Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Yeni SEVDİYİN ŞEİRİ GƏL MƏNƏ SÖYLƏ rubrikasında bu gün qonağımız sevilən şair Əkbər Qoşalıdır.
-Salam, dəyərli Əkbər bəy, xoş gördük Sizi!
Məlumdur ki, şairlərin şeirlərə sevgisi bitməz və tükənməzdir.
Siz, şairlər söz və cümlələrdən qurulmuş o sehrli aləm ilə bizləri də ovsunlamaq gücündəsiniz.
Sizin sevdiyiniz şeirlərin çox olduğu aydındır və bundan sonra da mütaliə zamanı hələ neçə şeirləri sevəcəksiniz.
Amma elə bu an üçün Əkbər Qoşalıya "SEVDİYİN ŞEİRİ GƏL MƏNƏ SÖYLƏ" desək, o bizə hansı şeiri söyləyər?
- “Ən çox sevdiyiniz şeir?” sualına həmişə eyni cavab vermək düzgündürmü? - Məncə, yox. Örnəyi, bax, bu şeiri mən ilk dəfədir “Ən çox sevdiyim şeir” olaraq sunuram. Öncəkilər də çox sevdiyim olub, sabah-birisi gün daha yeni sevdiyim şeirlər ola bilər… Belə suallara cavab ovqata bağlı olaraq verilir.
Bir də, şeirin ülkü yükümlülüyü, ismarıcı önəmlidir mənimçün.
Yəni, yalnız poetikası yaxud estetikası fərqləndirməz şeiri;
yalnız şairin yaradıcılığına özəl sayğıduyarlıq da işin tamı deyil, məncə. Gərək anlam dərinliyi ilə üfüqötəsinə canatım ən gözəl şəkildə uyum içində olsun… “İlhamım” kimi…
Yoxsa, Məmməd Araz demişkən,
“Sən kimə gərəksən,
Mən kimə gərək”?!
MƏMMƏD ARAZ
“İLHAMIM”
(Xudu Məmmədova)
Yenə dağ döşündə dənərləndi qar,
Yenə zirvələrin həsrətində qal,
Sel qopdu, dərəyə düşdü qalmaqal...
Bir ocaq başında bir isinməsək
Sən kimə gərəksən,
Mən kimə gərək?!
Şimşək yelkəninə qoşulu anlar,
Göy bizi yamanlar, yer bizi danlar.
Görüm ayılmaya gec ayılanlar...
Dolular qırımlı, daşlar döyənək...
Sən kimə gərəksən,
Mən kimə gərək?!
Bax donqar dəvənin səbət yükünə,
Bənzəyir içi boş şöhrət yükünə.
Ömür karvanının sənət yükünə
Bir-iki qeyrətli söz yükləməsək
Sən kimə gərəksən,
Mən kimə gərək?!
Tarix qayalarda yazı qalırmı?
Çoxu çoxdan itib, azı qalırmı?
Dağ öz duruşundan razı qalırmı?
Yalan-yarğanlara nağıl söyləsək,
Sən kimə gərəksən,
Mən kimə gərək?!
Bu dağlar qardaşım, bu çaylar bacım,
Özündən gəlməyən özündən qaçır.
Zaman qapımızda əlində qayçı...
Hər adi ölçüyə, ülgüyə gəlsək
Sən kimə gərəksən,
Mən kimə gərək?!
Keçək dərələrin boğanağından,
Keçək dolayların doğanağından,
Günəşin zirvədə doğan anından
Nur alıb, bu yurda səpələməsək
Sən kimə gərəksən,
Mən kimə gərək?!
“Ədəbiyyat və incəsənət”
(11.03.2024)