Qurban psixologiyası - AKTUAL Featured

Rate this item
(9 votes)

Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

Cəmiyyəti idarə etmənin ən ideal üsulu mediadır. Yəni, insanları manqurt bir kütləyə çevirmənin ən gözəl yolu onun şüuraltına lazımsız məlumatları yükləyib əsl tərəqqiyə gedən yoldan döndərməkdir. Belə ki, günün böyük bir qismini sosial şəbəkədə aktiv keçirən insanların çox az qismi gündəmin faydalı və aktuallığı itməməli xəbərləri izləyir, smartfonlarındakı dünyadan çıxıb real dünyanı dərk edə bilmək üçün həqiqətən faydalı ola biləcək müzakirələrə qoşulur, kitablar oxuyur və həqiqətən düşünə bilir.

 

Cəmiyyətin inkişaf etməli olduğu bu dövrdə inkişafa gedən əsas yol təhsildən keçdiyi halda son zamanlarda üst-üstə yaşanan hadisələr valideynlərin və şagirdlərin psixologiyasına sarsıdıcı zərbə vurmağa davam etməkdədir. Əlbəttə, mən bu hadisələr üzərindən tədirgin olan valideynlərə haqq qazandırsam belə, onları qınamamağım əlimdə deyil. Çünki valideynlərimizin böyük bir kütləsi övladını məktəbə sadəcə "5" almağa göndərir və onun təlim və tərbiyyəsini müəllimlərinə etibar edərək vicdanını rahatlatmağa çalışır. Ancaq gəlin açıq etiraf edək ki, həqiqətən xoşbəxt və uğurlu həyatı olan yetişkinlərin böyük bir qismi onu anlayan və dinləyən ailə içində yetişir, ona görə ki, o yetişkinlər şagird olan zaman ilk dəfə 3 alanda utandırılmayıblar və zəif qiymət almaqdan yox zəif xarakterdə olmaqdan qorxublar. Zəif xarakter dediyim isə qorxaq və səssiz bir şagird olmaq yox, qolunun gücünü ağlı ilə idarə edə bilməyən, dilini saxlaya bilməyib yaşıdlarını alçaldan, onlara təhqiramiz ifadələr işlədib sözün əsl mənasında bulinq edən insan olmaqdan qorxublar. Çünki onlar sinif yoldaşı ilə ilk davalarında evdə qapazlanmadıqları kimi sığallanmayıblar da. Çünki bu gün vicdanlı yetişkinlər dünənlərində öz yaşıdlarının alnına əxlaqsız sözlər yazıb yumurta qırmayıb, özlərindən balaca uşaqlara əxlaqsızca hərəkətlər etməyib, qardaşlarının sevgililərini saçlarından sürüməyib, "ala, yetim, brat" sözlərini lüğətlərində istifadə etməyib, "modern girl” olmaq üçün yaşının üstündə və mətkəbliyə yaraşmayan geyimlərə can atmayıblar.

Əslində etiraf etmək lazımdırı ki, hadisələrə bu yöndən yanaşmaqdan əlavə müxtəlif bucaqlardan da baxmaq olar. Məsələn, son hadisədə bulinqə məruz qalan qızın yalvararkən qarşı qoymamasının əsl səbəbi nədir? Qorxu, yoxsa ümidsizlik? Bəlkə, bizim bilmədiyimiz neçə uşaq bu və bu tip buliqnlərlə üzləşdiyi halda nə səslərini qaldıra biliblər, nə də sözləririni? Ona görə yox ki, onlar hansısa təhdid altındadırlar. Ona görə ki, onlar sığına biləcəkləri tək limanda boğulublar. Əzilib, yox sayılıb, alçaldılıb, bəlkə söyülüb və döyülüblər,  vəziyyət belə olduqda isə ailəsinin sığal çəkmədiyi saçlar kəsiləndə qarşı qoymaq əvəzinə qurban psixologiyasındakı yalvarışlar şüuraltında şəxsiyyətin özü özünü alçaq və qürursuz olaraq qəbul etməsinə gətirib çıxarır.

Bu gün məktəblərdə bu cür çaxnaşmalar sürətli inkişaf etdiyi halda təhsil milllətin gələcəyi ola bilməz və gələcək mədəniyyət, etika və estetika anlayışlarından bixəbər gələcək. Mənim şəxsi fikirlərimə əsasən bu situasiyalar heç də idarə olunmayacaq qədər ağır deyil, sadəcə, düzgün sosial işçilər, həqiqi məktəbli dostları və boş yer tapdığı üçün musiqi kollecindən məzun olan psixoloqlar yerinə ixtisasını və vicdani borcunu düzgün dərk edən kolleqalar məktəblərə yerləşdirilməli, ümumilikdə məktəblərdə telefondan istifadə qadağan olunmalı, qaydalara uyulmadığı halda kimin övladı olmasından asılı olmayaraq hər kəs müvafiq disiplinlərə göndərilməlidir.

 

“Ədəbiyyat və incəsənət”

(23.02.2024)