Nisgillərini misralara çevirən VƏFA Featured

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” üçün

 

 

Vəfa onun adıdır, soyadı isə Qurbanovadır.

Çox qısa tərcümeyi-halı var.  Valideynlərinin hər ikisi də müəllim olub. 1971-ci ildə Oğuz (keçmiş Vartaşen) rayonun Yaqublu kəndində anadan olub. Orta təhsiliniə öz kəndlərindəki orta məktəbdə alıb. BDU-nun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Hazıırda öz doğma kəndindəki tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyir. Bir oğul balası ilə həmin kənddə tənha bir həyat yaşayır. Ürəyinin və qəlbinin niskilini misralara çevirir.

 

Təsadüfi deyildir ki, AYB-nin, Jurnalistlər Birliyinin və Rəssamlar İttifaqının  üzvü, oçerk, hekayə, povest və romanlar  müəllifi, naşir, tanınmış rəssam Ə.İbrahimovun başqa bir münasibətlə dediyi “Bu şeirlərdə həyatın mənasına dərin hörmət və heyrət özünü göstərir. Onun hər bir şeirində həyat lövhələri, sadə insanların həyatında baş verən tipik lövhələr və aktual problemlər təsvir olunur” fikrini istisnasız olaraq Vəfanın yaradıcılığına da aid edə bilərik.

Vəfanı yaxından tanıyan, AYB-nin və Jurnalistlər İttifaqının üzvü, tanınmış yazar P.Qurbanov onun haqqında deyir: ”Tək-tənha yaşayıb yaradan, yazdıqlarını heç kimə göstərməyən bir Amerika şairəsinin (o sonralar Amerikanın klassik şairi olub) taleyinə bənzətdim Vəfanın həyatını...” Həqiqətən, bu günə kimi onun şeirləri mətbuat səhifələrində dərc olunmamışdır.

Onun bir neçə şeirini hörmətli oxucuların  nəzərinə çatdırmaqla bu “ənənəni” pozmaq istərdik.

 

VAXTSIZ SOLAN YARPAQLAR

Səhrada yol itirmiş,

susuzluqdan, aclıqdan,

əzab çəkən karvandır

vaxtsız solan yarpaqlar.

 

Vaxtında deyilməmiş,

kəsərini itirmiş,

qiymətli gözəl sözdür,

vaxtsız solan yarpaqlar.

 

Bar verməyən məhəbbət,

qarşılıqsız sevgidir,

vaxtsız solan yarpaqlar.

 

Boşa çıxmış son ümid,

baş tutmayan arzudur,

vaxtsız solan yarpaqlar.

 

Yaralanmış, talanmış,

tənha qalmış ürəkdir,

vaxtsız solan yarpaqlar.

 

Həyatdan nakam getmiş,

talesiz insanlardır,

məhv olmuş arzulardır,

vaxtsız solan yarpaqlar.

 

 

ÇƏTİNDİR, ÇƏTİN

 

Quş olub yuvadan uçmağa nə var,

Yüksəklərə qalxmaq çətindir, çətin.

 

Dən olub torpağa düşməyə nə var,

Cücərib boy atmaq çətindir, çətin.

 

İşıqlı dünyaya gəlməyə nə var,

İnsantək yaşamaq çətindir, çətin.

 

Ölüb bu dünyadan getməyə nə var,

Yaddaşlarda qalmaq çətindir, çətin.

 

 

BİR RUHUM VARDI...

 

Oxum dəydi daşlara,

Yaxdı odu özümü,

Sevinc getdi, qəm gəldi,

Silən yoxdu gözümü.

 

Bir ruhum vardı: şeir,

O da uçdu göylərə,

Bəyaz buluda döndü,

Tuş gəldi küləklərə.

 

Tale, qismət deyirlər,

Hey nəsihət verirlər:

-Yaman günün ömrü az,

Gün geçdi, soldu güllər.

 

Arxam, dayağım ata,

Vüqarımdın, ay ata,

Getdin bizi tərk etdin,

Kimsəsiz qaldı Vəfa.

 

“Ədəbiyyat və incəsənət”

(07.06.2024)