Avtomatika-telemexanika və üstəgəl poeziya Featured

Rate this item
(0 votes)

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

 

Bu şəxs 76 ildir ki, yol gedir. Ağır günləri də olub, xoş keçənləri də. Xoş günlərində sevincini dostlarla bölüşsə də, ağır günlərində əlinə qələm götürüb, kədərini kağızlara köçürüb. Bir də görüb ki, kədərləri şeirlərə çevrilib, şeirləşib. Deyir ki;  

 

“Keyfin yaxşı ola, cibin də dolu,

Qəşş edib, ürəkdən gülməyə nə var?

Çətinmi bölüşmək kimsəylə pulu, 

Sevinc bəsimizdir, bölməyə nə var?

 

Ey gözəl, sən gəl ey daha, hardasan?

Bircə bildiyim bu, uzaqlardasan…

Səninçün, əzizim, asandan asan,

Arabir yuxuma gəlməyə nə var?

 

Yağdırma mənimçün yağışlarını,

Gizlətmə zümrüdü baxışlarını,

Yanımda olaydın, göz yaşlarını

Şirin busələrlə silməyə nə var?

 

De, kimçün yazılır bu şirin sözlər, 

Məndən bu sözləri kim var ki, gözlər?

Sıxıram köksümə, titrəyir dizlər,

Nədəndir? Eh, bunu bilməyə nə var?

 

Məhəbbət dəryadır, dərindən dərin,

Ələmi, bihuşsan, axır gözlərin,

Səninçün ölərəm, deyən dilbərin

Köksünə baş qoyub ölməyə nə var?”

 

Haqqında söhbət açdığım Əli Əmirov 1948-ci ildə Hacıqabul rayonunda anadan olub. 1970-ci ildə Azərbaycan Neft və Kimya institutunu bitirib, ixtisasca “avtomatika və telemexanika” üzrə mühəndisdir.

Əmək fəaliyyətinə 1970-ci ildə Sumqayıt şəhərində, tanınmış elm ocağı olan “Neftkimyaavtomat” ETLİ-də (indiki “Neftqazavtomat” EİM) başlayıb. 1983-cü ildə Ukrayna EA “Elektrodinamika” institutunda dissertasiya işini müdafiə edərək texnika üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə yiyələnib.

Bir müddət “Neftqazavtomat” EİB-in tabeliyində olan Əli-Bayramlı “Cihazlar” zavodunda direktor vəzifəsində işləyib. Sonra isə 25 il “Neftqazavtomat” EİM-ə rəhbərlik edib. 2020-ci ildən Azərbaycan Milli Aerokosmik Agentliyində şöbə rəisi və eyni zamanda, Azərbaycan Texniki Universitetində dossent vəzifələrində çalışır...

 Gəncliyindən texniki sahədə, məsul vəzifələrdə işləsə də, şairlik istedadı da var. O, ədəbi aləmdə şair-qəzəlxan kimi Ələmi təxəllüsü ilə tanınır. Əli Ələminin yaratdığı poeziya nüminələrindən bir neçəsi əlimə düşüb, istəyirəm ki, onları sizinlə də bölüşüm:

 

“Gizlin gəl, oxu şe'rimi, neynək, görürəm mən,

Mənlə sevişən tellərinə söz hörürəm mən.

 

Misra sənə doğru, necə gör, can atır, ey gül!

Can vermədəyəm, yarə bu cür can verirəm mən.

 

Səssiz oxuyan, yaş axıdan gözlərə qurban,

Göz yaşımı, yazdıqca da həm əndərirəm mən.

 

Bəlkə oxusan sözlərimi, rəhmə gələrsən,

Söz baxçasın, ey gül, gəzirəm, söz dərirəm mən.

 

Qibləm daha sənsən, yazıram mən üzü qarə,

Qarə üzümü sən tərəfə döndərirəm mən.

 

Hey yalvarıram badi-səbaya, səni görsün,

Bilməm, sənə yetmişmi, salam göndərirəm mən.

 

Gəlsən, de, pəyandazın olar bax bu vərəqlər!

Yaz, ver, Ələmi, şeiri yol üstə sərirəm mən.”

 

Onun rəhbərliyi altında neft, qaz, neftkimya və energetika sənaye sahələri üçün çox sayda avtomatlaşdırılmış nəzarət və idarəetmə sistemləri, cihaz və qurğuları yaradılaraq, respublikamızda və xaricdə geniş surətdə tətbiq edilib. Eyni zamanda, onun rəhbərliyilə müdafiə sənayesi sahəsində bir sıra xüsusi təyinatlı məmulatlar yaradılıb və seriyalı istehsala buraxılaraq silahlı qüvvələrimizin istifadəsinə verilib. O, həm də ölkədə ixtiraçı-alim kimi də tanınır, bir sıra ixtiraların müəllifidir. Əli Əmirov bu xidətlərinə görə “Əməkdar mühəndis” fəxri adına və “Tərəqqi” medalına layiq görülüb. 

Yüzlərlə qəzəlin, o cümlədən, şeirlər kitabının müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

 

“Ömür bitir, xəbər gəldi axır ki,

Dönüb baxdım geriyə mən bir anlıq,

Gördüm, elə əyri-əyri baxır ki,

Baş götürüb qaçır məndən cavanlıq.

 

O gəncliklə indi məndən qaçanlar,

Hər sözümlə qanad çalıb uçanlar, 

Nə desəm də gecdi, məni gec anlar,

Vəfasıza qalar, dedim, yamanlıq. 

 

Yol öndədir bir addım da geri yox,

Canım, nolub, kimin dərdi-səri yox?

Vallah, əsib-coşmağın da yeri yox, 

Quru sözdə qalıbdı pəhlivanlıq.

 

O xırman ta bitib getdi, yox ardı,

Dolanışıq o xırmandan çıxardı,

Ələk, xəlbir unu, dəni apardı,

Mənə qalan oldu, gördüm, samanlıq.

 

Dümdüz yolda adam necə aşarmış,

Yaddaş itər, özün tapmaz, çaşarmış.

Gözüm görmür, bir az həmi yaşarmış,

Ətrafımda hökm eyləyir dumanlıq.

 

Ətrin gözəl, ey güldodaq, gül incə,-

Deyəcək hey yazıq şair ölüncə.

Ta nə deyim Ələmitək gülüncə,

Arzulayaq yalnız əminamanlıq!”

 

Adətən şairlər yaşa dolduqca onların təbi də qocalır. Bu şeirdə o, gəncliyinin tez ötüb keçdiyindən gileylənsə də, hələ də ruhunun cavan qaldığı hiss olunur. Onun yaradıcılığına yaxından bələd olduqca, bunun təsdiqini tapmaq olar. Sanki o, ikinci gəncliyini yaşayır...

 Əzizlərim, bu söhbətimdə məqsədim Ələminin yaradıcılığını təhlil etmək yox, onu bu gün - martın 12-də qeyd edəcəyi ad günü münasibətilə təbrik etməkdir. Odur ki, yaradıcılığına səthi toxunub, təhlil etməyi sizin iştiyarınıza buraxıram...

 Hörmətli, Əli Əmirov, ömrünüzün elə bir dövrüdür ki, sizə var-dövlət yox, sağlamlıq daha vacibdir. Mən də sizə can sağlığı, ağrı-acısız günlər arzulayıram.  

Yeni yaşınız mübarək!  

 

“Ədəbiyyat və incəsənət”

(12.03.2024)