Həm alim, həm şair Şahlar Göytürk Featured

Rate this item
(0 votes)

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycanda elmi dərəcəsi olan şairlər çoxdur, amma alimlərin arasında şair olanları az. Şair-alimlə alim-şairin fərqi isə bəllidir. Biri elmə şair kimi baxır, digəri isə şairliyə alim kimi yanaşır. Hansı daha yaxşı poeziya nümunələri yarada bilir, bu söhbət artıq geniş auditoriyada deyil, dəyirmi masa arxasında aparılmalıdır...

 

Bu gün sizə bir alim-şairin, filologiya üzrə fələsfə doktoru Şahlar Göytürkün yaradıcılığından danışmaq istəyirəm. İlk növbədə, onu qeyd edim ki, Şahlar Göytürk ölkədə ədəbiyyat nəzəriyyəsinin və Azərbaycan dilinin incəliklərini dərindən bilən iki-üç alimdən biridir. Gəlin, əvvəlcə onun “Şeir yazıram” nümunəsinə nəzər yetirək;

 

Harama yaraşır bu şeir mənim? 

Sözün yiyəsi var, dəyəri yoxdur. 

Şeir yazmağımdan, bərəkət haqqı, 

Bəlkə də, Tanrının xəbəri yoxdur. 

 

İçi təlatümlü, çölü mədəni, 

Çoxu ev dağıdır, ev tikən deyil. 

Bilirəm, axırda bu şeir məni 

Azara salmasa, əl çəkən deyil. 

 

Hər kəs öz hayında, öz iş-gücündə, 

Vicdanın səsinə qulaq asıram. 

Bu qədər şairin, şeirin içində 

Utana-utana şeir yazıram...

 

Göründüyü kimi, şairi bol olan bir məmləkətdə özünü şair kimi təqdim etməyə utanır, amma şeirdən də əl çəkə bilmir. Çünki əsl şeir yazılmır, doğulur. Bu misraları ancaq şeirin nə olduğunu dərk edə bilən adam yaza bilər. Onun bu təvazökarlığı necə deyərlər, sarı simimə toxundu və mən sosial şəbəkədə onun yaradıcılığını izləməyə başladım...

 

Üçrəngli bayrağımız haqqında çox şeirlər yazılıb, hətta aralarında müsabiqələrdə qalib gələnləri də olub. Bir neçəsi ilə mən də tanışam. Səmimi deyirəm, Şahlar Göytürkün müəllifi olduğu “Azərbaycan bayrağı” şeiri həmin nümunələrdən daha mənalı, daha axıcıdır. Heç bir hissəsində dil dolaşmır. Necə deyərlər, nə söz dili kəsir, nə də dil sözü. Əslində, bu şeir orta məktəb dərsliklərinə salınsa, şagirdlərin vətənpərlik ruhunda böyüməsinə sanballı bir töhfə olar...

 

Kökün çox dərindədir, ucalarda dalğalan,

Güvən öz qüdrətinə, sən özünə arxalan.

Ulu Cümhuriyyətdən ən qiymətli ərmağan

Göy üzünün növrağı Azərbaycan bayrağı!

 

Göy üzündən don biçib uzaqgörən babalar,

Al boyadan, yaşıldan çələng hörən babalar,

Qoy rahat uyusunlar müdrik, ərən babalar

Kor olsun düşmən, yağı, Azərbaycan bayrağı!

 

Parlayan ulduzuna, hilalına vurğunam,

Saf, ləkəsiz, bəmbəyaz halalına vurğunam,

Bizə birlik bəxş edən kamalına vurğunam,

Sönməz bu türk ocağı, Azərbaycan bayrağı!

 

Yeni nəfəs gətirdin türklük hissiyyatına

Qatdın öz inancını islam etiqadına.

Sən azadlıq gətirdin qız-gəlinə, qadına,

Həya, ismət duvağı Azərbaycan bayrağı!

 

Sən Vətəndən uzaqda bu Vətənin simgəsi,

Ruha elə hopmusan, neyləyəcək özgəsi?!

Sən bizi birləşdirən millətimin haqq səsi

Sevgi, məhəbbət bağı Azərbaycan bayrağı!

 

Səni yasaq etdilər, könüllərdə ucaldın,

Şəhidlik məktəbindən, bir ilahi güc aldın.

Qiyamətə qoymadın, düşmənindən öc aldın,

Bitdi Tanrı sınağı, Azərbaycan bayrağı!

 

Elə gur dalğalan ki uzü Təbrizə sarı,

Kölgən düşsün hər yerə, çin elə xəyalları.

Bütöv Azərbaycanın eşqi, andı, vüqarı

Sən ey zəfər sancağı, Azərbaycan bayrağı!

 

Bəh-bəh necə də gözəl tərənnümdür. Bu şeirdə şairin fikirləri petik ifadə etmək bacarığı, fəlsəfi baxışları, sözə həssas yanaşması, dərin məntiqi açıq aşkar nəzərə çarpır...

 

Vətənpərvərlik ruhunda ərsəyə gətirdiyi “Azərbaycan Ordusu” şeiri isə müzəffər ordumuza həsr olunan ən yaxşı nümunələrdən biridir. Şeirdə yenilməz ordumuza sonsuz inam, hədsiz sevgi çağlayır:

 

Gözlərimin önündə min-min qəhrəman adlar,

Yanıb-yaxılacaqdır zəfərimdən o yadlar,

Nə qədər ki yaşayır Mübarizlər, Poladlar,

Gözlərində qalacaq düşmənimin arzusu,

Yaşa, eşq olsun sənə, Azərbaycan Ordusu!

 

O mənasız laflara -- "barış" adlı qeybətə,

Sən son qoydun möhnətə -- 30 illik həsrətə,

Qurban olum səndəki o üçrəngli qeyrətə,

Bu millətin gözündə möcüzəsən, doğrusu,

Ey yenilməz, müzəffər Azərbaycan Ordusu!

 

Nə çoxmuş içimizdə iblislərin nökəri,

Haqqa xəyanət olmuş soysuzların şakəri!

Səbr elədin, gözlədin uzun illərdən bəri,

Möhtəşəm qələbənə inanmırdı çoxusu,

Sındırdın tilsimləri, Azərbaycan Ordusu!

 

Gözləri var göyün də, qulağı var yerin də,

Ruhunu şad elədin göydə şəhidlərin də.

Vətən adlı bir eşq var ruhunda, cövhərində,

Zərrə qədər gözündə yoxdur ölüm qorxusu,

Düşmənlərə göz dağı -- Azərbaycan Ordusu!

 

44 günlük savaşda düşmən bağrını yardın,

Şəhid ətirli Vətən, qazi ətirli Ordum!

Yavaş-yavaş dirçəlir, çiçəklənir bu yurdum -- 

Yeni zəfərlərinlə qürurlandır ulusu,

Sənə zəfər yaraşır, Azərbaycan Ordusu!

 

Şairin doğma ata-baba yurduna bağlılığı, insanlarına olan məhəbbəti adamı heyran edir.  Onun “Var idi” şeirini həyacansız oxumaq olmur. Başdan-başa kövrək hisslərə bəlnən bu şeirdə bir körpə məsumluğu, həsrət dolu baxışları sezməmək mümkün deyil. Yenidən uşaq olmaq arzusu, kəndin daş-kəsəyində oynamaq istəyi, süfrələrin təamlarınadn dadmaq tamarzısı şeirin əsas mövzusudur:

 

Güvənməzdik özgəsinə, yada biz,

Öz gücümüz, öz girimiz var idi.

Kəndimizin ortasında sehirli

Ocağımız, bir pirimiz var idi...

 

Nazik-nazik kəsilərdi əriştə,

İnanardıq bir xeyir var hər işdə,

Oynayardıq, yarışardıq örüşdə,

Kamanımız, öz tirimiz var idi...

 

Sığınardıq böyüklərin çətrinə,

Dəyməz idik bir kimsənin xətrinə,

Yığışardıq o çörəyin ətrinə,

Bir and yeri -- təndirimiz var idi...

 

Kaş o günlər bir qayıda, gələ də,

Yadımdadır o nehrə də, sələ də, 

Damağımda dadı qalıb hələ də,

Dəymiş motal pendirimiz var idi...

 

Sönməyincə su atmazdıq kül, közə,

Nə söz olsa, danışardıq üz-üzə,

Baş qoşmazdıq xırda-para hər sözə,

Təmkinimiz, səbirimiz var idi... 

 

Uzaq idik haram işdən, kələkdən,

Bala-bala kam alardıq fələkdən,

Zaman bizi keçirmişdi ələkdən,

Şadaramız, xəlbirimiz var idi...

 

Yüz ölçərdik, bir biçərdik hər işi,

Tez dəyişdi bu dünyanın gərdişi.

Şahlar, hanı o çağların vərdişi ?

Hara getdi? Öz yerimiz var idi!

 

“Söz azadlığı” şeirindəsə bəzən şairin necə dəniz kimi coşub çağladığı hiss olunur. Qəzəblə gileylənərək şahidi olduğu haqsızlıqlara etiraz səsini ucaldır. Söz azadlığı tələb edib hayqırır: 

 

Çox da tərifləmə mənə bu eli,

Əridə bilmədik buz azadlığı.

Gizlində susdurduq danışan dili,

Üzdə şüar etdik biz azadlığı.

 

Haqqı istədikcə azaldıq ancaq,

Çox verdik, axırda az aldıq ancaq,

Quru sözdə qaldı azadlıq ancaq

Həyatda görmədik düz azadlığı. 

 

Heç kimin haqqına girməsin bəşər,

Ömür boş-boşuna getməsin hədər.

Həyatda hər kəsə balası qədər

Əzizdir, şirindir öz azadlığı.

 

Şahlar, bu sevinci bölməyə dəyər.

Bir də bu dünyaya gəlməyə dəyər.

Azadlıq uğrunda ölməyə dəyər,

İlahi nemətdir söz azadlığı!

 

Onun xeyli şeirini toplaya bilmişəm. Onların arasında sevgi şeirləri də var, təbiət şeirləri də. Təcnis, gəraylı, qoşma da yaza bilir, özünü sərbəst vəzndə də ifadə etməyi bacarır. Amma qələmə aldığı şeirlərin əksəriyyəti vətəpərvərlik ruhundadır. 

Sizi yormayım deyə, bu günkü söhbətimdə cəmi beş şeirini təqdim etdim. Ümidvaram ki, nə vaxtsa imkan düşəndə bu mövzuya yenidən qayıdıb, Şahlar Göytürkün yaradıcılığına işıq tutacağıq...

 

Bəli, onu bir alim kimi çoxdan tanıyırdım, amma bir şair kimi sosial şəbəkədən kəşf etdim. İnanıram ki, bu alim-şairin bədii yaradıcılığı da elmi yaradıcılığı kimi, ona nüfuz qazandıracaq, hörmət gətirəcəkdir...

 

“Ədəbiyyat və incəsənət”

(06.03.2024)