EKSPRESS-SORĞU - Mustafa Kamal Atatürklə görüşmək istəyərdim Featured

Rate this item
(0 votes)

Leyla Səfərova, “Ədəbiyyat və İncəsənət"

 

Bu dəfəki EKSPRESS-SORĞUnun sualı adamı bol-bol düşünməyə və olduqca maraqlı cavablar verməyə vadar edir. 

 

Dünyasını dəyişmiş hansı məşhur şəxslə görüşmək istəyərdiniz? 

Onun hansı əməli, hansı işi sizi bu qədər təsirləndirib ki, məhz onu görmək istəyirsiniz?

Ondan hansı sualınıza cavab almaq istəyərdiniz? 

 

MƏNİM CAVABIM:

 

Əgər dünyasını dəyişmiş bir məşhur şəxslə görüşmək istəsəm o kim olardı? Tarixə baxdıqda o qədər çox dahi şəxsiyyətlə rastlaşırıq ki, bu suala cavab vermək olduqca çətindir. Amma deyəsən mən Mustafa Kamal Atatürklə görüşmək istərdim. Niyəsini soruşduqda kəskin bir cavabım yoxdur əslində. Çünki mən çox da dahiləri, tarixi araşdıran biri deyiləm. Mənim üçün incəsənət hər zaman tarixdən daha maraqlı olub. Hansı kitabdan desəniz müzakirə edərəm, ya da ən azı bir fikir sahibi olaram. Amma bəzi oxuduğum kitabların heç yazarlarının adını belə bilmərəm. Hər hansı musiqi dinləyək, saatlarla haqqında danışaram. Amma ifaçısının adı xaric, haqqında məlumatım belə olmaz əksər hallarda. Bir də utanaraq deyirəm ki, tarixlə bağlı araşdırmalar aparmaq heç vaxt könlümdən keçən bir şey olmayıb. Ona görə də Atatürklə bağlı müəyyən qədər məlumatım xaric, dərin bilgi sahibi deyiləm. 

İndi isə gələk onu niyə seçdiyimə. Bütün öndərlərlə bağlı həm müsbət, həm mənfi fikirlər duyuruq. Lakin çox az bir qismi üçün bəziləri canını verir, bəzilər nifrət edir. Atatürk bu adlardandır. Sosial şəbəkələrdə tez-tez ona olan sevgi, hörmət dolu videolar, şəkillər, yazılar və s. görürəm. Və bu paylaşımlar o qədər səmimidir ki, hər insan bunu hiss edə bilər. Lakin o postların altında da mütləq "alkaş" ya da "kafir" tipli şərhlər olur. 

Mən bu adamı öz dilindən tanımaq istərdim. Ona səbəbini bilmədən içimdə qəribə bir sevgi olub daim. Bu adama sevgimin səbəbini öyrənmək istərdim. Çünki açığı heç mən də bilmirəm səbəbini. Bütün tənqidlərə, təhqirlərə rəğmən haqqında bəlkə məndən qat-qat çox biliyi olan insanlara belə müdafiə etmək gəlir içimdən. Mən daha yaxşı müdafiə edə bilmək üçün məhz Atatürkü tanımaq istərdim.

 

“Ədəbiyyat və incəsənət”

(02.05.2024)