“Səhvlərinlə, yalnışlarınla sev həyatını” - ESSE Featured

Rate this item
(0 votes)

Turunc Baxışlı, “Ədəbiyyat və İncəsənət”

 

 

YAŞAMINI YAŞADIQLARINLA DEYİL, GÖZLƏNTİLƏRİNLƏ ŞƏKİLLƏNDİR. 

                                       Bernard Şou

Bilirsənmi, özünə inanmağın ən yaxşı yolu, uğursuzluğa imkan verməyəcək qədər gözəl çalışmaqdır. Bilirəm, zaman-zaman yaşadıqların yaşamına kilid olub, səni həyat yolunda düzgün irəlləməkdən geri qoydu. Yoruldun, usandın, niyələrlə gününü gün etdin. Amma bir düşünsənə, kimə bu həyat qızıl məcməidə gəlmişdi ki, sənə də gəlsin? Vardır əlbət, hər kəsin özünə yetəcək qədər dərdi, ağrısı, acısı. İnanmaq deyə bir kəlmə var və bu, ilk öncə özündə başlasa gözəl olar, əziz dost. Güvənə biləcəyin, dəstəyin olmağını istədiyin tək insan yenə sən özünsən. İnan ki, gözləntilərin səni  "yaxşı ki" yerinə, "kaş ki" dedizdirməsin. Çalış, heç bir zaman yetərincə yaxşı olmadığını  düşünmə. Çünki insanlar sənə, sənin özünə dəyər verdiyin qədər dəyər verərlər. Səhvlərinlə, yalnışlarınla sev həyatını. Özünə olan inamını bir an belə unutsan, bir zamandan sonra duyduğuna inanacaqsan təəsssüf ki.

Bu həyat bizlərə ritmini tutub da, mənasını  bilmədiyimiz musiqi kimidir. Sevərik, amma niyəsi heç kimə məlum olmaz. Bəlkə bu günə qədər çox insan, hətta yaxınım dediyin dostların belə səni yalnışlarına görə günahlandırıb, sən də özün olmaqdan daha çox, bəzək olmağı seçmisən. Amma fərqində belə olmadığın bir şey var, insanlar heç zaman razı qalmazlar. Dəyərmi, kimlər üçünsə ruhunu incitmək, incə qəlbinə acı çəkdirmək? Dəyməz, əzizim.

Və unutma, özünəinanan, qəlbinə güvənməyi bacaran hər kəs güclü və xoşbəxtdir. Çalış, xoşbəxt olmaq üçün ömürdən bir gün daha istəmə. İnan ki, qoy, inanmayanlar belə inandığına inansın.

 

“Ədəbiyyat və incəsənət”

(06.02.2024)