Sən bitdi demədən, heç nə bitməz - AKTUAL Featured

Rate this item
(2 votes)

Turunc Baxışlı, “Ədəbiyyat və incəsənət”

 

 

YAVAŞ İRƏLİLƏMƏKDƏN QORXMA, HƏRƏKƏTSİZ QALMAQDAN QORX.

Çin atalar sözü

 

Günümüzdə nə çoxdur, dünənləri bu günə, bu günləri də sabaha buraxan insanlar. Bir şeylər etməyi istəyib də, bacara bilməmək qorxusu ilə geri dönənlər. Bəlkə də başlasa bütün dünyaya səs salacaq bir istedadı varkən, ətraf nə deyər deyə düşünüb həyatını dopdolu bir boşluqda yaşayan insanlar necə də yaşamdan aciz insanlardır. Niyə önündə bacarmağı yoxlayacaq qədər bir zaman varkən, xəyalları yalnız qəlb evində yaşadasan ki? Anlamıram.

Unutmaq olmaz ki, hər kəs getdiyi yerə indi olduğu yerdən başlamaq məcburiyyətindədir. Sən də, əziz dostum, yoxladın, alınmadımı? Sənin getdiyin yolda cisminlə birlikdə ruhundamı yoruldu? Olsun! Niyə, bilirsənmi? Çünki sən heç nə etmədən yaşayanlardan daha şanslısan. Heç olmazsa çalışdın, məqsədin yolunda əlləşdin, özünü monoton həyatından uzaq tutmağa çalışdın. 

Çalış sınma qəlbindən, əzizim. Sevgiylə, inamla addımla təkrardan.

Mahir bir ustadan soruşmuşlar: “Hər şey məhv oldu, bacarmadıq, nə edək?”

Usta da cavabında, “bir çay qoyun, yenidən başlayaq” demiş.

Yəni sən bitdi demədən bitməz. Nəfəs ala bilirsənsə hələ də ümid var deməkdir. Mən sənə inanıram, yetər ki sən özünə inan. Yavaş irəliləməkdən qorxma, hərəkətsiz qalmaqdan qorx. Dərin bir nəfəs al. Bacaracağam deyib addımla. Addımla ki, dünənki sən bugünkü sənə heyran qalsın.

 

“Ədəbiyyat və incəsənət”

(09.02.2024)