“Səslər” - SİRLİ-SEHİRLİ DÜNYA Featured

Rate this item
(1 Vote)

Habil Yaşar, “Ədəbiyyat və incəsənət”

 

Səkkiz-doqquz yaşlarındaydım. Sıradan bir yay gecəsiydi və hər şey o gecənin səssizliyində başlamışdı. Yatağıma daxil olduqdan bir neçə dəqiqə sonra, baş vermə səbəbinin hər zaman sirli qalacağı səslər eşitməyə başlamışdım. Həm də necə səslər... Heç kəsin bircə dəfə də eşitmək istəməyəcəyi müdhiş səslər... 

Qorxudan tab gətirə bilməyib atamdan soruşmuşdum:

 

-Bu nə səslərdir ata?

 -Nə səsləri oğlum?

-Eşitmirsənmi, ata?

-Xeyr, oğlum.

-Axı mən eşidirəm. Özü də olduqca dəhşətli səslər...

  - Məsələn nə? Hansı səsləri, oğlum?

  - "Yanıram, kömək edin", "İlahi bağışla bizi", "Öldüm Allah", “Offf bu nə bəladır biz düşmüşük” və yüzlərcə fərqli səslər, bağırtılar, fəryadlar...

 

 Atam heç bir səs eşitmədiyini israrla vurğuladıqca mən daha da həyacanlanmaqdaydım... 

  -Oğlum, heç bir səs falan yoxdur deyərək, bir neçə dəqiqə saçlarımı tumarlayan atam məni yatızdırmağa çalışırdı. 

Hər nə qədər sağa-sola vurnuxsam da səslər getdikcə çoxalmaqda, fəryadlar daha da yüksəlməkdəydi... 

 

 Səsləri eşitdiyim ilk gün hər nə qədər təəcüblənsəm də özümə təsəlli verərək hər şeyin keçib gedəcəyini düşünmüş, yuxulamışdım... Amma ertəsi gün yanıldığımı anlamış, eşitdiklərim ikiqat artmışdı...

 

  - Ana, sən də eşidirsənmi? 

  - Nəyi oğlum? 

  - Ehhh, doğrudan heç nə eşitmirsən? 

  - Səndən başqa nə eşitməliyəm ki... 

Atama dediklərimi anama da söyləmiş, o da eyni reaksiya verərək məni zərif barmaqları ilə sığallayaraq yatızdırmağa çalışmışdı... 

Səsləri güc-bəla ilə yuxulayana kimi eşitməyə davam etmişdim... 

Artıq iki gündür ki, o vahiməli səsləri eşitməkdəydim və bu minvalla beş-altı gün daha sürəcəkdi... Və hər şey anidən başladığı kimi bir andaca  bitmişdi… 

Aradan otuz iki il keçməsinə baxmayaraq  o səslərin nə olduğu, haradan gəldiyi məni hələ də düşündürməyə vadar edir və çox güman ki, məzara kimi də vadar edəcəkdir... Bir çoxlarına yaşadıqlarımı anlatsam da heç kəsdən tutarlı cavab ala bilməmək daha da üzməkdədir məni... Tanrıdan başqa kimsənin bilməyəcəyi, milyardda bir insana nəsib olacağı və bəlkə də məndən başqa heç kimsəyə qismət olmayacaq bir şeylə qarşılaşmışam mən... (Özümü digərlərindən fərqləndirmək niyyətim yoxdur, üstünlükdən söhbət belə gedə bilməz. Sadəcə və sadəcə yaşadıqlarımı qələmə almaq, sizlərlə paylaşmaq və sizlərdən hər hansı bir məsləhət almaqdır məqsədim…)

 

Görəsən nə idi o səslər? 

 

Hər hansı bir texniki cihazı sadəcə mənim qulağıma yönləndirərək müəyyən məqsədlərlə istifadə edirdilərmi? Mən bir eksperiment obyektinəmi çevrilmişdim? Azyaşlıdan nə istəyə bilərdilər ki... 

Kim bilir bəlkə də bir istədikləri varmış və məqsədlərinə nail olduqdan bir neçə gün sonra yaxamdan əl çəkmişdilər...

Ehtimallarım içində səma qapılarının üzümə açıldığı  və cəhənnəm sakinlərinin fəryadlarının mənə eşitdirilməsi də xüsusi mövqe tutmaqdadır. Hər nə qədər uşaq olsam da ilahi bir güc tərəfindən mənə xəbərdarlıq edildiyini zənn edirəm...

Həyatını doğru yaşa ki, oradakı əzablara düçar olmayasan xəbərdarlığını... Və ən əsas da insanları bu həqiqətlərdən agah et. Kim mənə inanacaq ki, hətta öz valideynlərim belə bu səslərin sadəcə ötəri bir şey olduğunu, ümumiyyətlə heç olmadığını söyləməkdəykən... 

 

“Allah onların ürəyinə və qulağına möhür vurmuşdur. Gözlərində də pərdə vardır. Onları böyük bir əzab gözləyir!”

(Bəqərə surəsi/ayə 7)

 

 Amma bir həqiqət var ki, eşitdiklərim bir həqiqət idi... Onu inkar etmək günəşin varlığını danmaq qədər kor olmamı gərəkdirir... Və Tanrı şahiddir ki, bu həqiqətləri yaymaqdan heç zaman bir addım da geri atmadım və atmayacağam da... 

Mənim həqiqətim bir çoxlarının cənnətini cəhənnəmə çevirəcək və bir çoxlarının cəhənnəmini cənnətə... 

 

“Ədəbiyyat və incəsənət”

(14.02.2024)