“Biz əks qütblər kimi fərqliydik” - SEVGİ MƏKTUBLARI Featured

Rate this item
(5 votes)

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

“Biz əks qütblərik, ona görə çəkdik bir-birimizi"

 

- Baxanda nəyə aşiq olur insan?

- Özündə olmayana.

- İnsan əksik tərəfinəmi aşiq olur?

- Tamamlayana aşiq olur, möhtərəm..

- Eşq tamamlanmaqmıdır, yoxsa əbədiyyən yarım qalmaqmı?

(“Könül dağı” filmindən) 

 

Bir yerdə oxumuşdum: “Biri ilə anlaşmaq üçün eyni, sevmək üçüm fərqli xüsusiyyətlər gərəkdir”.

İnsan özü kimi olanla anlaşarmış da, lakin fərqli olanı sevərmiş.

Sən də eynən bunu söyləmişdin mənə: “Biz əks qütblərik, ona görə çəkdik bir- birimizi",-  demişdin.

Eləydi, biz əks qütblər kimi fərqliydik bəlkə, amma eyni zamanda da ayrılmaz, bir-birinə bağlı və biri digərini tamamlayandıq biz. 

Eyniylə gecəylə gündüzün, istiylə soyuğun, günəşlə ayın, yerlə göyün, siyahla bəyazın fərqli olduğu qədər də bir-birini tamamlaması kimi... 

Mən hər nə qədər aydın görünsəm də, toxunsan ağlayacaq insan kimi, hər an yağmağa hazır göy üzü, sənsə hər nə qədər quraq görünsən də, bir damla yağış düşsə gülüstana çevriləcək torpaq kimiydin.

Fəqət, mən ağlaya bilməyən insanlar kimi tutdum göz yaşlarımı, o bir damla yağışı belə əsirgədim səndən və sən də bunun müqabilində əbədiyyən o ən sevdiyim yaşıla həsrət qoydun məni.

Bəlkə də həqiqətən də eyni qədər günahkarıq səninlə, amma peşmanlıq duyğusuyla yoğrulub, qartopu kimi yuvarlandıqca böyüyən bu günahın bədəlini ödəmək təkcə mənim payıma düşdü.

Mən indi hər gün gözlərini sıxan səma kimiyəm, fəqət, qışdır, daha gərək yoxdur yağışa...

 

“Ədəbiyyat və incəsənət”

(26.02.2024)