Bilinməzə dördüncü məktubum Featured

Rate this item
(26 votes)

Jalə İslam, “Ədəbiyyat və incəsənət”

 

Taxtadan təməli qoyulan bir evi dəmir hasarları nə qədər müdafiə etsə də, onu zamanı gələndə çürüməkdən xilas edə bilməz. Dağlanmış bir köksə yazılır bu sözlər, “Əgər küsdürəcəyini zənn etmədiyin adamlardan küsmüsənsə, bəzəkli sözlər barışmaq üçün əsla kifayət etməz”.

 

Məhz elə bu an, bu dəqiqə oturub düşündüm ki, bir çox insanla aramızda günlərə bərabər illər ötür. Nə qədər çalışsam da, ömrü ömrə, günü günə, qəlbi qəlbə calaya bilmirəm. Hər halda bizim ağacımızın budaqları əvvəldən kövrəkdir deyib, yoluma beləcə davam edirəm. Vuruşmaq və mübarizə aparmağın artıq mənim üçün ağır olduğunu qəbul edib öz qaranlıq küncümə qısılmaq və oradan heç çıxmamaq istəyirəm. Özüm də çox yaxşı bilirəm ki, o küncə təslim olsam, bir daha əsla əlindən qurtula bilməyəcəyəm. Doğrusu, nə istədiyimi heç bilməmişəm, yenə də bilmirəm. Lakin həyatdan çox şey istədiyim barizdir. Zəhərli bir ilan, yırtıcı bir heyvan kimi doymadan, əlimdə olanları qəbul etmədən, bütün sovrulan küllərimə məhəl qoymadan mübarizə meydanına atılmaq nə qədər yorucu olsa da, “bu dəfədə olacaq” fikrinə qapılıb şiddətli bir həyəcana aşiq oluram. 

Ruhum bir tək onun qarşısında bütün çılpaqlığı ilə özünü təslim edir. Bu, əslində sevgi deyil, amma uçucu bir həvəs olmadığı da bəllidir. 

Xatirələri oyatmaq vaxtıdır əziz dost! 

 

Tuturdum onun qabar basmış əllərindən, hər iki əlini əllərim arasına alırdım. Bu istilik onun əllərinin çapıq basmış cığırlarını sızıldadırdı və mən bu sızıltını iliklərimə qədər hiss etmiş olsam da, hər nə qədər ovuc içlərim tərləsə də, o cığırları duzlu tər damcıları yandırsa da, qəlbimi təlaşım bir məngənə kimi sıxsa da, acının fəryadları nə bir sərhəd, nə də bir əngəl ola bilirdi. Bir cəza olmağı da, onun günahlarının hər zərrəsinə damcı-damcı bulaşmağı da özümə yaraşdırmırdım. Fəqət,  pis əməllərimdən, kinimdən, kəhanətimdən də geridə qalmırdım. Axı bu mübarizə mənim qələbəm ilə bitməli idi. Nəticə isə təbii ki, onun mənə nifrəti idi. Sakitcə dayanmış və xalçanın ən kobud naxışlarını sayaraq düşünürdüm ki, mən onu itirməyə, həqiqətən də hazırammı? Sonra ətəyimdəki bütün daşları silkərək onun mənim mübarizəmdə heç bir yerinin olmadığını özümə dəfələrlə xatırladırdım. Hətta heç kimin bu mübarizədə yeri yox idi. İtirdiklərim dəhşətli idi və itirəcəklərim daha da dəhşətli olacaq. "Buna hazırsanmı? " -deyə sual verdiyinə əminəm. Hazır olmağa hazır deyiləm, əziz dost!

 

Sonra..., sonra..., sonra...ovuclarımı açırdım. Duzlu tər damcıları sızıldadan o cığırları indi şiddətli bir çovğun göynədirdi. Və

onun əlləri, mənim isə qürurum çovğun qarşısında daha da şişir və qabarırdı. Arxama belə baxmadan qaçırdım. Məkanı soruşma, çünki bir dayanacağa ehtiyacım olmadığını sən də bilirsən. Ardımda kövrək bir səs, bitməyən cümlələr məni təqib edirdi. Bir müddət sonra eşidə bilmədiyim cümlə sonlarını özüm tamamlayırdım. Dəqiq xatırlamasam da, onun son sözləri təxminən belə idi:

-…Elə isə gözlərini yum və üçə qədər say…

 

Sənə vədlər verəcəyəm. O vədlər gözlərinə pərdələri asacaq. Yenə səhər olacaq, yenə günəş doğacaq, yenə bu bataqlıqda yaşamağa ümid bəsləyən bir cüt göz tapılacaq. Səni bu xarabalıqdan pərdələr qoruyarkən, mənsə qırpılan göz bəbəklərin arasında tək nəfəsdə donacağam...

Bu bədbəxt bəndəyə -Mən səni sevə bilmərəm, mən yalnız özümü sevə bilərəm, - demək necə də ağırdır, elə deyilmi?! Özümə nifrət edirəm. Əgər bu belə deyilsə belə, hökmən belə olmasını istəyirəm. Əgər xatırlayırsansa, bunu əvvəl də sənə demişdim: "Nifrət çox ali bir hissdir".

Sənə də nifrət edirəm! 

Və...kefini belə soruşmadan bu məktubu burada yekunlaşdırıram, çünki sən sadəcə məni dinləməklə hökmlüsən.

 

“Ədəbiyyat və incəsənət”

(26.02.2024)