Əslində bərkimirsən, əslində hisslərini itirirsən...- DÜŞÜNDÜRÜCÜ Featured

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

 

İnsan zaman keçdikcə, çətinliklər addadıqca güclü olduğunu, bərkidiyini düşünür. Amma hərdən geriyə dönüb baxanda görürsən ki, güclənməmisən, əksinə zəifləmisən, daha da kövrəkləşmisən.

Çünki əvvəllər aşdığın çətinlikləri düşünəndə bəzən "Mən bunun öhtəsindən necə gəlmişəm?", "Mən bunu necə bacarmışam?" və ya "Mən buna necə dözmüşəm, necə səbr etmişəm?" deyirsən. "İndi olsa bəlkə bacarmaram" deyirsən.

Keçmişdə dözdüyün ağrılar bu gün sənə olduqca dözülməz görünür. Əvvəllər öhdəsindən gəldiyin çətinliklər yolunu indi kəssə, oturub uşaq kimi ağlıyarsan bəlkə çarəsizcə, taqətin olmaz ona qılınc çəkməyə.

Əslində bərkimirsən, əslində hisslərini itirirsən. Hissizləşirsən, həvəsini, istəyini itirir və biraz da laqeydləşirsən. Bəzən də qəbul edib barışırsan baş verənlərlə. Elə olub hə neynək, qoy elə də qalsın deyirsən. Bir yerdən sonra artıq toplamağa, toparlamağa çalışmırsan. Əvvəlkitək səy göstərib özünü boş yerə artıq düzəldə bilməyəcəyin şeylərə görə yormursan.

Qapını kölgə kimi arxanca sürünən səhvlərin, peşmanlıqların üzünə örtüb onları qapı arxasında qoyursan.

Və barışmaq duyğusu artdıqca mücadilə duyğusu azalmağa başlayır.

Əvvəllər kiçik bir səliqəsizliyə, nizamsızlığa belə dözməzkən, indi artıq onu özün yaradırsan.

Əvvəllər xaosdan qorxduğun, qaçdığın halda, indi onun haylı-küylü boş küçələrində heçnəyə məhəl qoymadan laqeydcə səndələyə-səndələyə addımlayan sərgərdan əyyaşı xatırladırsan.

Əyyaşın hər şeyi, özünü belə unudub sadəcə içkini düşündüyü kimi sən də zamanla sadəcə başının rahat olmasını düşünürsən.

Əyyaş hər şeydən qaçıb içki şüşəsi adlı zaman maşınıyla başqa bir aləmə seyr edir. Sən də əyyaş misalı dünyanın canı cəhənnəmə söyləyərək öz aləmində bəzən xəyallar, bəzən yuxular, bəzən kitablar, bəzən musiqilər, bəzən heyvanlar, bəzən də təbiət qoynunda hər şeyi unutduran məşğuliyyətlərinlə və ya işinlə, sənətinlə günbəgün rahatına düşgünləşirsən. 

Rahatına düşgünləşdikcə özündən qaçır, onsuz da kimsəsizlik duyğusundan əziyyət çəkən ruhunu daha da kimsəsizləşdirirsən.

Xaraba bir daxmada onu qaranlıq bir kimsəsizliyə məhkum edib, çağırışına karlaşır, özün də özünü ehmal edib heçliyə sürükləyirsən.

Vicdan bəzən sən bu deyilsən söyləyərək sənə əzab versə də, əyyaşın onu içkiylə susdurduğu kimi, sən də özünə görə bəhanələrlə vicdanının mühakiməsinə getməyi, onunla olan söhbətləri ertələyirsən...

 

“Ədəbiyyat və incəsənət”

(24.01.2024)