Yüz ildir ki, heç nə dəyişmir - “MOLLA NƏSRƏDDİN”İN İŞIĞINDA Featured

Rate this item
(0 votes)

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi – “Ədəbiyyat və incəsənət” üçün

 

 

 

Birmənalı şəkildə demək olar ki, həm özünəqədərki, həm də özündən sonrakı mətbuat orqanları arasında qadın azadlığı uğrunda “Molla Nəsrəddin” qədər geniş və fəal mübarizə aparan ikinci bir Azərbaycan jurnalı və qəzeti olmamışdır. Fanatizmin hökm sürdüyü bir dövrdə qadınların hüququ lehinə ən ucadan səs qaldıran “Molla Nəsrəddin” məcmuəsidir. Jurnalda qadın azadlığı qırmızı bir xətt kimi keçir.

 

Təsadüfi deyildir ki, “Molla Nəsrəddin”in naşiri və redaktoru C.Məmmədquluzadə 1924-cü ildə “Köhnə dərdim” məqaləsində yazırdı: “...bütün ömrümdə vurduğum qələmin şox hissəsi Şərq qadını məsələsi üstündə vurulub.”     

Onun məslək dostu, jurnalda “sahibi-ixtiyar” olan Ö.F.Nümanzadə isə öz xatirələrində deyirdi: “...Qadın hüquqsuzluğunu içtimai nöqsanlarımızın  ən böyüyü hesab edərək istər “Şərqi-Rus”da, istərsə də bundan üç il sonra nəşr olunan “Molla Nəsrəddin”də bu barədə uzun-uzadı bəhs etməyi bir vəzifə bildim.”

Ümumiyyətlə, molla nəsrəddinçilər içərisində qadın azadlığı barədə düşünməyən, bu sahədə “qələm çalmayan” olmamışdır. Bu da səbəbsiz deyildi. “Molla Nəsrəddin”nin fkrincə, xalqın gələcək nəslini yetirən, uşaqlara tərbiyə verən qadın əsarətdə qala bilməz, hüquqsuz ola bilməz, elmsiz və nadan qalmamalıdır.

Jurnal qadın azadlığı məsələsində öz mövqeyini heç vaxt dəyişməmişdir. Nə redaktor, nə də müxbirlər jurnalın qapanmaq təhlükəsindən, məhkəmə cəzalarından, hədə-qorxu, təzyiq və təqiblərdən çəkinməmiş, öz mövqelərini sona kimi müdafiə etmişlər.

İlk nömrəsindən başlayaraq “Molla Nəsrəddin” qadın mövzusunu satirik publisistikaya yeni gətirilən üsul və vasitələrdən, sual-cavab, atalar sözü, lüğət, tapmaca və s.-dən istifadə etməklə səsləndirdi“Molla Nəsrəddin” Azərbaycan qadınlarının ağır maddi-mənəvi vəziyyəti, zülm və cəhalət içərisində yaşaması, elm və təhsildən uzaq düşməsi, bütün insani hüquqlardan məhrum olması və s. barədə ardıcıl yazılar verirdi. Jurnal “çarşabını başına salıb lal kimi” dolanan qadınların halına acıyırdı. Qadınların ah-nalə ilə dolu, faciəli həyat tərzi ruhi çırpıntılarla təsvir olunurdu. C.Məmmədquluzadə jurnalın 1907-ci il 19 saylı nömrəsində yazırdı: “...Bu sözləri yaza-yaza akoşkadan baxıram qara buludlara. Gah elə xəyalıma gəlir ki, bu buludlar Qara dəryanın və Kaspi dəryasının rütubətidir ki, günün hərarəti onları çəkib gətirib ki, burada ondan yağış əmələ gəlsin. Gah xəyalıma gəlir ki, xeyr, bu buludlar müsəlman övrətlərinin ahü fəqanlarının buludlarıdır və bu yağışlar dərya suları deyil, bu bəxtiqaraların göz yaşlarıdır.”

“Arvad öldürənlər”, yaxud “Qeyrət”, “Nişanlı bir qız”, “Doqquz yaşında”, “Bədbəxtlik”, “Qız götürüb qaçma”, “Göz yaşları” və başqa felyetonlarda isə qadın hüquqsuzluğu, qadının söz sahibi olmaması, onlarla satlıq əşya kimi rəftar  edilməsi, çadra örtməyə məcbur edilmələri, azyaşlı qızların zorla ərə verilməsi və qaçırılması ürək ağrısı ilə lənətlənirdi. “Yaşı doqquza çatmayan qızları beş quruşa qoca kişilərə satan” valideynlər ifşa olunurdu. Bu cür insaniyyətdən, mərifətdən, namus, qeyrət, din və şəriətdən kənar işlərə rəvac verən “din xadimləri” qamçılanırdı.

“Molla Nəsrəddin” öz səhifələrində yazırdı ki, azyaşlı qızların bu faciələrinə “...daşlar ağlayır, quşlar yas tutur, çöllər qara geyir, dünyəvü aləm yas qurur.” Amma müsəlman aləmi buna reaksiya vermir ki, vermir. C.Məmmədquluzadə “bu bədbəxlikdən, bu biabırçılıqdan” qurtulmaq üçün bir qanun qoyulmasını tələb edərək yazırdı: “...Lazımdır elə bir qanun qoymaq ki, qızlarımız yetişmiş yaşlarına çatmamış onların ərə getmək ixtiyarı olmasın. Əlbəttə, belə qala bilməz: bu bədbəxlikdən, bu biabırçılıqdan bir yolluq qurtarmaq lazım.”

“Molla Nəsrəddin”in hicab və çadra məsələsinə də münasibəti çox kəskin idi. “Məktəbdə çarşab”, “Çadra və papaq”, “Nicab məsələsi və cavabımız”, “Arvada gücləri çatır” və “Qız uşağı” adlı yazılarda çarşab namus qoruyucusu yox, qadın üçün həbsxana hesab olunurdu.

Jurnal “Erməni və müsəlman övrətləri” felyetonu ilə Azərbaycan mühitində ilk dəfə belə bir mühüm məsələyə toxunmuşdu: görəsən, şəriət müsəlman qadınına çadrasız gəzməyə və təhsil almağa icazə verirmi ?

Yazının müəllifi – Ö.F.Nemanzadə  dini mənbələrə istinad edərək sübut etmişdi ki, Quranda üz açmağı qadağa və haram edən bir ayə və işarə yoxdur. Bu, dindarlar arasında çox böyük hay-küyə səbəb olmuşdu. Hətta həmin qaraguruhçuların təkidi ilə 1907-ci ildə jurnal müvəqqəti bağlanmışdı. Tiflisdəki Şah Abbas məsçidində “Molla Nəsrəddin” şərti məhkəməyə də çəkilmişdi. Məhkəmədə iştirak edən Ö.F.Nemanzadə felyetonda söylənilənləri bir daha isbat etmişdi. Qarşılıqlı fikir ixtilafları düz dörd il davam etmişdi. Nəhayət, 1911-ci ildə Zaqafqaziya müftisi H.Qayıbov “Molla Nəsrəddin”in  qadın azadlığı barədə çıxışını müdafiə edərək göstərmişdir ki, şəriət qadınların əl və üzlərinin açılmasını və maariflənməsini qadağan etmir.

“Molla Nəsrəddin” qadınları çadra altından, dörd divar arasından  çıxıb elmə, maarifə qovuşmağa, içtimai həyatda insanlıq mövqeyi tutmağa səsləyirdi. Jurnal maariflənmənin “ölüm-dirim” məsələsi olduğunu bildirərkən xalqı cinslərə bölüb, kişilər üçün imtiyaz yaratmır, əksinə belə bir fikri ardıcıl təbliğ edirdi ki, qadınlar da kişilər kimi təhsil almalıdırlar. Çünki oxumuş kişilərlə savadsız və avam qadınların birgə həyatı baş tutmaz.  “Şərq qadını” məqaləsində oxuyuruq: “Ey Şərq qadınları, oxuyun, oxuyun, oxuyun ! Əgər oxuyub savad və elm qazansanız, onda azadlığın qədrini biləcəksiniz, onda xoşbəxtlik yolunu taparsınız. Oxumasaz, qaranlıqda qalacaqsınız; oxumasaz, bədbəxt olacaqsınız və öz bədbəxt olmanızdan başqa uşaqlarınızı da bədbəxt edəcəksiniz.”

Molla nəsrədddinçilər qadının təhsildən uzaq tutulmasını pisləyir, onların təhsil almasına mane olanları tənqid edirdi.

Jurnalda qadınların içtimai və siyasi hüququ məsələsi bütün kəskinliyi ilə qoyulurdu.  Qadın azadlığı məsələsinə milli azadlıq hərəkatının ayrılmaz hissəsi kimi baxılırdı. Qadınların hər cəhətdən kişilərlə bərabər hüquqa malik olması tələb edilirdi. M.Cəlil yazırdı: “...qadın da bir insandır, kişi də insandır, qadına da ixtiyar lazım, kişiyə də, qadın da nəfəs almaq istəyir, kişi də. Nə kişi qadına sahib ağadı, nə də qadın kişiyə: ancaq bunlar yoldaşdırlar.”

Jurnal qadınları öz azadlıqları uğrunda mübarizə aparmağa səsləyirdi: “Əgər xanım qızlar kişi kimi meydana çıxmasalar, vətən övladının gələcəyə arxayın olmağı çətindir.”

“Mola Nəsrəddin” müsəlman qadınlarını Avropa qadınlarından  nümunə götürməyə çağırırdı. M.Cəlil yazırdı: “ Lazımdır təqdir etmək o millətləri ki, maarif və mədəniyyətcə bizdən qabağa keçiblər. Lazımdır onların əxz etdikləri maarif və mədəniyyət yollarını tutub getmək... Tərəqqi və təməddünün yolu birdir. Əgər özgə yolları tutub getsək, həmi nahaq zülmlərə düşəcəyik, həmi bir şeyin sahibi olmayacağıq.”

“Molla Nəsrəddin”də qadın azadlığı məsələləri ancaq felyeton və məqalələrin yox, həm də şeir, hekayə və karikaturaların dili ilə verilirdi. Bunun üçün M.Ə.Sabirin, Ə.Qəmküsarın, Ə.Nəzminin və başqalarının çap olunmuş satiralarını, jurnalın səhifələrində verilmiş çoxsaylı karikaturaları xatırlamaq, bizcə, kifayətdir.

Jurnalın qadın məsələsinə həsr etdiyi satira və karikaturaların əsas leytmotivini qadınların savadsızlığı, elmdən, təhsildən uzaq düşmələri, erkən yaşda nikahlanması kimi mənfi amillər təşkil edirdi. Bu satiralar və rəngli karikaturalarda  dərin məna, güclü satira atəşi hakim idi.

Məsələn, jurnalın 1910-cı ildə çıxan 18-ci sayında  “Naxçıvanda küküli molla Fərəc” adlı karikaturanın ardınca verilmiş Ə.R.Şamçızadənin “Məsləhət” adlı satirik şeiri də bu mənada diqqətəlayiqdir:

Bir qızım var altı-yeddi yaşında,

Əqli, huşu kaldır hələ başında.

İstəyir bir kaftar yetmiş yaşında,

Molla dayı verimmi, ya verməyimmi?

 

Və yaxud jurnalın 1909-cu il 10-cu nömrəsində verilmiş karikaturanın mövzusu məcburi nikahdır. Oradakı birinci şəkildə kişi bir qızın saçından tutub çəkir və deyir: “Öz xoşunla gəlməzsən, zorla apararam”. İkinci şəkildə isə əlində xəncər tutmuş kişi çadralı qızı qazının yanına gətirir və cibindən pul çıxarıb qazıya verir. Pulu görən qazı deyir: “A qız səsin ki, çıxmır, görünür, razısan. Allahın əmri ilə səni bu oğlana nikah elədim”.

Onu da qeyd etməyi vacib sayırıq ki, “Molla Nəsrəddin” jurnalının qadın azadlığı ilə bağlı irəli sürdüyü məsələlər, döyəclədiyi mənfiliklər ancaq Azərbaycana məxsus deyil, bütün Yaxın Şərqə, bütün islam aləminə xas idi.

Qətiyyətlə demək mümkündür ki, “Molla Nəsrəddin”in qadın azadlığı ilə bağlı əhatə etdiyi problemlər və onun bu istiqamətdəki mübarizəsi bu gün də müasir və gərəklidir. “Ümumiyyətlə, mollanəsrəddinçilərin vaxtilə yazdıqları ona görə aktualdır ki, millətimizin içində köklü dəyişmə baş verməyib: yüz il qabaq necə idisə, indi də elədir. Yüz il öncə olduğu kimi, indi də ağıllı söz eşitməyib…min cür mənasız və axmaq iş dalınca gedənlərin sayı aqillərin, millət üçün gərəkli adamların sayından çoxdur.

Bu günü görən Mirzə Cəlil deyirdi: «Ey mənim yüz il sonra dünyada yaşayacaq millətim! Əgər bir gün haradansa «Molla Nəsrəddin»in saralmış və cırılmış vərəqləri əlinə keçsə, onda mənim milləti nahaqdan tənqid etdiyimi fikirləşmə”.

 

“Ədəbiyyat və incəsənət”

(06.05.2024)