Şuşa nağılı Featured

Zahirə Cabir, “Ədəbiyyat və incəsənət”in təqdimatında

 

Sizə hardan xəbər verim, qarafikirlilərdən, oğrulardan, yalançılardan, qonşuya xain olanlardan, vəfasızlardan, əhdinə əməl etməyənlərdən, buzov minib çay keçənlərdən, yaba ilə dovğa içənlərdən, xoruz belində bostan əkənlərdən, nə bilim nədən, nə bilim nədən… Lənət  olsun quyruqlu yalana, rəhmət olsun quyruqsuz düzə. Rəhmət yazana, lənət pozana. Söz qalsın, insan getsin, yaxşılıq qalsın, pislik getsin. Dost var olsun, düşmən puç olsun, ağıllı yesin, ağılsız hesablasın.

 

Sizə kimdən deyim, nədən danışım. Biri vardı, biri yoxdu başı bəlalı şiş dağlar qoynunda bir gözəl vardı. Adına Şuşa deyirdilər. Pak qəlbli, şüşə kimi şəffaf, qaşı qara, gözü qara ay üzlü ğözəl. Ona baxan, bir də baxım deyərdi. Aya deyərdi ki, sən çıxma mən çıxım. O sanki Qarabağ üçün doğulmuşdu. Bir-birini görən gündən aşiq idilər.  Qarabağ onu dəlicəsinə sevirdi. Bağında sehrli bir gül bitirmişdi ki, dünyanın heç bir yerində o güldən yox idi. Bu gülü yalnız Şuşa tanıyırdı. O hər gün solmayan bu gülü qoxlayar, Qarabağın ətrini duyar, onunla fəxr edərdi.

Amma deyirlər ki, sən saydığını say, gör fələk nə sayır. Şuşanın gözəlliyini görənlər onu Qarabağın könlündən qoparmaq istədilər. Amma Qarabağ son qanına qədər onu yadlara vermədi. Uzun döyüşlərdən sonra onlar öz sevdalarından əl çəkdilər.

Qonşuluqda eli-obası bilinməyən, köçəri kimi Qarabağın elinə pənah gətirmiş Armen adlı bir xain yaşayırdı. Qarabağ öz elində Armenə  ev tikmək üçün yer vermişdi.  Bir gün Armen Şuşanın gözəlliyini görüb onu nəyin bahasına olursa-olsun Qarabağın əlindən almaq istədi. Qarabağın gücünə bələd olanda isə hiyləyə, fitnə-fəsada əl atdı. Yavaş-yavaş Qarabağla dost oldu, canından keçməyə hazır olduğunu ona göstərdi. Armen Qarabağın saf qəlbinə yol tapdı, onun bütün sirlərini öyrəndi. Şuşanın yaşadığı qalanın gizli yollarını, sehrli açarların yerini bilən xain bir gün xəyallarında arzuladığı Qarabağın sevgilsinə qovuşmaq ümidi ilə onu ələ keçirdi. Qalaya hakim oldu. Qarabağın əkdiyi sehrli gülü Şuşaya göndərdi. Amma Şuşa gülü yalnız Qarabağın əlindən alıb qoxlayardı. Və o gül şehi üstündə, heç vaxt solmazdı. Amma Armenin əli ilə dərilmiş gül solmuşdu. Şuşa xainin hiyləsini anladı. Təslim olmadan özünü şiş qayalara çırpdı, öldürmək istədi, ölə bilmədi, düşmənlər onu tutub əsir götürdülər, əl-qolunu zəncirlədilər. O gündən Şuşanın ürəyi qan, gözləri qan oldu. Sevgilisinin onu əsirlikdən qurtara biləcəyi günü gözlədi. Qarabağ isə şahinlərlə xəbər göndərdi, onu gözləməyə, təslim olmamağa, bir gün qovuşacaqlarına əmin etdi. Xain düşmən hər gün Şuşaya sovqatlar göndərir, onu yeni hiylələriylə ələ almağa çalışırdı. Şuşa- “ ölərəm, sənin olmaram”- dedi və ümidlə Qarabağı gözlədi.

Nəhayət bir gün Qarabağ yurdunun ərənlərini başına topladı. Onlar dərələrdən sel kimi, təpələrdən yel kimi, badeyi-sərsər kimi Qalaya yetişdilər. Qarabağ üzünü tanrıya tutub dedi: “Ədalətli  Tanrım, mənə kömək ol. Məni ya öldür, ya da Şuşama yetir!”

Tanrı onun haqq səsini eşitdi. Qalada qanlı döyüşlər getdi. Ər igidlər Qarabağla birgə mərdliklə, cəsarətlə vuruşdular, od saçan nəfəslərilə düşməni yandırıb kül etdilər. Qarabağ xain düşməni tapıb öz əllərilə məhv etdi, gözəlinə qovuşdu:

- Gözəlim, Şuşam! Sənin həsrətindən nuru öləziyən, az qala kor olan gözlərimə işıq gəldi, Elə bilirdim ki, ölmüşəm, səni görüb dirildim.  Sevincdən ağladım, hıcqırdım. Bizim qovuşmağımıza ruhlar da şad oldu.  Qulağıma Xanın, Bülbülün zəngulələri, ecazkar avazları gəldi. Üzeyir Qələbə marşını çaldı. Vaqifin qoşmalarını, Xan qızı Natəvanın qəzəllərini, Cıdır düzündə şahə qalxan köhlən atların kişnərtisini eşitdim.

- Könlümün məhbubu Şuşam! Səninçün o qədər darıxmışdım ki..Şükürlər olsun ki, Tanrı bizi bir-birimizə qovuşdurdu.

Beləcə Qarabağ Şuşaya qovuşdu. Göylər sevincdən ağladı.

Şuşa nağılı belə bitdi. O toy-büsatlı gecədə mən də oldum. Yedim, içdim, şənləndim. Ballı şərbət içdim, bığımdan axdı, amma ağzıma düşmədi. Göydən isə üç alma düşdü. Biri mənim, biri sənin, biri də nağılı söyləyənin. Sən sağ, mən salamat. Sən yüz yaşa, mən isə iki əlli. Hansı çoxdur özünə götür.  

 

“Ədəbiyyat və incəsənət”

(25.01.2024)