55 illik dostuma - QULU AĞSƏSƏ İTHAF Featured

Rate this item
(3 votes)

Təranə Dəmir, “Ədəbiyyat və incəsənət”

 

Quludan öncə eynəyi salamlayır adamı, sonra baxışları, sonra ütüsü, sonra  ayaqqabıları, sonra əlləri, ən sonda dili. Dili açılanacan artıq çoxdan salamlaşmış  oluruq. Elə təpə-dırnaq salamdı Qulu. Özü də Allahın ən sevimli quludu. Adı üstündə.  Qəribə rahatlığı var. İçindəki təlatümünü kimsə görməz. Göstərməz axı. Qınına çəkilən adamdı. Amma tanıyan tanıyır. Baxışlarından və səsindən tutursan yorğunluğunu, gərginliyini, küskünlüyünü,  sevincini. Bapbalaca uğura uşaq kimi  sevinəndi. Sevinəndə şeir deyir. Harda olur olsun, ancaq adama ehtiyyacı var. Özünün  dediyinə görə, şeiri ayaqlarıyla yazır. Elə yuxusu da ayaq üstədi. Ayaq üstə yeyir, ayaq üstə düşünür, ayaq üstə sevir, ayaq üstə unudur. 

Nifrəti də ayaq üstədi. Bunu da mən deyirəm. Sirrini kimsəyə açmaz. Guya. Amma hamı duyar. Ağsəs Quludan  danışıram. Soyadına söykənən şairdən. Nə fərqi var axı. Qulu Ağsəs və ya Ağsəs Qulu.  İkisi də bir adamdı onsuz. Bir -birindən tuta -tuta yeriyirlər Allaha sarı. 

Qara rəngi sevmir. İşıqlı rəngləri seçir harda olur olsun. Gözündən sual baxır adama. Qalırsan məətəl. Susa-susa danışanlardandı. Şeirinin dilini bir özü bilir, bir də onu anlayanlar. Palaza bürünüb elnən   sürünməyi sevmir. Təkliyə can atandı. Tənhalığı ilə sözə meydan oxuyur. Yükü çoxdu. "Ulduz" yükü,  söz yükü, adam yükü, ata yükü, sevda yükü, Vətən, yurd yükü... Öz yüküsə çəkilməzdi. Əvvəlcə eynəyiylə baxır adama, sonra gözüylə. Gör neçə qat  işıqdan keçirir adamı. Ağdam həsrəti var qəribliyində. Heç kimə deməz ürəyindəki  ağrıları. Tanrısına açar ürəyini hərdən. Heç ona da qıymaz. Nisgilində od  var, yanğı var. Danışanda elə bilərsən ki, ondan bəxtəvəri  yoxdu. Amma gözləri ələ verər sahibini.  Yalanı da özünə görə deməz. Qarşı tərəfi  ovudar bu yalanla. Qayıdıb özünü incidər  amma. Darıxanda gen qaçar hamıdan.  Yandırmaqdan qorxar. Göz yaşları içinə axar. Saflığında gizlədər uşaqlığını. Vaxtı qova-qova 55 -ə çatsa da hələ böyüməyib  axı. Uşaq qoğala, Qulu sözə allanar. Kimsəyə əyilməz sözündən başqa. Hərdən mənə elə gəlir ki, Qulu havadan, sudan dolanır. Yeməyi də bir qaşıqdı. Hər süfrəyə əl uzatmaz. Yiyəsini tanıya gərək. Gözütoxdu. Bircə sözdən başqa. Ağ -qara musiqiləri sevir. Rəngli xəyallar onluq deyil. Keçmişə bağlıdı. Bu gündən sabaha körpü atmağı sevmir. Anı yaşayır. Pisiylə, yaxşısıyla  yaşadıqlarını sevir. Hərdən küsüb qınına çəkilər. Səbəbini heç özü də bilməz. Güvənər yuxarı başa çəkdiklərinə. Hər dəfə də aldanar və hər dəfə də güvənər. Hər əli  sıxmaz. "Görsən üşüyürsən, yandır özünü "deyən şairin ruhunda kimsəsizlik var.  Ruhuna sahib çıxa bilmir. Bu sarıdan da xoşbəxtdi. Bu gün yazdığını sabah tanımaz. Sözünə göz dikənlər çoxdu. Sözdəki yerinə də. Amma cürət edib yaxın gələ bilməzlər.  Eqolu yox, qürurludu. Ədalətin yüz  formulunu çıxarar. Yüz yol üzünü astarına çevirər. Çoxunda da allanar. Safdı. Nəfəsi  Alsudu, bir də Söz. İkisi də balasıdı. Ona görə də nəfəsini qorxa-qorxa çəkər.  Umduqları çox deyil. Sağ əlinin barmaqlarının sayı qədər bəlkə. 

Özünə kölgə gəzməz. Kölgəsindəsə hər  kəsə yer verər. Vaxtı gecəyə, gündüzə bölməz. Onsuz da dincliyi yoxdu. Sakitliyində təlatüm var. Bu təlatümdə doğular ilahi Şeir. Tərtəmiz, bakirə, mələk kimi Şeir dil açıb danışar adamla. Yuyunarsan bu aydınlıqda, paklanarsan. Düşərsən bu  işığın dalınca. Tanrıyacan aparar səni. 

Hərdən şairlər sözümü qəribliyə salır. Zənnimcə gözəl  şeirlər Tanrının ən xoş , sakit, sevgili zamanında doğulanlardı. O qədər şikəst doğulan şeirlər var ki... Qulu Ağsəsin şeirləri bütövdü, eyibsizdi. Əli, qolu, gözü, qaşı, ağzı, burnu- hər şeyi yerindədi. Nəfəsi üstündədi. Çünki bu şeirlər şairin içinin aydınlığında doğulub, var olub. Aydınlıqda yol getməyin özü  bəxtəvərlikdi. .  İki beşin arasında nə qazandı, nə itirdi, bir özü bilir, bir də çox sevdiyi Tanrısı. Biz seyrçiyik. Boynumuza bir əl çalmaq düşür. O da qalır pərdə arxasında. Haqqını yetərincə verə bilirikmi?  Bəlkə də… Bu balaca yazı da biz müəlliflərçün, eyni zamanda oxucularçun  çəkdiyi əziyyətin balaca bir qarşılığıdı. Ürəyimdən gəldi. 55 illik həyatında cəmi  3 illik dostluğumuz var.  Amma mənə elə gəlir ki, onu elə 55 ildi tanıyıram. 

Qoşa rəqəmlərin özündə qəribə sirr var. Bir  az da mistika. Qarmaqarışıq duyğularla  doğuldu bu yazı da. Özü də vaxtından  əvvəl. Tələsdi dünyaya gəlməkçün. Təsadüfmü, ya zərurət? Bütün təsadüflər zərurətdən doğurmu? 

Onsuz da göydən üç alma gözləyən vaxtımız çoxdan keçib.

 

“Ədəbiyyat və incəsənət”

(17.04.2024)