük qiymət verən Əli müəllimin və mənim suallarım Muğannanı 200000 illik tarixin dərinliklərindən, 70-80-ci illərin Yazıçılar Birliyinə, ordan bu günə və gələcəyə aparırdı. Hərdən Firuzə xanımın ərkyana “İsa, bir az nəfəs al, yavaş-yavaş danış” deyərək keçirdiyi narahatçılıq bizi susmağa və seyr etməyə məcbur edirdi.

Söhbət əsnasında indiki gənclikdən şikayətini də dilə gətirdi ustad sənətkar. Əsərlərinin oxunmamasından və yenidən nəşr olunmamasından danışdı. Elə bil neçə illərdir, arzusunda olduğum fikrimi səsləndirmək üçün kömək etdi mənə. Və söz verdim: “85 illik yubileyinizə “İdeal” silsiləsindən, SafAğ elminin əsasları olan 6 əsəri müasir tələblərə uyğun çap edəcəyik”. Və belə də oldu: “İdeal”, “Məhşər”, “Qəbiristan”, “Cəhənnəm”, “İsahəq-Musahəq”, “GurÜn”, “İlan Dərəsi” əsərlərini redaktorluğumla çap etdik. Həftədə bir dəfə İsa müəllimi görməyə getdim, qeydlərimizi, dizaynlarımızı ona göstərdim, kitabın formatı haqqında fikirlərini öyrəndim, düzəlişlərini götürdüm. iki eynəyi üst-üstə qoyub oxumasına baxmayaraq, ustad sənətkar hər bir kitabının korrektə səhvinə belə diqqət yetirirdi. Ən çox üstündə işlədiyimiz əsər isə “İdeal” oldu. Çünki həmin əsərə iki ayrıca bölmə yazmış, bəzi hissələrə isə xeyli əlavələr etmişdi. Digər tərəfdən də “Yanar ürək”dən bu tərəfə “heç kəsin anlamadığı bədbəxt OdƏr”in yazdığı bu əsər hər işarəsində böyük bir məna daşıyır, hər bir hərfi bir körpüdür. İsa Muğannanın xətti də o qədər mistikdir ki, bəzən elə olurdu ki, zəng edib filan sözdəki filan hərfdən sonra gələn hərf nədir deyə soruşmasaq olmurdu.

Hər dəfə də ağsaqqalın ocağında süfrə açılırdı. İstər Firuzə xanım, istərsə də qızı Sevinc xanım qərb bölgəsinin zəngin nemətləri ilə bəzədilmiş süfrəyə əyləşməyimizi israrla tələb edirdi. O qədər qayğı ilə, o qədər səmimi şəkildə yeməyi təklif edirdi ki, etiraz etməyə belə adam utanırdı. Əsl azərbaycanlı ağbirçək təcəssüməsidir Firuzə xanım.

Firuzə xanımın İsa müəllimə qayğısı hər an diqqəti çəkir, bir Azərbaycan qadınının timsalında onunla fəxr edirdim. Söhbətlərin birində Firuzə xanım dedi ki, Allahdan bir arzum var ki, İsa yaşadığı müddətdə məni də yaşatsın. Onu heç kimə etibar edə bilmərəm. İsa müəllim özünəməxsus tərzdə güldü və dedi: – “Onda gərək əbədi yaşayasan!”

Bəli, İsa Muğanna əbədi yaşamağa haqqı çatan bir şəxsiyyətdir. Və sözsüz ki, yaşayacaq da. O vaxta kimi yaşayacaq ki, işıq gəmisi Olama-Yerə ensin və bu dünyanı bir ideya altında birləşdirsin, sülhü, əminamanlığı bərqərar etsin. Bağ Atanın OdƏrləri ağ günə çıxsın!

Bir gün demək olar ki, redaktoru olduğum bu əsərlərin hamısının çapı bitdi. Ən son əlimə aldığım əsər isə “İdeal” romanı oldu. 750 səhifəlik bu əsər möcüzəvi bir görünüşlə ruhumun və kitab rəfimin şahı oldu. Sanki arzusunu belə qəlbimə gətirməyə çəkindiyim bir iş baş tutdu.

Mənim  də Ustad sənətkarımıza bir töhfəm oldu. “OdƏrlər” romanım. Roman haqqında İsa Muğannaya danışdım. Kişinin elə bil çiçəyi çatladı. “Nə vaxt verirsən, oxuyum”, – dedi. Buna inanmadım. Səhhətinin o qədər də yaxşı olmadığını görürdüm. Bunu oxumasını ondan istəməzdim. Amma israrla çap edib gön-dərməyimi istədi. Kitabı verdim. Üç gündən sonra zəng etdi:

– Ya Allah! Ya Allah! Necəsən? Əsərini oxudum, ürəyimə çox yatdı. Çox mənalı, müdrik, ali roman yazmısan. Sevinə-sevinə təbrik edirəm. Böyüksən, amma daha böyük gələcəyini gözləyirəm... Xahiş edirəm səhifələrin arxasındakı qeydlərimə laqeyd olma... Çünki bizim ikimizin taleyi var bu kitabda. Tale birliyi, əbədi yazıçılıq birliyi, gələcək həyat birliyi böyük, nadir xoşbəxtlikdir...

Məncə, heç bir azərbaycanlı “İdeal”ı oxumadan, Azərbaycan ədəbiyyatı ilə tanışam deyə bilməz.

Məhz bu səbəbdən də mənim üçün İsa Muğanna yaradıcılığı “İdeal”dan sonra başladı. Ondan sonra yazılan bütün əsərləri “İdeal” silsiləsinin davamıdır və təəssüflər olsun ki, ədəbiyyatşünaslığımız tərəfindən layiqli qiymətini almamışdır hələ ki. Ümid edirəm ki, oxucu da, alim də qorxmadan, çəkinmədən “İsahəqq, Musahəqq”i, “GurÜnü”,  “Türfə”ni,  “İlan dərəsi”ni, “Cəhənnəm”i, “Qəbiristanı”  əlinə alacaq, oxuyacaq və münasibətini bildirəcəkdir bir gün.

Giriş bir az uzun olsa da, bu tədqiqat işində Muğannanın “İdeal”dan sonra yazdığı əsərlərin tarixi, yazılma və çap olunma dövrləri, çapdakı maneələr və müəllifin əsərlərinə dönə-dönə qayıtmasının səbəblərini, İsa Muğannanın bir psotmodernist yazar kimi, magik realizmin banisi kimi, yeni ideoloji konsepsiyanın yaradıcısı kimi, dinə olan yeni baxışının, romanlarının poetikasını araşdırmağı qarşımıza məqsəd kimi qoyduq.

 

“Ədəbiyyat və incəsənət”

(13.06.2024)