Bakirə dünyanin günahkar qulları Featured

Rate this item
(17 votes)

Jalə İslam, “Ədəbiyyat və incəsənət”

 

İnsan itirdikləri və qazandıqları, xatırladıqları və unutduqları, sevdikləri və nifrət etdikləri, can atdığı və tərk etdikləri arasında burulğanlı bir yol inşa edir. Əgər belə olmasa idi, zənnimcə insan olmazdı. 

 

Ondan gedənlər və ona qalanlar öz həyat şüarı üzərində geniş bir debat mühiti yaradır. Təsdiq edən doğru mövqedə olsa belə,  oyunu özünü ən yaxşı müdafiə edən qazanır. Bu, debatı sevməyənlər üçün dərin bir işgəncə halına gəlir. Sevgi və yaxud laqeydlik bir-birindən doğan hadisələr olmasına rəğmən, birinə olan sonsuz məhəbbətimiz digərini gözardı edəcək qədər şiddətlidir. Ya çalarlar hər zaman doğru tablonu görməyimizə kifayət etmir, ya da öz həyatımızın rəssamı olaraq fırçanı doğru istifadə edə bilmirik. Hər şeyin bir gün bitəcəyini düşünərək yaradıcı olmaqmı, içində olduğu anların onun üçün bir sonluqdan daha dəyərli olduğunu düşünənlərmi qazanır?

Ya da hansımız daha çox itiririk? Bizi doğru yoldan yayındıran tələblərimizdirmi, yoxsa imkanlarımızmı? Zənnimcə tələblərimizə yetişə bilməyən imkanımızdır. İnsan yetimliyi çevrəsindən heç istəmədiyi anlarda qazanır. Və unutma ki, öz baxışların və gülüşlərinlə belə olsa, sən də kimlərisə heç istəmədən də olsa yetim qoyursan. Bumeranq deyilən ox elə bir anda yaydan çıxır və elə bir anda alnımıza ilişir ki, insanın hər iki dizi quru torpağı öz qanı ilə gübrələndirir. Hər tərk edildiyimizdə, hər itirdiyimizdə, ya da hər unudulduğumuzda dizlərimiz savaba biz isə günaha batırıq. 

Ötgün, yaxud ölmüş ruhun müfəssəl əməllərini bəşərin qucağına təslim edərək bildiyin doğru adının altında gizlənən bütün yanlışların adına küçədəki narkoman dayının cibindəki son pula lazımsız siqareti yandırmasını gözləyək. Gözləyək ki, qırışından göz bəbəkləri itmiş üzü o siqaret tüstüsündən görünməz hala gəlsin. Sonra dərinliklərdən boğaza verilən şiddətli ultimatum və bir-birini dəfələrlə təkrarlayan öskürük sədaları... Və ...bəli, bizim gəmimiz limana yetişmədən dayının dalğalı bəlğəmlərində dərinliklərə gömülür. Bu vaxt  yolun digər tərəfindəki çayxanada başqa bir dayı limonlu çayını içə-içə üz-gözünü büzüşdürür... 

İnsanlıq və avamlıq həmişə var idi.

Əvvəllər bu iki termini bir-birindən fayton karvanları, indi isə boylu-boyunca düzülmüş avtomobil tıxacı ayırır. Ölkəmin boz qurd işarəsini hər fotoşəkilə poz edən övladları tülkü kimi qonşunun toyuğunu altındakı yumurtaları ilə bərabər ovlayır. Sonra o toyuğun yumurtalarından sayı-hesabı məlum olmayan daşlar çıxır və bir-bir başına düşür. Elə hey oturub göydən düşən üç almanı gözləsin, nə faydası var?! Bəşərə günəş nə vaxt doğdu deyə bilmərəm, lakin indi batışını seyr etdiyimizin fərqindəyəm. Axı hansı sevgi, hansı güvən, hansı məhəbbət, ya da hansı mübarizə qaranlığa tab gətirə bilər ki? Axı hansı ləkə, çirkab qaranlıq bu mühitdə gün üzünə çıxa bilər ki?!

Biz bakirə dünyanın günahkar qullarıyıq, biz ədalət yazısını görəndə sinəsi şişənlərdənik. İşin inşa hissəsində isə palçığımız daşdandır. Daş daşa necə tab gətirsin axı?!Necə də qəribədir, bəzilərimiz xəyallarımızdan bəhs edərkən, bəzilərimizin xəyalları belə yoxdur. Bu, bizim həyatımızın tragediyasıdır. Hər şeyi əl birliyi ilə məhv etmişik. İndi isə öz əsərimizi böyük həyəcanla izləyirik!

 

“Ədəbiyyat və incəsənət”

(15.04.2024)