Sevgi iman, sevgi ibadət, sevgi əhdinə sadiq qalmaqdır - ESSE Featured

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

- Dözə bilərsənmi?

-Yox mən dözmərəm.. Səbr edərəm.

- Nə fərqi var ?

-İnsan sevmədiyi şeylərə dözür. Səbr etməksə sevgidir. 

 

Sevgi bəzən cəsarət edib uğruna dünyanı qarşına almaq, sevgi bəzən inandıqların uğruna sonadək mübarizə aparmaq, bəzənsə lazım gəldikdə qorumaq naminə geri çəkilə bilməkdir.

Sevgi bəzən aldanış, bəzən tamamlanmaqdır.

Sevgi hörmət, sevgi sədaqət, sevgi ümid, sevgi güvəndir.

Sevgi bəzən anlayış, bəzən səbr göstərmək, sevgi bəzən qiymətləndirmək, bəzən dostluq, sirdaşlıq, bir ömür yoldaşlıqdır.

Sevgi illər sonra bəzən xatirə, bəzən yaxşı ki, bəzən kaş ki, bəzən peşmanlıqdır.

Sevgi bəzən xatırlamaq, bəzən xatırlanmaq,  bəzən bir qəlbdə daimi sakin olmaqdır.

Sevgi bəzən paylaşmaq, sevgi bəzən paxıllıqdır.

Sevgi iman, sevgi ibadət, sevgi əhdinə sadiq qalmaqdır.

Sevgi həya, sevgi abır, sevgi mərhəmiyyətdir.

Sevgi bəzən həsrət, bəzən intizar, sevgi bəzən vəfadarlıqdır.

Sevgi təvazökarlıq, sevgi dəyər vermək, sevgi qədr-qiymətə vaqif olmaqdır.

Sevgi bəzən küsmək, sevgi bəzən ummaqdır.

Sevgi sədəqə, sevgi mərhəmət, sevgi qayğıdır.

Sevgi səbat, sevgi iqrar, sevgi hürriyyətdir.

Sevgi bəzən bir pişiyi sığallamaq, sevgi bəzən bir körpəni qucaqlamaqdır. 

Sevgi bəzən göyərçinlərə yem atmaq, sevgi bəzən bir uşağın başını oxşamaqdır.

Sevgi bəzən ümid etmək, sevgi dua, sevgi bütün qəlbin və ruhunla inanmaqdır.

Sevgi bəzən doğmalarının yükünü çiyinləmək, sevgi bəzən qayğı çəkmək, sevgi bəzən əzaba qatlaşmaqdır.

Sevgi bəzən qabarlı, qırışlı, əsalı əllər, sevgi bəzən böyüdən, sevgi qucaqlayan, qoruyan qollardır.

Sevgi bəzən kitab oxumaq, sevgi bəzən mavi dalğalarda qərq olmaq, sevgi yol gözləməkdir.

Sevgi bəzən bir ömür yalnızlığı gözə almaq, sevgi bəzən yarım qalmaq, bəzən gəlməyəcək birini gözləmək, sevgi bəzən isti göz yaşlarıyla soyuq torpağı qucaqlamaqdır.

Sevgi bəzən yağış tək yağıb damla-damla torpaqda yox olmaq, sevgi bəzən simurqtək yanıb küllərindən yenidən doğulmaqdır.

Sevgi Rəsulzadənin istiqlal eşqi, hürriyyət həsrəti, sevgi Şükriyyənin ailəsinin namusu, şərəf və ləyaqəti bahasına həbs və ölümü gözə alaraq o məşum kağızı imzalmaqdan imtina etməsidir.

Sevgi Albert vəfası, sevgi bəzən də Fərizənin intihar günahıdır.

Sevgi həzrəti Fatimə səbri, sevgi həzrəti Abbasın suyun bir addımlığında olduğu halda sevdikləri susuzkən, su içməyi özünə sığışdırmamasıdır.

Sevgi ana laylası, sevgi Azərbaycan deyə başlayan himn sədasıdır.

Hər şeyin təməli, özü sevgidir, sevgisiz heç nə yoxdur...

 

“Ədəbiyyat və incəsənət”

(19.02.2024)