“Ucalardan uca bayrağım“- Məhəmməd Əmin Rəsulzadə barədə hekayətlər Featured

Zahirə Cabir yazır

 

“Ədəbiyyat və incəsənət” portalı publisist Zahirə Cabirin Məhəmməd Əmin Rəsulzadə barədə hekayətlərinin dərcini yekunlaşdırır. 

Hekayətlərin dərcində məqsəd - uşaqlara bu dahi şəxsiyyəti daha yaxından tanıtmaqdır. 

 

Ucalardan uca bayrağım

 

Əgər boş vaxtın varsa, əlinin altında yaxşı bir kitabın yoxdursa və telefonda oynamaqdan, televizora baxmaqdan bezmisənsə, ən yaxşısı budur ki, hansısa muzeyə get. Nəinki gözəl vaxt keçirəcək, həm də bir çox maraqlı şeylər öyrənəcəksən. Əbəs yerə deyil ki, hər hansı bir şəhərin görməli yerləri arasında muzeylər, demək olar ki, birinci yeri tutur. Bakıda da çoxlu muzeylər var.  Milli İncəsənət, Xalça, xatirə, tarix-diyarşünaslıq, ev muzeyləri... Belə muzeylərin niyə maraqlı olduğunu izah etməyə yəqin ki, ehtiyac yoxdur.

Mən də üz tutdum Milli Azərbaycan Tarix muzeyinə. Bu muzeydə heç vaxt olmamışdım. Muzeyin bələdçisi binanın 1895-1897-ci illərdə tikildiyini və Azərbaycan milyonçusu Hacı Zeynalabdin Tağıyevin mülkü olduğunu söylədi. Burada qədim dövrdən başlayaraq Azərbaycan tarixinin bütün mərhələlərinə dair qiymətli eksponatlar toplanmışdır. 300 mindən çox eksponatı olan muzeydə xalqımızın bir  çox görkəmli şəxsiyyətlərinin təhsil almasına yardımçı olmuş Hacı Zeynalabdin      Tağıyevin həyatı və fəaliyyətinə dair fotoşəkillər, tarixi sənədlər, ona məxsus         qiymətli əşyalar da toplanmışdır.

Muzeyin Azərbaycan Demokratik Cümhuriyyətinə aid bölməsində diqqətimi çəkən Cümhuriyyət yaradıcısı Məhəmməd Əmin Rəsulzadənin həyat yoldaşı ilə birlikdə hazırladığı üçrəngli Azərbaycan bayrağı oldu. Muzeyin bələdçisi bildirdi ki, Türkiyədə mühacirətdə olan Məhəmməd Əmin Rəsulzadə öz həyat yoldaşı ilə birgə 1952-ci ildə 28 may günündə ipəkdən olan bu bayrağı öz əlləri ilə tikiblər. Mühacir Gülmirzə Bağırov bu bayrağı onun ölümündən sonra qoruyub saxlamış və Milli Azərbaycan Tarix Muzeyinə vermişdir. Bələdçinin söylədiyinə görə Məhəmməd Əmin hara gedərdisə bu bayraq daima onunla olardı. Dostları ona “bayraq adam” deyərdilər.  Yadıma bayrağa olan sonsuz ehtiramını coşquyla ifadə edən Əhməd Cavadın bu sözləri düşdü:

Təmiz alnındakı tozu, torpağı,

Haqq üçün açdığın əllərinlə sil!

Qalxıb, bir də enməz elin bayrağı,

O sənin, o mənim əlimdədir, bil!


Anladım ki, Bayrağın dəyəri onun daşıdığı mənada və uğrunda canından keçən həqiqət yolçularının qanına boyanmasındadır. Hansısa coğrafi məkanın Vətən mərtəbəsinə ucalması isə o torpaqda boy atan oğulların o torpaq üçün haqq davasına könül verməsi, ömür verməsi ilə mümkündür. Vətən varsa, bayraq var, vətən yoxsa, bayraq - qonmağa yeri olmayan quş kimidir.

Ertəsi günü məktəbdə dostlarıma tarix muzeyinə getməyimdən, orada gördüklərimdən danışdım, təəssüratlarımı bölüşdüm. Hətta “bu sehirli aləm”dən ayrılarkən muzeyin “Rəy kitabı”na ürək sözlərimi yazmağımı da onlara dedim. Yazmışdım ki: “Bu gözəl muzeydə olduğu kimi hər kəs öz tarixini qorumalı və yaddaşında hifz etməlidir. Məhəmməd Əmin Rəsulzadənin öz əlləri ilə tikdiyi bayrağı bu muzeydə qoruduğunuz üçün Sizə təşəkkür edirəm”.

Dostlarım heyranlıqla mənə qulaq asıb mütləq gedib baxacaqlarını bildirdilər. Əlbəttə ki, atalar demişkən “Min eşitməkdənsə, bir dəfə görmək yaxşıdır”.  Mən özlüyümdə çox sevinirdim. Elə bil ki, yeni bir dünya kəşf etmişdim. Tariximizin, mədəniyyətimizin, ədəbiyyatımızın zəngin olması ilə fəxr edirdim. Gözümün qarşısında isə Cümhuriyyət banisi Məhəmməd Əmin Rəsulzadənin öz əlləri ilə tikdiyi bayraq, onu qoynunda əzizləyərək saxlaması canlanırdı. Bir an içimdə özümü bayrağa bürünmüş hiss etdim.

 

“Ədəbiyyat və incəsənət”

(04.06.2024)