“Bu kabus insan fəlakətləri ilə qidalanaraq ətə-qana dolur…” Featured

Rate this item
(0 votes)

Famil Hacısoy, “Ədəbiyyat və incəsənət”

 

Kəssə hər kim tökülən qan izini,

Qurtaran dahi odur yer üzünü.

(Hüseyn Cavid)

 

Çalxalanmaqda olan, bütövlüyünə şübhələr artan, eniş-yoxuşlu dünyamızın sevgisimi azalıb, ya sevgilərin keyfiyyətimi kövrəkləşib, nazilib, yoxsa estetik zövqün yönümü dəyişib!? Tanrı bəndələrinin bəzəyi olan humanizm hislərinin kəsəri korşaldığındanmı qəlblərdəki bəşəri dəyərlərin yol-rizini, əmin-amanlığa, uğurlu gələcəyə - sadə rahatlıqdan mürəkkəb xoşbəxtliyə gedən cığırı ot-alaq, mamır basmaqdadır, bu duyğusal hisslər qurum bağlamaqdadır. 

Hazırkı qarmaqarışıq, əli ətəyindən uzun dünyanı rahat buraxmayan qlobal müharibələrin (İsrail – Fələstin, Rusiya – Ukrayna və s.) törətdiyi ağrı-acılar, bu savaşların kölgəsində güc sahiblərinin gözündə görünməz olan insan hüquqları işığında azadlıq və demokratiyanın göz qamaşdırdığı bir vaxtda bəzi xalqların haqlarının taptanılaraq zülm və əsarət altında inləməsi, hələ də müstəmləkə zəncirində qalması ikili siyasətin nəticəsidir ki, anaların göz yaşını qurumağa, yer üzünü körpə gülüşlərinə qərq olmağa qoymur. Bu, bəlkə də, əxlaqın müəyyən aşınmaya məruz qalmasından və onun dayaq sütunu sayılan təlim-tərbiyəni əhatə eləyən çərçivənin korreziyaya uğramaqda olmasındandır...

Təbiət və insan əməlinin meyvəsi olan qlobal istiləşmənin törətdiyi əngəllərdən, eləcə də, məskunlarının mənfiyə yönəlik əməlləri üzündən yer kürəsinin nəfəsi daralmaqdadır. Təbii və süni maneələrlə yüklənən yer kürəsi sakinlərinin ərköyünlüyündən, şıltaqlığından təngə gələrək deyəsən, ürəyi köksünə sığışmayır, darıxmağa başlayır, insan şüurunun ifrat zövqün, sonsuz tamahın quluna çevrilməsinə dözməyir, qarşılayıcı tədbirlər görmək məcburiyyətində qalır. Gah demokl qılıncının, gah geliotinin, gah da qanadlı raketlərin tədbiqi ilə üzbəüz dursa da, insan nəfsinin bəhrəsi olan kütləvi can almağa hesablanmış silahların gündən günə təkmilləşməsinin şahidi olur. O isə yer kürəsinə, təbiətə sevgisi özü də bilmədən azaldığından laqeydləşən, yaşamağa, qurub yaratmağa, maddi və mənəvi həzzinin tələblərini ödəməyə istəkləri artan sakinlərinə qarşı Qəzəbini təlatümlər - zəlzələlər, daşqınlar və s. kimi təbii hadisələrlə, ya da ki, məzlumların ah-naləsi ilə ifadə edir. İlk baxışda bilmək olmur bunlar zərurətdənmi, yoxsa təsadüfdəndir. Bunlar hamısı istər təsadüfdən, istərsə də zərurətdən olsun, nəticə etibarı ilə insan övladı öz başına gələnlərdən, yaxud şahidi olduğu hadisələrdən müəyyən bir nəticə çıxarması, ondan ibrət alması aksiom kimi qəbul olunmalıdır. Görünür ki, dünyamızın yeni düzəmə ehtiyacı olduğu kimi cəmiyyətlərin yaşam tərzi də yönünü dəyişərək  qloballaşma axarında yeni istiqamət almaqdadır. Belə olmasaydı, insan talelərini cənginə alan qeyri-təbii fəlakətlərlə yüklənmiş müsibətlər bəşəriyyətin vətəni sayılan, zaman ötdükcə barıt qoxusu artan yer kürəsini müxtəlif cür yeni-yeni silahların səs-küyü bürüməzdi. Bizə görə, buna başlıca səbəb insan ömrü adlanan onun doğumu ilə ölümü arasındakı zaman, vaxt məsafəsinin rüşeymini təşkil edən arzu dənizinin təlatümlü, həvəs və nəfsdən, zövq və ləzzətdən ibarət olması və insan övladının dünyaya qeyri-müəyyən bir pəncərədən baxmasıdır. Buradan aydın olur ki, müasir insan zövqü və həzzi yeni məna daşıyaraq indi əsasən, eqo hadisəsinə çevrilərək hər kəsin öz həqiqəti şüarını boyalarla təbliğ edən ikili həqiqət prinsipi fövqündə dünya düzəminə daxil olmaqdadır. İnsan firəvanlığı, rifahı naminə öz Tanrısına deyil, digərlərinin qənimi olacaq yeniliklərə- hörmətli yazar Aqşin Yenisey demişkən: “mühərriklərə”- meyillənməkdədir. Əksəriyyətimiz bu zövq və həzzin başqalarının xoşbəxtlik və bədbəxtliyinə, sevgi və nifrətinə gətirib çıxara biləcəyinin, cəmiyyətlərin psixologiyasına, əxlaqına, yaşam tərzinə hansı təsir göstərəəcəyinin təm mahiyyətinə varmırıq. Heç kəs öz ayranına turş deməyərək hamı özünü haqlı sayır. Bu məqamda Yəhudi əsilli nevroloq, psixo-analitik Ziqmund Freydin: “İnsan hər zaman xoşbəxt olmaq istəyir və elə buna görə də bədbəxt haldadır.” - kəlamı fikrimizi tamamlayır. Ömür adlanan çərçivədə təşəkkül tapan insan xislətinin yaxın və uzaq arzuların axınına düşərək həmişə hərəkətdə olması, daim hər zaman anında bir neçə şeyə cəhd etməsi göründüyü kimi, bəşər övladının rastlaşdığı faciələr, düçar olduğu bədbəxt hadisələr, yaxud içində üzdüyü xoşbəxtlik dəryası sandığı səadət dolu günlər, bütün həyatı boyu qurub yaratdığı hər şey istənilən mənada onun arzusu, nəfsi və həzzinin mənəvi və maddi tələbləri ilə bağlıdır.

Təssüflər olsun ki, başqa canlılardan fərqli olaraq insanların mövcudluğunu şərtləndirən şüur və düşüncənin, hiss və duyğularının balası olan bu həzlərin təlabatından doğub törəyən hərəkət və tərpənişlər sülh və əmin-amanlıq, səadət və xoşbəxtlik istəyi ülviyyətdən, bəşərilikdən çox indi bəzi hallarda barıt və qan qoxuyur, ölüm saçır. İnsan mübarizə aparmaq qabiliyyətiylə birgə doğulduğundan o, yaşa dolduqca onun mübarizə metodları da böyüyərək zənginləşir. Heyiflər ki, bu zənginlik bəzi məqamlarda onun özünə də baha oturur. Ümumilikdə şəxsi rifah üçün istər işğalçılıqlara son qoymaq üçün mübarizə adı altında aparılan milli müharibələr, istərsə də ölkə sərhədlərinin dəyişdirilməsi məqsədi güdən siyasi müharibələr olsun. Hər iki halda bu kabus insan fəlakətləri ilə qidalanaraq ətə-qana dolur, əcaib bir varlığa dönür. Məşhur fransız yazıçısı və filosofu Jan Pol Sartra görə, “Müharibəni varlılar törədir, amma orda kasıblar ölür.” Bizə görəsə, müharibələr söz və səlahiyyət sahibi olan insanların tamahının, nəfs ləzzətinin, fəlakətlərdən zövq alan həzz karxanasının xətasıdır, yaxud da siyasət dəllallarının naşılığıdır. O, qəsbkarların içini didib parçalayan müalicəsi hələ də tapılmayan virusdur, bəladır.

Müharibələr fəryadlarla aşıb daşan ah-nalələrin ərşə dirəndiyi yerdi. Ora əməllərin elə bir nöqtəsidir ki, Dünyada müxtəlif bəlaların, epidemiyaların tüğyan etməsinə, dəhşətlərin intişar tapmasına, konfliktlərin gərginləşməsinə, əxlaqsızlığın, vicdansızlığın genişlənib dərinləşməsinə, ruhi düşkünlüyün artmasına səbəb olan zaddır. Baiskarsa yaşından, dinindən, irqindən, sənətindən və yaşayış yerindən asılı olmayaraq hər bir şeyə qadir peşə və ixtiyar sahibi insanların özlərini çox istədiyi qədər amansız olmalarıdır. Bu amansızlıqların törətdiyi müharibələr, terrorlar, müxtəlif döyüş və toqquşmalar, ağılagəlməz qəddarlıqlar, saya-hesaba sığışmayan müxtəlif psixoloji travmaların demoqrafik inkişafı ləngitməsi, kənd və şəhərlərin viran edilib xarabalıqlara çevrilməsi, ölkələrin bombardmana məruz qalmasıdır. O, başı üzərindən daim buxar dumanı əskik olmayan dibiyox, eni-boyu görünən bataqlıqdır, ora düşəni özünə çəkir.

Müharibələr təbiətin düşməni, flora və faunanın məhvidir, vəhşiliklərin məcmusudur, minlərlə evlərin yanması, evsiz-eşiksiz sakinlərin faciələrinin əks-sədası, ayaqyalın, başıaçıq, qarnı ac, küçələrdə gecələyən uşaqların, susuzluqdan can verən çağaların, əlacı hər yerdən üzülmüş qocaların fəryadı, ah-vayıdı, seyirçilər üçün ölümün adiləşməsidir. Ölümə açılan qapı olan müharibələr Öz övladlarını itirən anaların sinə dağıdır, ürəkparçalayan çığırtı və iniltiləridir, insanların qətliyamıdır, yaşam mənbəyi olan oksigenin qənimidir. Müharibələr qanunların aciz qaldığı şeydir…

 

Müharibə - İsanın çarmıxımı?!

Tamahın yaraşığımı?!

Müharibə- sonu sülhə gedən arxdı,

Bazarların təzə nırxı.

Məmləkətlərin qarışığı.

Ölüm-itim, qan-qada

udanın və uduzanın yarağıdı.

Raketlərin qanadında yanıb sönür fişəng kimi

Neçə-neçə uşaq ömrü.

Qaraldır yer üzünü cəsədlərin kömürü.

Əsir ala bilsəydik insan nəfsini,

Sülh geyərdi əyninə bütün yer kürəsini.

Bağlanardı silahların bazarı,

Səngiyərdi qəfil ölüm azarı.

Əsir ala bilsəydik insan nəfsini,

Yox olardı səmadan,

Asılmazdı fəzadan

Ana fəryadı dolu,

Körpə imdadı dolu

Ərşi çarıq eləyən körpələrin uçurulmuş məzarları.

Buxovlasaydı insan həzzini,

Torpağın qolları çağa cəsədlərinə

Beşik olub yırğalanmazdı,

Fəryad dolu ah-nalələr

Göylərin qulağında sırğalanmazdı.

Gülüş dolu çöhrələrdə qaranlıqlar dənizlənib dalğalanmazdı.

(müəllifdən)

 

Bütün dediklərimizə rəğmən, bu da həqiqətdir ki, dünya durduqca müharibələr, terror hadisələrin baş verməsi, irili və xırdalı cinayətlərin törədilməsi hər zaman olub və olacağı labüddür. Əfsuslar olsun ki, dünya birləşib bunların qarşısını ala bilmir. Cəmi bəşər övladı istəyir ki, külli aləm, eləcə də vətəndaşı olduğu ölkəsi sülh və əmin-amanlıq şəraitində yaşasın, insanlar bir-birini qəlbən sevsinlər, bir-birinə “can” deyib “can” eşitsinlər, qonağı olduqları dünyanı gülüş bəzəsin, könülləri körpələrin gözlərində sevinc göz yaşı oxşasın. Məhz buna görə də, firəvan yaşamaq istəyən hər bir dövlət, ya millət, xalq güclü olmağa məhkumdur. Güclü olmağın yolu isə hər şeydən öncə, elmdən, təhsildən, vətəndaşların dünyagörüşündən keçir. Ali baş komandan, möhtərəm prezidentimizin çıxışlarının birində dediyi kimi: “…bunun üçün güclü iqtisadiyyat,  yenilməz və müasir orduya malik olmalıyıq”.

 

“Ədəbiyyat və incəsənət”

(02.05.2024)