Sənin tablonu başqaları niyə rəngləsin ki? Featured

Rate this item
(14 votes)

Xədicə Əliyeva, "Ədəbiyyat və incəsənət"

 

Dünyada formalaşmış, adiləşib qəbul edilmiş sistem çox qəribədir.

Göz açarkən, səni nələrin gözlədiyindən bixəbər olursan. Həyatın bəmbəyaz, hələ heç bir rəngin dəymədiyi, boyamadığı bəyaz tablo, sən o tabloda yaranacaq rəsmin rəssamı olursan. Ətrafındakı insanlar isə hərəsi bir rəngi təmsil edir. 

 

Və işin qəribəsi, səndən başqa fərqli rənglərin ahəngini təmsil edənlər, həyat tablonda yer almağa, onu rəngləməyə çalışır. Onlara "bu mənim həyatım, mənim rəsmimdir, buraxın, onu istədiyim rənglərin ahəngi ilə boyayım" deyə bilmirsən. Ətrafındakı müxtəlif xarakterli insanların hərəsi bir rəngi təmsil etdiyi və səni öz xarakterlərinə uyğunlaşdırmaq üçün rəsmini istədiyi tərəfdən, istədiyi rəngə rəngləməyə çalışır, sonda isə öz yaratdıqları əsərdən şikayət edirlər. 

Rənglər qarışar, o qədər qarışar ki, rəsmin tanınmaz hala, ruhun qaranlığa məhkum olar. Niyə? Çünki sənin qan bağın olduğunu düşündükləri, dünyaya göz açmağında onların rolu olduğu üçün həmin tablonu sənə özlərinin aldığını zənn edir, sənin isə onu istədikləri kimi boyamağını gözləyirlər, hətta gözləməklə qalmaz, tələb edərlər. 

Sən isə özün nə istədiyini bilmədən, öz sularında üzmədən, onların dəryasında qərq olur, fikir karvanlarına qoşulub, səni hara aparacaqlarını bilmədən gedirsən. 

Səni istədikləri "həyat qəlibinə" uyğunlaşdırmaq üçün hərəsi bir tərəfdən tutub çəkir. Sonda bütün parçaların mənəvi olaraq onların əllərində qaldığını fərq edəndə, bu vəziyyətdə olmağının günahkarı yenə sən olursan. Dağılmış parçalarını birləşdirməyə, həyatdakı var oluşunu sorğulayaraq yaşamağa davam edirsən. Rəsmindəki fırça sənin əlində, sənin əlin isə onların düşüncələrinin məhkumu olan dəmir barmaqlıqlarda olur.

 

“Ədəbiyyat və incəsənət”

(17.01.2024)