Gəl səninlə Turan bağında Müşfiqin şeirində görüşək... - SEVGİ MƏKTUBLARLNDAN Featured

Rate this item
(22 votes)

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Gəl ən başından başlayaq...

Hələ Hərcayi kimi verilən vədlərə xilaf çıxılmamış, 

Qardələninki kimi saf və sadiq sevgilər vəfasızlığın xəyanət xəncəri ilə yaralanmamış olsun.

Gəl ən başından başlayaq...

Hələ Adəm əlini o məşum meyvəyə uzatmamış, Qabil qardaşı Habilə qıymamış, Məryəm günahlandırılmamış,  İsa qeybə çəkilməmiş olsun.

Gəl ən başından başlayaq...

Hələ sadiqlik xəyanətə, güvən vəfasızlığa uduzmamış, nəfs insana hökmran olmamış, yalan həqiqətin paltarlarını oğurlamamış olsun.

Gəl ən başından başlayaq...

Hələ Enil dünyanın ilk sevgi məktubunu yazmamış, inək yer kürəsini buynuzundan yerə qoymamış, Janna Darkı yandıran tonqal qalanmamış olsun.

Gəl ən başından başlayaq...

Leyliylə Məcnun hələ bir-birini görməmiş, İnnokendi cənnəti pulla insanlara satmamış, sevgiylə nifrətin arasındakı məsafə bir addım qədər qısalmamış olsun. 

Gəl ən başından başlayaq...

Nəsiminin dərisi hələ soyulmamış, Çaldıranda qardaş qırğını qopmamış, Araz həsrətə körpü atmamış, Rəsulzadənin səadəti yarım qalmamış, Şəhriyar ulduzları saymamış, qırmızı mühit turan ziyasını boğub söndürməmiş, Şükriyyənin önünə o məşum kağız hələ qoyulmamış olsun.

Gəl ən başından başlayaq...

Ana hələ buzdan heykələ çevrilməmiş,

Qərənfillərin taleyi  dəyişməmiş, Fərizə günahı başına çəkməmiş, torpaq hələ Çingizi bağrına basmamış olsun.

Gəl ən başından başlayaq...

Ərtoğrullar, Ülvilər, Müşfiqlər dünyadan nakam köçməmiş, əlyazmalar yarım qalmamış, hələ intizar ədəbiyyatı yaranmamış olsun.

Gəl ən olmazlara toxunaq. 

Məsələn, talenin bizim üçün yazdıqlarına qarşı gələk. 

Zamanın belə silə bilmədiyini silməyə çalışaq, məsələn hələ xəyallara xülya adı verməmiş olaq, ya da boş ver çalışmayaq. 

Tünd rəngli bir qələm götür, yazılanın üzərindən təkrar keçək.

Gəl yenidən doğulaq səninlə, əl-ələ böyüyək, əsalara deyil, bir-birimizə yaslanıb qocalaq.

Ya da gəl bu səfər itirdiklərimizi unutmaq üçün çalışaq.

 

Gəl ən başından yenidən başlayaq...

Gəl mən bütün ulduzları sayıb bitirməmiş gəl,  

Gəl səninlə Turan bağında Müşfiqin şeirində görüşək, gəl...

 

“Ədəbiyyat və incəsənət”

(30.01.2024)