Şux sarı rəngli köynək və tünd yaşıl rəngli şalvar geyinmiş qoca - ESSE Featured

Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

Həyatımızın müəyyən zamanları var ki, bizə çox uzun və yorucu görünə bilir. Mən bu zamanlarda ən çox özümə ehtiyac duyuram. Özümlə tək başına sosiallıqdan uzaq bir gündə ətrafı müşahidə etməyi və məni yoran hər nədirsə bunun haqqında düşünüb, arxa plana atdığım təhlilləri edib ruhumu dinləməyi çox sevirəm. 

 

Elə bir neçə gün öncə yenə özümə belə bir zaman ayırmağı planlayıb universtitetə getmək üçün səhər tezdən evdən çıxdım, Sumqayıt-Bakı elektrik qatarına mindim. Mən Gənclik korpusunda oxuduğum üçün bir stansiya olsa belə qatardan düşüb metroya minməyə məcbur olduğumdan, yenə 28 May metrosuna beynimdə milyon fikirlə giriş etmişdim ki, məndən birazca qabağda gedən yaşlı kişi, şux sarı rəngli köynək və tünd yaşıl rəngli şalvar geyinmiş, qışa çox uyğun olmasa da, başında  panama papağı və əlində bir səbət dolusu rəngarəng çiçəklərlə keçidə doğru yaxınlaşdı. Üzünü görə bilməsəm də, qocanın siması və rəngli çiçəkləri məndə olduqca maraq doğurduğundan üzünü görməyə can atarmışcasına özümü ona yetirdim. Bəxtimdən elə onunla yanaşı keçid edəcəkdik ki, kartında balansının olmadığının fərqinə varıb, geri dönüb kartına gediş haqqı yükləmək istəyən zaman mən öz kartımla qocanı da keçirib eskakatora  doğru gedəcəkdim. Elə onu keçirən zaman üzünü mənə tutub illərdi görmədiyim, ancaq görmək üçün çox darıxdığım babama bənzəyən nurani siması ilə təşəkkür etdi,  cibindəki qəpikləri gediş haqqının əvəzi olaraq mənə uzatdı. Mən isə buna gərək olmadığını bildirib aşağı - eskalatora doğru getdim. Elə bu vaxtı da, yollarımızın kəsişməsindən dolayı mənə doğma gələn yaşlı kişi əlindəki rəngarəng səbəti ilə məndən iki pilləkən arxada dayanmışdı. Və anidən məndən evli olub-olmadığımı soruşdu. Subay olduğumu və təhsilimi davam etdirdiyimi deyəndə əlindəki gülləri mənə göstərib iri qəhvəyi gözləri ilə gülümsəyərək gülləri həyat yoldaşına aldığını bildirdi.

-Bilirsən, bu gün bizim 35-ci evlilik ildönümümüzdür və mən səhər oyanıb onun ən sevdiyi güllərdən ibarət bir səbət çiçəklə onu sevindirməyə gedirəm. Yəqin ki, məni görəndə öncə sevinəcək, sonra isə yenə çox incə olduğumu deyib gözləri dolacaq. Ailə gözəldir, qızım.

Qocanın bu cür saf sevgisi, həyat yoldaşına bağlılığı mənim sevgiyə olan inamımı biraz da gücləndirmişdi ki, o sözlərinə davam etdi.

-Bizim iki övaldımız var. Düşünürəm ki, onlar bu dünyaya gəlməyi seçə bilmədikləri halda biz onlara həyat vermişiksə, onlara örnək olub əsl insani duyğuları, sevgini və saflığı, düzgün əxlaqı aşılamaq bizim borcumuzdur. Hər halda bütün insanlar uşaq olanda valideynləri onlar üçün bir qəhrəman olur, o qəhrəman obrazını yaşatmaq isə bizlərin borcudur. Allah sənə gözəl təhsilli və tərbiyyəli bir həyat yoldaşı qismət etsin. Maşallah çox gözəl qızsan. O qədər seviləsən ki, mənim kimi, səni sevən insanın həyatında varlığı üçün tanrıya hər gün təşəkkür edəsən.

Nə deyəcəyimi, necə təşəkkür edəcəyimi bilmirdim. Aramızda keçən 5-cə dəqiqəlik dialoq mənim üçün çox dəyərli idi. Qarşımda bütün uşaqlıq xatirələrimi gözəlləşdirən babama bənzəyən bir adamın simasında gələcəkdə birgə qocalmaq istəyəcəyim insanın xəyallarımdakı yaşlılıq halını əks etdirən bir baba var idi. Onun düşüncəsi, incə və həssas qəlbə sahib olması məni çox təsirləndirmiş, dediyi hər söz yaddaşıma dərindən həkk olunmuşdu.

Qocaya xoş sözləri və gözəl düşüncələri üçün təşəkkür edib, uzun və xoşbəxt ömür dilədikdən sonra yoluma davam etdim. Ancaq o gün mənim bütün fikrim yaşlı kişidə, sözlərində, onun gözəl çiçəklərində, xanımının xoşbəxt olma ehtimalı üçün çalışmasında qalmışdı.

Bu sətirləri yaza-yaza sevginin gözəlləşdirdiyinə bir daha əmin oldum. Sevgi sağaldır, sevgi böyüdür, inandırır, gözəlləşdirir. Sevgi yaralara məlhəm olur, gülüşümüzü gözlərimizdən bəlli edir. Əgər hələ də, bu dünyada solan çiçəklərin ardından yeni rəngarəng çəmənliklər yaranırsa, o yerlərdə çiçəkləri sevən qadınların torpağı münbitləşdirib, yeni çiçək əkməyi, onları qoruyub, qədərində su verməyi bacaran həyat yoldaşları var deməkdir. 

 

“Ədəbiyyat və incəsənət”

(23.01.2024)